“Təşəkkürlər, Türkiyə” - İstanbula 9 saatlıq səfər haqqında

“Təşəkkürlər, Türkiyə” - İstanbula 9 saatlıq səfər haqqında

9 saata neynəmək, hara getmək olar? Misal üçün, Bakıdan yola çıxarsan, Kürdəmirə çatanda nəfəsini dərib, toqqanın altını bərkidərsən və 9 saatın tamamında ya Qazaxa, ya da Gədəbəyə yetişərsən. Salyana gedib, balıq tutmaq, sonra geri qayıtmaq da mümkündü. Amma dünən bir qrup azərbaycanlı jurnalist bunların heç birini etmədi. Əvəzində onlar Türkiyənin və türk dünyasının göz bəbəyi sayılan İstanbula səfər etdilər. Onların cəmi 9 saat vaxtı vardı. Bu 9 saat ərzində azərbaycanlı idman jurnalistləri həm peşə borclarını yerinə yetirib, "Qarabağ”–"Vilyareal” oyununu yerindən işıqlandırdılar, həm də qardaş Türkiyəni Cümhuriyyət Günü münasibətiylə təbrik edib, son günlər verilən möhtəşəm dəstəyə görə xalqımızın təşəkkürlərini onlara çatdırdılar.

Ardıcıl yeddinci mövsümdü ki, "Qarabağ” Azərbaycanı avrokuboklarda layiqincə təmsil edir. Avropada ikinci belə bir nümunə yoxdu. Söhbət "köhnə qitə”də futbol dəbini müəyyənləşdiən "milyonçular”dan getmir. Azərbaycan çempionu nə "Barselona”dı, nə də "Bavariya”. Maddi imkanlarımız müqayisəyə gəlməz, heç futbol infrastrukturu və istedadlı yetirmələrimiz də. Amma fədakar "Qarabağ” artıq bu cür "top klublar” kimi qrup mərhələsinin daimi iştirakçısına çevrilib. Özü də təsadüfi qonağına yox, layiqli iştirakçısına. Çempionatında cəmi səkkiz klub yarışan, futbol təsərrüfatı xirtdəyəsən problem içində olan bir ölkə üçün möhtəşəm göstəricidi. Və "Qarabağ” bunu bacarır. Bu yeddi mövsüm ərzində "Qarabağ” həm də çox vacib bir jestiylə diqqət çəkir. Hər il qrup mərhələsinin azı bir oyununa azərbaycanlı idman jurnalistlərinin səfəri təşkil edilir. Zəhməkeş qələm sahibləri həm ayaqlarını Biləcəridən o taya qoyub, yeni şəhərlər kəşf etmək imkanı qazanır, həm də əcnəbilərə əzələ nümayiş etdirməyə çalışır. Əcnəbilər görürlər ki, Azərbaycan futbolunu yoxdan var edən təkcə "Qarabağ” deyil, həm də fədakar idman jurnalistləridi.
 
Koronavirus pandemiyasının gətirdiyi çətinliklər, əngəllər bu dəfə işimizi qəlizləşdirmişdi. Avropa yeni növ virusun əlindən dad edir, günü-gündən karantin sərtləşdirilir. Belə bir məqamda məlum məsələdi ki, futbolçuların səfərə getməsi xeyli əziyyət bahasına başa gəlir. Bu şərtlər altında həm viza almalısan, həm də tələb olunan müddət ərzində koronavirus testindən keçməlisən. Ən əsası, özünü yoluxmadan qorumalısan. Buna görə də "Qarabağ”dan İspaniyaya, İsrailə səfər təşkil olunmasını gözləməyə dəyməzdi. "Vilyareal”la ev oyununun İstanbula təyini dəqiqləşəndən sonra qələm əhlinin Türkiyəyə səfəri üçün hazırlıqlar görüldü. Burda da bir vacib məqam var idi. Koronavirus testi verildikdən sonra 48 saat ərzində İstanbula gedib-qayıtmaq vacib idi. Yeganə çıxış yolu səhər saatlarına İstanbula yollanıb, oyun bitəndən dərhal sonra geri dönmək olardı. Proqram da buna uyğunlaşdırıldı. Təyin olunan vaxtda hamımız Bakının beynəlxalq hava limanında idik. Bizi iki qitənin ayrıldığı yerdəki şəhərə aparan təyyarə saat 12:00-da havaya qalxmalı idi. Lakin bizim saydığımızla fələyin haqq-hesabı üst-üstə düşmədi. İstanbuldakı əlverişsiz hava şəraitinə görə THY-nin uçağı düz 2,5 saat gecikdi. Bu isə o demək idi ki, biz İstanbula yerli vaxtla 16:30-da çatacaqdıq. Oyunun start fitindən təxminən 4 saat əvvəl. Həmin 4 saatın da bir saatı nəhəng hava limanından çıxıb, şəhərə doğru istiqamətlənməyə xərcləndi. Stadiona da oyundan bir saat əvvəl getmək lazım idi. Belədə bizim ixtiyarımızda cəmi 2 saatlıq zaman qalırdı. Hələ gün ərzində boş qalan mədəmizdən gələn siqnalları da qəbul edib, həmin boşluğu da aradan qaldırmaq üçün nəsə fikirləşməliydik. 
 


