Tomas Tuxelin sirri - QEYD

Tomas Tuxelin sirri - QEYD

Axşam "Mançester Yunayted" - PSJ matçından (0:2) sonra "twitter" başda olmaqla, sosial şəbəkələrə göz gəzdirəndə qonaqların baş məşqçisi Tomas Tuxelin ikinci hissədəki taktiki həmlələrlə matçın gedişatına təsir etdiyinə dair bir çox qeydə rast gəldim. Bir az dejavu oldu; Tuxelin "Maynts" dönəmi gözümün önünə gəldi.

Həmin ərəfələrdə alman mətbuatında Tuxelin mini-sirrinə dair fotolar yayılmışdı. Məlum olmuşdu ki, Tim Klots adlı kameraman alman məşqçinin göstərişi ilə matçların oynanıldığı stadionlarda ilk hissənin önəmli detallarını görüntüyə alırmış. Birinci hissələrin sonlarına yaxın Tuxelin köməkçisi Arno Mixels həmin görüntüləri nəzərdən keçirib, ən önəmli anları seçdikdən sonra Benni Veber adlı klub işçisinə onları tez bir zamanda təqdimat üçün hazırlamağı tapşırırmış. Yəni ilk hissədəki önəmli taktiki məqamlar artıq fasilədəcə Tuxelin əlində hazır olurdu.
 
 


Tuxel deyir ki, əvvəllər fasilələr zamanı ancaq özüm danışardım. Alman məşqçi sonradan bu üsul əvəzinə, görüntülü vasitənin daha effektiv olduğunu dərk edib. Nəticədə, Tuxel fasilə zamanı oyunçularına qısa bir müddət istirahət verdikdən sonra, sadəcə, kəsilib hazırlanmış videoları nümayiş etdirərək fikirlərini onlara çatdırırdı.

O dönəmi xatırlayanlar bilər, Tomas Tuxelin "Maynts"ının ikinci hissədə oyunda geridönüş etdiyi bir neçə matça rast gəlmək mümkündü.
 
Rüfət Məcid

OXŞAR XƏBƏRLƏR