Tural Axundov:

Tural Axundov: "Biz qorxaq futbol oynamırıq"

Mövsümə uğursuz başlayan və geridə qalan 5 turda cəmi 1 qələbə qazanan "Neftçi"nin istənilən səviyyədə çıxış etməməsi bu komandanı sevənlərdə haqlı narazılıq doğurub. Artıq "Neftçi"nin "Qarabağ"la oyunundan sonra əksəriyyət bu çempionatın da taleyinin həll olunduğunu və böyük ölçüdə mövsümün sonunda ağdamlıların qızıl medalları boynundan asacağını düşünür. Şübhəsiz belə nəticələr futbolçulara da təsirsiz ötüşməyib. Aşkar görünür ki, komandanın oyununda eniş, ruhsuzluq hökm sürür... Bəs bütün bunların səbəblərini necə izah etmək olar?

Komandanın əsas futbolçularından sayılan Tural Axundov Sport7.az-a müsahibəsində suallara aydınlıq gətirdi. 

- "Keşlə" ilə oyunda qol vurmaq üçün nə çatmadı? Ümumiyyətlə həmin matçla bağlı nə düşünürsən?

- Oyunu yüksək səviyyədə keçirmək istədik. Qırmızı vərəqə bizi bir qədər geri saldı. Buna baxmayaraq öz oyunumuzu oynadıq. Qol vəziyyətlərindən istifadə edə bilmədik. Hər oyuna qələbə üçün çıxırıq. 

- Geryenin qırmızı vərəqə alması oyuna ciddi təsir etdi?

- Əlbəttə, 11 nəfərlə mübarizə aparmaq daha yaxşıdı, nəinki 10 oyunçu ilə. 

- Oyundan sonra futbol ictimaiyyəti əsasən təcrübəli yerli futbolçulardan narazılıq edirdi. Təcrübəli futbolçular olaraq legionerlərlə vəhdət təşkil edib, komandanı öz arxanızca daşımalısız, ancaq bu nədənsə alınmır. Enişin səbəbləri nədi?

- Eniş deyəndə, hər bir futbolçunun daim eyni, stabil şəkildə oynaması mümkün deyil. Kim nə danışırsa danışsın, heç fikir vermirəm. Meydana çıxıb öz futbolumu oynayıram, "Neftçi" üçün vuruşuram. Başqa variantım da yoxdu. Azarkeşlər, kim nə deyir desin, öz oynumu göstərirəm. Buna da eniş deməzdim. Futbolçunun nə vaxtsa enişi və ya yüksəlişi olur. Legioner gəldi-gedərdi deyəndə, hər  futbolçu canını qoymalıdı. Onsuz da sonda gəlib yerlilərin üstün düşürlər. Komanda daxilində söhbətlərimiz olur, azərbaycanlı futbolçuları toparlamağa çalışırıq. Oynumuzu oynamaq, sona qədər vuruşmaq lazımdı. Azərbaycanlı futbolçularla bu haqda söhbətimiz olub. 

- Müdafiə xəttində də problemlər görünür. Məsələn, əvvəllər Mboj irəli atılırdı, qol vururdu. Son vaxtlar alınmır. Müdafiədəki problemlərlə bağlı nə düşünüsən?

- Deməzdim müdafiədə problemlər var. Ümumiyyətlə müdafiəyəmeyilli oynamırıq. Görürsüz ki, qol vəziyyətlərimiz olur, amma istifadə edə bilmirik. Bəlkə də bu bizi bir qədər "sındırıb".  İstifadə edə bilmirik, əvəzində qol buraxırıq. Ancaq, sırf müdafiə futbolu oynamırıq. 

- Mövsümə uğursuz başlayan "Neftçi"nin 5 oyunda cəmi 1 qələbəsi var. Bunun səbəblərini necə izah edə bilərsən?

- Hər oyuna 3 xal qazanmaq üçün çıxırıq. Ancaq yığışmalı, özümüzə gəlməliyik. Daha xal itirməməliyik. Hər oyun indikinin 5 qatını etməliyik ki, nəticə qazanaq. 

- Uğursuz starta Avroliqadakı nəticələr də yol açdımı? "Arsenal"la gözəl oyun, ardından "Bney Yehuda"ya məğlubiyyət... Bundan doğan psixoloji gərginlik hələ də qalır?

- Deməzdim Avroliqanın təsiri oldu. Amma... Bilmirəm... Vallah səbəbini özüm də bilmirəm. Bunların "Bney Yehuda"ya məğlubiyyətə görə olduğunu deyə bilmərəm. Azərbaycan çempionatı ilə Avropadakı oyunlar tam başqadı. Atmosfer fərqlidi. Oyun baxımından Avroliqaya çox istəkli çıxırsan, nəinki ölkə çempionatına. Ancaq, azərbaycanlı futbolçular dərk edir ki, ölkə çempionatında necə oynayıb, 3 xal qazanmaq olar. 

- Əksəriyyət düşünür ki, "Neftçi" son vaxtlar qorxaq futbol nümayiş etdirir. Bunun da səbəblərini baş məşçqinin müdafiəyəmeyilli oyun üslubuna üstünlük verməsi ilə əlaqələndirirlər...

