Tuyqun Nadirov:

Tuyqun Nadirov: "Polis də Azərbaycan vətəndaşıdı, o da qanun çərçivəsində davranmalıdı"

Bu gün "Hilton” otelində AFFA Klublar Komitəsinin iclası keçirilib. Sport7.az saytının məlumatına görə, yeni mövsümöncəsi baş tutan toplantıdan sonra komitə sədri Tuyqun Nadirov jurnalistlərin suallarını cavablandırıb.
 
- "Qarabağ”ın iclasda iştirak etməməsinin səbəbini açıqlaya bilərsiniz?
- Onlar əvvəlcədən xəbər vermişdilər. Məsələlər haqda fikirlərini bildirib, imza etmişdilər. Həm "Qarabağ”, həm də "Qəbələ” avrokuboklarda mübarizəni davam etdirdiyindən, onlara gəlməmələrini təklif etdik. Düzdü, "Qəbələ” rəhbərliyi burda idi. Biz öz növbəmizdə onları təbrik etdik. Sevindirici haldı.
 
- Hansı məsələləri müzakirəyə çıxarmışdınız?
- Mövsüm öncəsi açılış iclası idi. İlk olaraq Premyer Liqanın yeni iştirakçıları olan "Kəpəz”, "Zirə” və "Rəvan”ı salamladıq. Onların gələcəkdə fəal üzvlərə çevriləcəklərinə, təkliflərlə çıxış edəcəklərinə inanıram. Çempionat zamanı yaranacaq suallar isə növbəti iclaslarda müzakirə olunacaq.
Klublar Komitəsi yarandıqdan sonra əsas məsələlərdən biri oyunların teleyayımı ilə bağlı tenderin keçirilməsiydi. Bu da uzun müzakirələrdən sonra həllini tapdı. İlk dəfə tender elan edildi, satışa çıxarıldı və CBC televiziya kanalı tərəfindən alındı. Təbii ki, bunun qarşılığında telekanal müəyyən məbləğ ödəyəcək və həmin vəsait klubların büdcəsinə keçiriləcək. Bu gün məbləğin az və ya çox olması mühüm deyil. Vacib olan dünyada mövcud praktikadan yararlanıb bu ənənəni başlamaqdı. Çünki klubların bir neçə əsas gəlir sahəsi var ki, biri də yayımdan gələn puldu. Yenə deyirəm, bu proses Klublar Komitəsinin məhsuludu. AFFA və PFL rəhbərliyi KK-nın müraciətini müsbət dəyərləndirdi, yekunda tender elan edildi. Gələcəkdə bu məbləğ yüz minlərlə yox, milyonlarla ölçüləcək. Əvvəllər klub televiziyalara pul ödəyirdi ki, gəlib oyunlarını yayımlasınlar. Sonra bu pulsuz edildi, amma yeni mövsümdən yayıma görə klublar müəyyən məbləğ əldə edəcəklər. Bu da sevindirici haldı.
 
- "Topaz” da PFL-lə yenidən sponsorluq müqaviləsi imzaladı. Ümumiyyətlə, yeni sponsorların cəlb edilməsi aktualdımı?
- Klublar da istəyir ki, çıxış etdiyi liqanın sponsoru olsun. "Topaz”ın rəhbərliyi ilə müəyyən danışıqlar aparıldı. Bu gün "Topaz” Premyer Liqanın sponsoru olacaq, vəsaiti də həmin quruma ödəyəcək. Klublar isə bu məbləğə müdaxilə etməyəcəklər. Ancaq yayım və digər məsələlərdə gəliri klublar götürəcəklər. Təbii ki, klubların da, PFL-in də gəlir mənbələri olmalıdı, əlavə xərclərdən qaçmalıyıq. Fəaliyyətimizdə daha diqqətli olmalıyıq. Yeni mövsümün maraqlı keçəcəyinə inanıram. Yarışı təşkil edən PFL-di, amma KK-də öz tövsiyələri ilə kömək edir.
 