Amma bütün bu çətinliklər, psixoloji gərginlik Fatih Terimin adını daşıyan Başakşəhər stadionuna gedərkən unuduldu. Zövqlə tikilmiş yeni stadiona aparan yollar türkiyəli qardaşlarımız tərəfindən xüsusi zövqlə bəzədilmişdi. Türkiyə və Azərbaycan bayraqları qoşa dalğalanır, yol kənarlarına asılmış şüarlardan "Qarabağ”a dəstək yağırdı: "Qardaş, səninləyik”, "Dualarımız sizinlədir”, "Qarabağ Azərbaycandır”. Biz də əvvəlcədən hazırlığımızı görmüşdük. Bakıdan özümüzlə "ay-ulduz”lu bayraqlar aparmışdıq. Arenanın protokol girişinə çatan kimi həmin bayraqları açdıq və üzərinə "Təşəkkürlər, Türkiyə” yazılmış pankartımızı. 29 ekimdə Cümhuriyyət Gününü bayram edən qardaşlarımıza vəfa borcumuzu belə ödəyib, təbriklərimizi çatdırdıq. Təəssüf ki, oyun azarkeşsiz keçirilirdi. Yoxsa təbriklərimizə coşqulu cavablar alar, dəstəyimizin daha geniş əks-səda verməsinə nail olardıq. Amma necə deyərlər, indiki şəraitdə buna da şükür.
 


Oyuna hamınız baxmısız. Ona görə də 90 dəqiqə ərzində meydanda baş verənləri yenidən şərh etmək istəmirəm. Ovusunun möhtəşəm qolundan sonrakı 5 dəqiqə ərzində "Vilyareal” səviyyə fərqini ortaya qoydu. Unay Emerinin əvəzetmədən meydana buraxdığı Pako Alkaserin "Sivasspor”la oyundakı kimi dubl etməsi məhz həmin səviyyə fərqidi. Qurban Qurbanovun əlinin altında Alkaser kimi top sehirbazı yox idi ki, yorğun futbolçuları rəqibdən geri qalmağa başlayanda onu meydana buraxsın... Bakıya yola düşmək üçün İstanbulun yeni hava limanına gələndə bizim saatla gecə saat 2 idi. Cəmi 9 saat əvvəl gəldiyimiz şəhəri tərk edirdik. Səhər hava işıqlananda Bakıya çatdır. Bu sətirləri bilgisayarın yaddaşına köçürəndə belə dünənki yorğunluğun və yuxusuzluğun təsiri altındayam. Ona görə də yazıda hərf səhvləri ilə qarşılaşsaz, müəllifi qınamağa tələsməyin. Təsəvvür edin ki, "Qarabağ”ın futbolçuları da beləcə yuxusuzluqdan və yorğunluqdan əziyyət çəkir. Hələ gözümüzün-qulağımızın cəbhədə olmasını, yaşadığımız psixoloji gərginlikləri, futbolun ikinci plana keçməsini demirəm. İki gün sonra isə "Keşlə”yə qarşı oynamaq lazımdı. Ardınca isə növbəti səfərin hazırlıqları görüləcək, "Sivasspor”la qarşılaşmaq üçün...

Amal ABUŞOV, Bakı-İstanbul-Bakı.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR