"Titanik"dəki kasıbların futbol aləmindəki davamçıları - Onlar kimlərdir?

Şəxsi müşahidələrimə əsasən deyə bilərəm ki, kasıb insanlar əylənməyi varlılardan daha yaxşı bacarırlar. İnsan varlandıqca özünü çərçivələrə salır.
 
"Titanik” filmində də görürük ki, üst mərtəbədəki varlılar qara-qara taleyin hökmünün necə olacağını düşünürlər. Gəminin alt qatındakı kasıblar isə deyib-gülüb, əylənirlər. Nəticədə gəmi batıb hər kəs öləndə kasıblar son saatlarını ürəkdən əylənərək keçirdilər. Kinodan fraqment olsa da, həyatda da özünü əks etdirir. Elə real həyatda da yetərincə bu qəbildən olan müşahidələrimiz var. Pul özü ilə yeni çərçivələr də gətirib. Məsələn: yalnız səliqəli brend paltarlar geyinmək, bahalı içkilər seçmək, çəngəl-bıçaq dəstinin istifadə qaydalarını gözləmək.

Kasıb insanlar ən vacib şeylər haqqında düşünürlər. Onlara xoşbəxt olmaq üçün qarınlarını doyuzdurmaq və yaxınlarının sağlamlığı kifayət edir. Varlı təbəqə isə yeni çıxmış maşınların dərdini çəkir. Bizneslə məşğul olan, böyük pullar qazanan insanlar da var ki, təsəllini, rahatlığı musiqidə tapırlar. Bu, bir növ onların əyləncəsi, hərdən də bəzi dostlarından, sünilikdən qaçdığı istehkamı, sığınacağı ola bilər.

Cəmiyyət kimi futbol da bu anlamda iki cəbhəyə ayrılır: kasıb (zəif) və varlı (güclü) klublar. Və bir də ortabab komandalar var ki, onlar hazırda danışdığım mövzudan kənardı, onlar barəsində növbəti yazımda daha ətraflı söhbət açacağam.

Hazırda maliyyə hər bir işin canıdır. Nə qədər çox kapital qoya bilsən, deməli, biznes, həmçinin futbol klubu uğurlu olacaq. Zəif klubların illik büdcəsinə nəzər salsaq, uğurlu klubların büdcəsi qarşısında "semiçka pulu”dur. Burda söhbət daxili çempionatda və avrokuboklarda heç bir gözləntisi olmayan, tək arzuları elitada qalmaq olan klublardı. Buna misal olaraq "Palermo”, "Suonsi”, "Krotone”, "Real” Betis, "Deportivo”, "Dinamo” Drezden və s. klubları misal göstərmək olar.

Məğlubiyyətlə barışmaq və  iradəsizlik  bütün hallarda mənfi cəhətdir, ancaq reallığı da qəbul etmək lazımdır. Qəbul etməsən də, müəyyən şeylər var ki, onları dəyişmək heç cür mümkün deyil. Yuxarıda sadaladığım klubların azarkeşləri də çoxdan öz halları ilə barışıblar.

Mənə elə gəlir ki, "Spal” kimi komandanın azarkeşi A seriyasına vəsiqə qazanmağı daha böyük coşğuyla qeyd edir, nəinki "Real” azarkeşi az qala sayını belə itirdiyi Çempionlar Liqası Kubokunu növbəti dəfə klubun muzeyinə getməsini! Kasıbın kiçik gözləntiləri kiçik bir uğuru böyük bayrama çevirməyə əsas verir.

Bir də sizə çox vacib məsləhət verim: Bu tip klubların azarkeşi gördüyünüz anda əldən qaçırmayın, çalışın onlarla dost olun. Düzü, Azərbaycanda bu klublara azarkeşlik edənlər Qambiyadakı azərbaycanlıların sayından da azdır. Ölkəmizdə belə azarkeş görmək səhrada su tapmaq kimi bir şeydir. Bu adamlar çox təvazökar olurlar, həyatda bir çox haqsızlıq gördüklərindən təmkinli davranırlar, çox böyük utopik hədəfləri olmadığı kimi, azarkeşlik etdikləri klublar sayağı aza qane olmağı da bilirlər. Əsasən (mənim qarşılaşdıqlarım) çox intellektual insanlar olub, klubun tarixi, ideologiyası onları daha çox cəlb edir, nəinki saysız-hesabsız kuboklar.

Var olun, kiçik büdcəli, az uğurlu, ancaq mübarizəni dayandırmayan klubların azarkeşləri!
 
Mustafa Kamal
 
 
 

Xəbər lenti