- Son günlərdə polis əməkdaşlarının stadionlarda azarkeşlərə qarşı kobud rəftarının şahidi oluruq. Bu məsələnin qarşısını almaq üçün KK-də hansısa müzakirələr aparıldımı?
- Polis əməkdaşları da öz vəzifələrini yerinə yetirirlər. Ola bilsin ki, xoşagəlməz hadisələr baş versin. Azərbaycanda elə klub yoxdu ki, bu prosesi yaşamasın. KK-nin iclasında da AFFA, PFL və klublar bu məsələ ilə bağlı öz mövqelərini bildirdilər. Bu anlaşılmazlığı aradan qaldırmaq üçün oyundan öncə polis nümayəndəsinin, təcili tibbi yardım təmsilçisinin iştirakı ilə keçirilən iclas zamanı müəyyən müzakirələr aparılsın. Amma bunu daha yüksək səviyyədə etmək olar. Belə ki, mövsüm ərzində 2-3 dəfə AFFA, PFL, klubların birinci şəxsi səviyyəsində oyunlar keçirilən rayonların polis şöbəsinin rəisi, və ya təhlükəsizliyə cavabdeh şəxsin iştirakı ilə iclas keçirilsin. Qanun qarşısında hamı eyni məsuliyyəti daşıyır. Polis də Azərbaycan vətəndaşıdı, o da qanun çərçivəsində davranmalıdı. Belə hallar azarkeşləri küsdürə bilər. Biz indi yayımı müzakirə edirik ki, kütləviliyi artıraq, stadionlara daha çox azarkeş cəlb edək. Amma belə xoşagəlməz hərəkətlər azarkeşləri küsdürür. Oturub danışmalı, ortaq məxrəcə gəlməliyik. Xarici ölkələrdə stadionda polisin xidmətindən imtina ediblər. Amma bu gün biz onlara xahiş edirik ki, gəlib asayişi təmin etsinlər. Çünki hər cür təxribat baş verə bilər. Onların səyi nəticəsində oyunları təhlükəsiz keçiririk. Ancaq azarkeşlə olan xoşagəlməz hallara da yol vermək olmaz.
 
- Çempionatın startına 2 gün vaxt qalıb. Bunu əvvəldən müzakirə edib, tədbirlər görmək olmazdı?
- Vaxt az qalsa da, bu görüşlər keçiriləcək. Media nümayəndələri də hadisələri düzgün mövqedən işıqlandırmalıdılar.
 
- CBC kanalı ilk vaxtlarda paytaxtdakı oyunları yayımlayacaq...
- Kanal nümayəndələri avadanlıqları alıblar. Çox bahalı avadanlıqlardı və həm Bakıdakı, həm də regionlardakı oyunları yayımlamağa imkan verəcək. Ola bilər ki, bir turda 2-3 oyun nümayiş etdirilsin. Amma gələcəkdə stadionlarda stasionar qurğular da quraşdıra bilərlər. Belə olan halda hər dəfə texnikanı hansısa bölgədən Bakıya və ya başqa yerə daşımağa ehtiyac qalmayacaq. Oyunlar yayım xətrinə yayımlanmayacaq. Xarici ölkələrdən mütəxəssislər dəvət edilib. Onlar bir neçə ay burda oturub yayımın yüksək səviyyədə təşkil edilməsində iştirak edəcəklər. Kameraların sayı, eləcə də yayımın keyfiyyəti çox yüksək olacaq. Oyun zamanı statistik məlumatlar, birinci hissədən sonra müsahibələr olacaq, müzakirələr aparılacaq.
 
- "Xəzər Lənkəran”la "Neftçi” arasındakı görüşlər bir müddətdi rəqib azarkeşsiz keçirilir.Bu problemin yoluna qoyulması istiqamətində hansısa işlər görülürmü?
- Bu məsələ hazırkı iclasda müzakirəyə çıxarılmayıb. Növbəti toplantılarda müzakirə olunacağı istisna deyil. Çünki problem hər iki klubun rəhbərliyi arasında müzakirə olunub. Hər iki klub təhlükəsizliyi təmin etmək iqtidarındadı. Əvvəl nə olub, olub.
 
- KK-nın fəaliyyətində hansısa yenilik görsənirmi? Oyunların ancaq həftəsonu keçirilməsi, yayımlanması və s. kimi məsələlərdə...
- Oyunlar artıq həftəsonu keçiriləcək. Ola bilsin 2 yox, 3 gün ərzində olsun. Bunu PFL təyin edir. Əsas odu ki, ictimailəşməyə nə kömək edirsə, onu etməliyik. Hava şəraiti imkan versə, gələcəkdə oyunu bazar günü lap gunorta saatlarında da keçirmək olar. İngiltərədə saat 12:00-dan oynayırlar. Çünki insanlar stadiona həm futbola tamaşa eləməyə, həm də dincəlməyə gəlirlər.
Yeri gəlmişkən, "Xəzər Lənkəran” yeni kampaniyaya start verib. Mövsümün bütün oyunları zamanı neçə matalıq bilet almasından asılı olmayaraq, azarkeşlərinə 2 manat dəyərində pulsuz kontur paylayacaq. Bu mobil şirkətlə klub arasında aparılan danışıqların nəticəsidi. Bu da həvəsləndiricidi. Hələlik kontur biletdən ayrı veriləcək, amma gələcəkdə şifrə elə biletin üzərində olacaq. Çalışmalıyıq ki, azarkeşləri stadionlara cəlb edək. Komandanın heyətində 100 minlik də futbolçu ola bilər, 1 milyonluq da. Əsas gözəl oyun nümayiş etdirməkdi. (apasport.az)

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR