Tiflisdə döyülən azərbaycanlı azarkeş "Sport7"yə həmin insidentdən danışdı - FOTOLAR

Tiflisdə döyülən azərbaycanlı azarkeş
Dünən Tiflisdə keçirilən "Dinamo" (Gürcüstan) - "Qəbələ" (Azərbaycan) (2:1) oyununda azərbaycanlı azarkeşlərin yerli fanatlar tərəfindən döyüldüyünü ilk olaraq Sport7.az yaymışdı. İndi həmin münaqişədə xəsarət alanlardan "Sektor11" azad azarkeş qrupunun rəhbəri Atanur Cəfərlinin fikirlərini təqdim edirik.

O, Sport7.az saytının Tiflisə ezam olunmuş əməkdaşına münaqişə barədə bunları deyib:

"Biz Azərbaycan, Bozqurd bayraqları və azarkeş qrupumuzun şərfləri ilə stadiona tərəf gedirdik. Stadionun yaxınlığında bizə gürcü azarkeşlər hücum etdilər. Halbuki onlara heç bir söz atmamışdıq. Biz müqavimət göstərsək də, onların sayı çox idi. Əvvəl təxminən 10 nəfər olsa da, sonradan sayları artdı. 4-ümüz də xəsarət aldıq. Mən boynumdan zədə almışam. Qrupumuzun üzvü Zaur Əsədin gözü qızarmışdı. Həmin azarkeşlər bizi vuraraq əllərimizdəki atributları götürüb qaçdılar.

Bizi suçlayırlar ki, niyə bayrağımızı götürməyə imkan vermişik? Vallah, onların sayı çox olmasaydı, bizdən bayrağı almaq o qədər asan olmayacaqdı. Sadəcə, gözlənilməz hücumla qarşılaşdıq. Orda yerli polisin bu münaqişəni görməsi çətin idi. Çünki mən bilən, bu azarkeşlər bizi izləyib heç kimin görə bilmədiyi yerdə döyməyi planlaşdırmışdılar. Əynimizdəki paltarlarımızı cırdılar. Geyiniləsi hala düşmədi. Polisə müraciət etmədik. Amma "Qəbələ" rəsmiləri cırılmış paltarlarımızı "Dinamo" rəsmilərinə göstərdilər".

Sport7.az 

Xəbər lenti