"Top auta çıxdı və mən meydanda hönkür-hönkür ağlamağa başladım..." - Marselonun hekayəsi (I hissə)

Bu yazı Marselo tərəfindən "Players' Tribune" üçün qələmə alınıb:

"Nəfəs ala bilmirdim. "Liverpul"la oynayacağımız final matçının (2018, ÇL-in finalı) startına az qalmışdı, mən isə paltardəyişmə otağında özümü qorxutmamaq üçün əlimdən gələni edirdim.

Sanki sinəmin ortasında nəsə ilişib qalmışdı. Üzərimdəki təzyiq böyük idi. Bu hissin necə bir şey olduğunu bilirsiniz? Tipik gərginlikdən bəhs etmirəm. Futbolda gərginlik normal haldı. Bu, başqa bir şey idi. Belə deyim: boğulurdum.

Hər şey finaldan bir gün əvvəl, axşam saatlarında başladı. Nə yemək yeyirdim, nə də yata bilirdim. Sadəcə oyun barədə düşünürdüm. Dırnaqlarımı yeməyim həyat yoldaşım Klarisinin xoşuna gəlmir. Ona görə də illər əvvəl bu vərdişdən əl çəkmişdim. Gülməlidi, amma həmin gün səhər oyananda dırnaqlarımdan əsər-əlamət qalmamışdı: hamısını yemişdim.

Futbolda bir az gərginlik normaldı. Kim olduğunuz mənim üçün o qədər də önəmli deyil, final matçından əvvəl təşvişə düşmürsünüzsə, siz normal insan deyilsiniz. Adların bir fərqi yoxdu, o an insan altını batırmamaq üçün özünü güclə saxlayır. Bu, həqiqətdi.

"Liverpul"la oyundan əvvəl üzərimdəki təzyiq həddindən artıq çox idi. Ardıcıl iki dəfə Çempionlar Liqasının qalibi olduğumuz üçün, bəlkə də, dediklərim insanlara qəribə gələcək. Demək olar ki, hamı "Liverpul"un qalib gəlməsini istəyirdi. Ok, bəs problem nə idi?

Tarix yazmaq şansınız varsa, üzərinizdəki "yük" daha da artır. Daha əvvəl özümü heç bu qədər narahat hiss etməmişdim. Ona görə də nə baş verdiyini tam olaraq dərk edə bilmirdim. Həkim çağırmaq istədim, oynamağıma icazə verməz deyə, sonra fikrimdən daşındım.

100% oynamalı idim. Bəzi şeyləri özümə isbat etməli idim. Finaldan bir neçə gün əvvəl "Real"ın sabiq oyunçularından birinin televiziyada çıxış edərkən haqqımda dedikləri ağlımdan çıxmırdı. Jurnalist final barədə düşüncələrini soruşmuşdu, o isə belə cavab vermişdi: "Məncə, Marselo Məhəmməd Salahın posterini almalı, divardan asmalı və hər gecə ona baxaraq dua etməlidi".

12 illik karyeram ərzində 3 dəfə Çempionlar Liqasının qalibi olmuşdum. Bu, canlı yayımda mənə qarşı edilmiş hörmətsizlik idi. Dediklərini unuda bilmirdim. Eyni zamanda, həmin sözlər mənə motivasiya verdi.

Tarix yazmaq istəyirdim. Uşaq yaşlarımda Roberto Karlosa necə heyranlıqla baxdığımı xatırlayıram. Braziliyadakı uşaqların da mənə elə baxmasını istəyirdim. Saçlarını Marselo kimi uzatsınlar... - başa düşürsünüz?
 


Paltardəyişmə otağında idim, nəfəs almaqda çətinlik çəkirdim. Həmin an öz-özümə düşünməyə başladım: "Dünyada futbol oynayan neçə uşaq var? Onlardan neçəsi Çempionlar Liqasında final oynamağın xəyalını qurur? Yəqin ki, milyonlarla belə uşaq var. Sakitləş və butslarını geyin".

Meydana çıxandan sonra hər şeyin qaydasına düşəcəyini bilirdim. Mənim düşüncəmə görə, meydançada başıma pis bir şeyin gəlməsi imkansızdı. Xaos içində ola bilərsən, ətrafında müxtəlif şeylər baş verə bilər, amma top ayağındadısa, avtomatik hər şeyi bir kənara atırsan. Top ayağında olanda zaman dayanır, ətrafa sakitlik çökür.

Ota ayaq basanda hələ də nəfəs almaqda çətinlik çəkirdim. Öz-özümə düşündüm: "Cəhənnəm olsun, ölsəm belə, qoy, burada ölüm".

Bəlkə də, insanlar bu dediklərimin axmaqca olduğunu düşünürlər. Amma bu anın mənim üçün necə böyük məna ifadə etdiyini anlamalısınız. "Real"da oynamaq?; Çempionlar Liqasını qazanmaq? - uşaqlıq illərimi, hansı şəraitdə böyüdüyümü nəzərə alsaq, bunların xəyallarımda belə, real olmaq ehtimalı yox idi. Bekhem, Zidan, Roberto Karlos - bu adamlar mənim üçün Betmen idilər. Onlarla real həyatda qarşılaşa bilməzdim. Komiks qəhrəmanının əlini necə sıxasan axı? Nə demək istədiyimi başa düşürsünüz? Mənə görə, onlar havada gəzir, otun üstündə üzürdülər. Əslində, dəyişən bir şey yoxdu. İndi uşaqlar da bizi belə görürlər.

İndi danışacağım hadisə realdı. Madriddəki evimdə bir bağban işləyir, yaşı elə də çox deyil. Bir gün Roberto Karlos bizə gəldi. Onu görən oğlan donub qalmışdı - heykəl kimi. Roberto Karlosu təqdim etdim. Gözlərini mənə zilləyən bağban dilləndi: "Yox, ola bilməz". Roberto da söhbətə qoşuldu: "Mənəm: Roberto Karlos".

Dəqiqləşdirmək üçün ona toxunmağa başladı. Nəhayət Karlosun real olduğunu qəbul etdi. Bax, belə. Bu, tamamilə fərqli hissdi.

Yadımdadı, "Real"ın heyətində ilk dəfə Çempionlar Liqasında final oynayırdım. Himn səslənəndə öz-özümə dedim: "Həə, sanki "PlayStation" oynayırsan. İndi kamera sənə yaxınlaşacaq, gülməməyə çalış". Bu, mənim reallığımdı.

Qulaq asın, bir neçə il əvvəl ailəmi görmək üçün Braziliyaya getmişdim. Çempionlar Liqasının finalında istifadə olunan toplardan birini həvəskar futbol matçına apardım. Dostlarım futbol oynayırdı, birdən dilləndim: "Bu, finalın topudu, bilirsiniz?"

Bir anlıq zaman dayandı. Topa göydən gələn meteoroid kimi baxırdılar. Nəhayət səssizliyi pozdular: "Ola bilməz". Hamısı yetkin adamlar idi, aralarında uşaq-muşaq da yox idi. Bununla belə, bir müddət topun real olduğuna inanmadılar. Hətta ona toxunmaq istəmirdilər. Sanki dəyərli və ya müqəddəs bir şey idi.

İndi başa düşürsünüz? Onlardan birinin - Rioda böyüyən balaca Marselinyonun ardıcıl 3-cü dəfə Çempionlar Liqasını qazanmaq şansı var idi. Təzyiq, təzyiq, ancaq təzyiq... - iliyimə qədər hiss edirdim. Həqiqəti deməkdən qorxmuram.

"Liverpul"la oyundan əvvəl isinmə hərəkətlərini yerinə yetirəndə belə sakitləşməmişdim. Amma oyunun startı üçün top mərkəz dairəyə qoyulanda hər şey dəyişdi.

Müqəddəs top, göydən gələn meteoroid orada idi. Bir anda sinəmdəki ağırlıq qalxdı, sakitləşdim. Sadəcə topun təsir gücü idi. Oyun haqda çox şey danışa bilmərəm. Çünki sadəcə iki şeyi aydın şəkildə xatırlaya bilirəm.
 


Matçın bitməsinə 20 dəqiqə qalmışdı, 2:1 hesabı ilə öndə idik. Top meydanı tərk etdi, küncdən zərbə yerinə yetiriləcəkdi. Öz-özümə düşündüm: "Divarımda Salahın posteri, hə? Motivasiyaya görə çox sağ ol".

Oyunun final fitinin səslənməsinə 10 dəqiqə qalanda artıq 3:1 hesabı ilə irəlidə idik. Onda artıq çempion olacağımızı dərk etdim. Top auta çıxdı və düşünmək üçün zamanım oldu. İnanın mənə, düzünü deyirəm: meydanda hönkür-hönkür ağlamağa başladım. Daha əvvəl heç vaxt başıma belə bir şey gəlməmişdi. Oyunlardan sonra bir neçə dəfə göz yaşlarıma hakim ola bilməmişdim, mükafat alanda da eynisi olub, amma hansısa matçın gedişində ağladığımı xatırlamıram. Təxminən 10 saniyə davam etdi. Sonra topu kənardan oyuna daxil etdilər və özümə gəldim: "Rəqibin oyunçusunu tutmalıyam". Reallığa qayıtdım və oyuna davam etdim - uşaq kimi.

Biz - idmançıların öhdəliklərindən biri də insanlar üçün rol-model olmaqdı. Amma biz superqəhrəman deyilik. Ona görə də başıma gələnləri sizə danışıram. Bu, real həyatdı. Insanıq, hamı kimi, biz də bəzən qan itiririk, biz də arada təşvişə düşürük.

5 il ərzində 4 Çempionlar Liqası titulu... - hamısı çox çətin başa gəlib. Bizi əlimizdə titul, gülümsəyərkən görürsünüz, amma təəssüf ki, hekayələrin pərdəarxasını görə bilmirsiniz". (ardı var)

Tərcümə və tərtibat: Rüfət Məcid


OXŞAR XƏBƏRLƏR