- Biz qorxaq futbol oynamırıq. Hər oyunda 100 faizlik 4-5 qol vəziyyəti yaradırıq. Bəlkə də, istifadə edə bilmirik, sonra da öz qapımızda qol görürük deyə toparlanmaq mümkün olmur. Bəlkə də bu qollar vurulsa, hər oyun rəqibləri 4:0, 5:0 hesablı məğlub edərik. Problemimiz ondadı ki, qol vura bilmirik. Ancaq müdafiədən, qorxaq futbol oynamırıq.

- "Neftçi"nin hücum xəttində Dario, Monroz, Dabo kimi kifayət qədər yaxşı oyunçular var. Ancaq sanki bilərəkdən oynamırlar, ya da həvəssizdilər. Onların oyunu niyə alınmır?

- Həvəssiz oynamaları mümkün deyil. Çünki hər futbolçu "Neftçi"də, yəni Azərbaycanın ən köklü komandasında oynadığını dərk edir. Nəticəyə oynayan kollektivdi. Bizdə ayağını tutub, oynamaq istəməyən futbolçu olduğuna inanmıram. Mümkün deyil. Legionerlərin oyunun nə üçün alınmaması ilə bağlı heç nə deyə bilmərəm. Olur, futbolçudu. Heç bir futbolçu onların üstünə gedə bilməz ki, "niyə pis oynayırsan?". Hər şey kənardan görünür. Komandanın baş məşqçisi var, o hər şeyi qərarlaşdırır. 

- Komandada sanki ruhsuzluq hökm sürür. Sanki futbolçular nəyəsə görə oynamaq istəmirlər, həvəssizdilər. Oyuna köklənməklə bağlı problemlər var. Bəlkə psixoloq köməyi lazımdı?

- Psixoloqa ehtiyac yoxdu. Komandada əhval-ruhiyyə yaxşıdı. Sadəcə, ola bilər ki, yaxşı nəticə verməməyimiz bizi geri salır. Yığışmalıyıq, oynamalıyıq. İnşallah, gələcək oyunlarda yaxşı olacaq. 

- Futbol ictimaiyyətinin müəyyən hissəsi "Neftçi"nin "Qarabağ"la oyunundan sonra çempionatın taleyinin demək olar müəyyənləşdiyini düşünür. Bunun səbəbini "Neftçi"nin ötənilki kimi "Qarabağ"a dirəniş göstərə bilməməsi ilə əlaqələndirirlər və zəiflədiyini düşünürlər...

- Xeyr, belə düşünmürəm. Hələ qarşıda "Qarabağ"la, digər rəqiblərlə nə qədər oyunumuz var. Yığışmaq lazımdı. İnam itməyib, sona qədər vuruşacağıq. Futboldu, hər dəqiqə, hər saniyə, hər şey ola bilər. Öz futbolumuzu oynasaq, yaxşı olacaq. 

- Azarkeşlər komandadan küsüblər. "Forza Neftçi" 5 tur idi oyunlarınızı boykot etmişdi. Nə düşünürsən, bu 5 tur ərzində azarkeşlər tribunada olsaydı, nəticələrdə dəyişiklik baş verərdi?

- Hər komanda öz azarkeşləri önündə oynamaq istəyər. Bilmirəm bunlar nə ilə əlaqədardı. Biz futbolumuzu oynayacağıq. Azarkeş haqda da nəsə deməyim düzgün çıxmaz. Azarkeşlərin olması bizim üçün yaxşıdı. Bunun oyunumuza təsiri olur. Kömək edirlər. 

- Azarkeşlər "Neftçi"dən küsməkdə haqlıdı? Onlara nə demək istəyərdin?

- Başa düşürəm, istəyirlər ki, nəticə olsun. Nə deyim? Heç nə deyə bilmərəm. Onlara demək istəyirəm ki, 1-ci dəqiqədən, 90-cı dəqiqəyə qədər dəstəklərini əsirgəməsinlər. Başqa heç nə. Komandanın yanında olmaları yaxşıdı.

- "Qəbələ" ilə oyun üçün hazırlıqlara başlamısız?

- Əlbəttə, bu gün də məşq keçdik.

- Məşq necə keçdi? Motivasiya, özünəinamı bərpa etmək üçün kollektivə nə dedilər? Nə etmək lazımdı?

- Hər gün iclasımız, söhbətlərimiz olur. Yığışmaq lazımdı. Başqa heç nə. Komandada əhval-ruhiyyə pis deyil. Sağ olsun, rəhbərlik də dəstəyini əsirgəmir, arxamızdadılar. Futbolçular özlərini də kökləməyi bacarmalıdı. Elə bir oyunçu yoxdu ki, belə etməsin. Belə futbolçu yoxdu ki, çıxıb desin "bu gün belə olacaq, filan". Hər kəs dərk edir ki, bizə 3 xal, qələbə lazımdı.

- "Qəbələ"də baş məşqçi dəyişikliyi olub və canlanma var. Bu sizi narahat edirmi?

- "Qəbələ"nin necə oynadığını görmüşük. Yəqin ki, təhlil edib, oyunumuzu göstərəcəyik. 

- Qəbələ komandasının zəif çıxış etməsi sizdə "qələbə qazanacağıq" kimi hisslər yaradıbmı?

- Xeyr, meydana çıxıb oyunumuzu göstərib, 3 xalımızı qazanmaq istəyirik.

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR