Toz içində göyçək - YAZI

Toz içində göyçək - YAZI
İnandıq, dəstəklədik, arzuladıq... Nə bacarırdıqsa, onu da etdik. Yığmanın Kosovonu məğlub etməsi üçün meydana çıxıb qol vurmaq, ötürmə etmək, Səlahət Ağayevlə birlikdə qapıda dayanmaq şansımız olsaydı, onu da edərdik. Qurban Qurbanovun, onun meydana buraxdığı futbolçuların gücü yetərsiz oldu. Elə bizim verdiyimiz dəstək, etdiyimiz dualar da.

Hamımız birlikdə Kosovonu məğlub edə bilmədik. Biz onlara hələ Bakıda uduzmuşduq. Sentyabrdakı ilk oyunda. Maltayla görüşlərdə itirdiyimiz 4 xalla da qrupdakı əsas rəqibimizin çörəyinə yağ sürtmüşdük. Srağagün axşam isə ayağımız əsə-əsə çıxdığımız meydanda kötəklənən uşaqlara döndük, Kosovo da bizi elə yağlı tikə kimi uddu.

Bayraq, himn kimi dəyərlərə həmişə həssas yanaşmışam. Biz bu dəyərləri canımız qədər sevməli və qorumalıyıq. Dəyərlərimizə hörmətsizlik edənləri isə anında cəzalandırmalıyıq. Srağagün Priştinada himnimiz fitə basılanda qəzəbdən yumruqlarımızı sıxmışdıq, dodaqlarımızı çeynəyirdik. Bu məqamda fikirləşdim ki, kosovoluların belə davranışı bizimkilər üçün əlavə motivasiyaya çevriləcək, onlar qələbə andını içib, əsl cəngavərlər kimi sona qədər döyüşəcəklər. Amma özümüzü aldadırmışıq. Almeyda, Nazarov, Paşayev, Dadaşov, Bədavi Hüseynov belə "xırda” şeylərdən qəzəblənə bilməzdilər. Hətta istəsəydilər belə. Razıyam ki, heç qalan futbolçular da qulaqbatıran fitləri rəqibin başına enən yumruğa, qapısına vurulan qola çevirə bilmədilər. Heç birində o güc, o təpər tapılmadı.

Əksinə, millimizin üzvləri bu fitəbasma olayından daha da qorxuya düşdülər, həyəcana qapıldılar. Elə qapıldılar ki, onlar ayılmağa başlayana kimi rəqib qapımıza ilk qolu vurmuşdu. Sənə güvəndiyimiz Almeyda... Qapını görən belə bir nöqtədən rəqibə zərbə vurmağa imkan verərlərmi?! Sən də bu səhvi edəcəkdinsə, başqalarından - normal futbol məktəbi keçməyən, xüsusi istedadı ilə öyünməyən, dünyagörüşü kasad olan yerlilərdən fərqin nə oldu?

Onsuz da Fadil Vokrinin adını daşıyan stadiondakı görüşə böyük təzyiq altında çıxmışdıq. Milli üzvləri hər nə qədər uzun müddət avrokuboklarda çıxış etsələr də, mütləq qələbə arzusu ilə qazona ayaq basacaq və buna uyğun da oyun sərgiləyəcək qədər psixoloji hazırlığa, dəmir əsəbə sisteminə malik deyillər. "Bu oyunda mütləq qalib gəlməliyik” düşüncəsi futbolçularımızı əzməkdəykən himnimizin də fitə basılması təzyiqi daha da artırdı, oyun nizamı pozuldu. Arber Zenelinin 2-ci dəqiqə tamam olmamış vurduğu qol isə vəziyyətimizi qəlizləşdirdi, məğlubiyyəti qaçılmaz etdi. Bütün bunlar olmasaydı belə, bizim o məğlubiyyətdən qaça biləcəyimiz o qədər də inandırıcı görünmürdü...

İndi hər ağızdan bir avaz gəlir. Kimisi deyir tarixi şans əldən çıxdı, kimisi millimizin Kosovonu məğlub etməməsinə görə Qurban Qurbanovu suçlayır. Prosineçkini arzulayanlar, qələm sahiblərini cəsarətsizlikdə suçlayanlar da var. Hərəsi özünə görə haqlıdı. Amma heç biri demir ki, bizim Kosovo millisinin üzvləri kimi vitrinə qoyulası futbolçumuz yoxdu. "Qarabağ”ın və yaxud da "Neftçi”nin heyətində varlıq göstərənlər, bizim qaldırıb dağ başına qoyduğumuz futbolçular isə elə səkkiz komandalı Azərbaycan çempionatı səviyyəsindədilər, bizdən başqa heç kimə lazım deyillər. Yayda klublarımız "Baltsan”ın, "Proqress”in, "Uypeşt”in əlində əsir-yesir olanda, Avropa Liqasının elə birinci təsnifat mərhələsindən boynubükük geri dönəndə bu günləri görməliydik. Amma görmək istəmədik, özümüzü korluğa, karlığa, lallığa vurduq.

İndi də həmin prosesin davamıdı. Bizim futbolçular "Keşlə”nin heyətində "Baltsan”ın qarşısında aciz qalmışdılar. Sonra da elə həmin futbolçularla Malta millisinə bata bilmədik, "cırtdan”la iki oyunda qızıldan qiymətli 4 xal itirdik. Nə üçün reallıq hissini itirir, özümüzü göyün yeddinci qatından yerə enmiş adamlar kimi aparırıq? Olanımız budu, elə olanımıza da sahib çıxmalı, yerimizi bilməliyik. Göylərdə gəzməklə, buludların üzərində uçmaqla Azərbaycan futbolunun problemləri həll olunmayacaq. Bunu Qurban Qurbanovun təkbaşına bacaracağına da özünüzü inandırmayın ki, sonradan ikiəlli o kişinin yaxasından yapışıb, "bizi nə üçün Avropa çempionatının final mərhələsinə çıxarmadın” deməyəsiz. Yerə enin, yerdəki problemləri görün. Sonra da hamımız birləşək, o problemlərin həllinə çalışaq. Nə vaxtsa "Latsio”da, "Mançester Siti”də oynamağa layiq futbolçular yetişdirib, Qurban Qurbanovun (yaxud da milli komandanı çalışdıran başqa mütəxəssisin) sərəncamına versək, sonra ondan Kosovonu məğlub etməyi tələb edərik.

Futbolumuz başdan-ayağa kimi tozun, palçığın içindədi. O çirkabı təmizləməyə çalışın. Çirkabın içində gözəllik axtarmaqla deyil. Özümüzü aldatmağın sonu elə Priştinadakı kimi olur. Adamı göydən yerə dörd dəfə çırpırlar...
 
Mənbə: "Futbol+" qəzeti, Amal Abuşov

Xəbər lenti