UEFA açıqladı: AVRO-2020 rəsmən təxirə salındı, azarkeşlərin biletləri...

UEFA açıqladı: AVRO-2020 rəsmən təxirə salındı, azarkeşlərin biletləri...

UEFA AVRO-2020-nin koronavirus pandemiyasına görə təxirə salındığını rəsmən açıqlayıb.

Sport7.az xəbər verir ki, bu haqda qurumun rəsmi saytında məlumat yer alıb. UEFA İcraiyyə Komitəsi tərəfindən verilən qərarlar, bu gün 55 milli assosasiyanın prezident və baş katibləri, eləcə də UEFA prezidenti Aleksander Çeferin tərəfindən dəvət olunan Avropa Klublar Birliyinin (ECA), Avropa Liqaları və "FIFPro" Europe nümayəndələri ilə keçirilən videokonfrans görüşlərindən sonra qəbul edilib. Bildirilib ki, koronavirusla əlaqədar yarış gələn ilin yayında baş tutacaq. Ümumiyyətlə həm kişi, həm də qadın futbolunda baş tutacaq yoldaşlıq görüşləri və digər beynəlxalq matçlar da təxirə salınıb. Martın sonunda keçirilməsi nəzərdə tutulan AVRO-2020-nin pley-off mərhələsinin oyunları vəziyyətə yenidən baxmaq şərtilə iyunun əvvəlində oynanılması nəzərdə tutulub. 
 
Bunlarla yanaşı klub nümayəndələrinin iştirakı ilə bu gün qəbul edilən qərarlardan sonra təqvimlə bağlı məsələləri yoluna qoymaq üçün xüsusi qrupu yaradılıb. 
 
UEFA prezidenti qərarla bağlı bunları bildirib: "Azarkeşlərin, işçilərin və oyunçuların sağlamlığı bizim üçün bir nömrəli prioritet olmalıdır və UEFA yarışların bu mövsümü təhlükəsiz başa vurması üçün bir sıra variantları müzakirə edib. Mən Avropa futbolundakı həmkarlarımın cavabından qürur duyuram. Əsl əməkdaşlıq ruhu var idi, hamı ən yaxşı nəticəyə nail olmaq üçün nəyisə qurban verməli olduqlarını qəbul etdilər. 
 
Avropa futbolunun idarəedici orqanı olaraq, UEFA-nın bu prosesə rəhbərlik etməsi və böyük qurban verməsi vacib idi. AVRO-2020-nin təxirə salınması UEFA üçün baha başa gəlir, lakin biz, 55 ölkədə kişi və qadın futbolunun inkişafı üçün əlimizdən gələni edəcəyik. Bu qərarı bütövlükdə Avropa futbolunun yaxşılığı üçün qəbul etmək rəhbər prinsipimiz olub. 
 
Futbol cəmiyyətdə canlandırıcı və güclü bir oyundu. Ona görə də Avropa stadionlarında oyunların azarkeşsiz keçirilməsi heç də sevindirici hal deyil və yarışın 60 illiyini qeyd etmək üçün bu qəbulolunmazdı.
 
Avropa Klublar Birliyinə, Avropa Liqalarına və "FIFPro Europe"a bugünkü böyük işlərə və əməkdaşlığa görə təşəkkür edirəm. 55 milli assosasiyaya, onların prezidentlərinə və baş katiblərinə, İcraiyyə Komitəsindəki həmkarlarımıza göstərdikləri dəstəyə və müdrik qərarlarına görə ürəkdən təşəkkür edirəm. Məsələnin kiçik detalları həftələrdə işlənəcək, lakin əsas prinsiplər razılaşdırılıb və bu, irəliyə doğru böyük addımdır. Hamımız məsuliyyətli lider olduğumuzu göstərdik. Həmrəylik və birlik nümayiş etdirdik".
 
AVRO-2020-nin bu il 12 İyun - 12 İyul tarixlərində Avropanın on iki şəhərində reallaşdırılması planlaşdırılırdı. Təklif edilən yeni tarixlər isə 11 İyun - 11 İyul 2021-di. Azarkeşlər də aldıqları biletləri qaytara biləcəklər. Belə ki, alınan biletlərin və paketlərinin nominal dəyəri tam olaraq geri qaytarılacaq. Növbəti ay ərzində geri ödəmə prosesi ilə bağlı əlavə məlumatlar mövcud bilet alıcılarına elektron poçt və "euro2020.com/tickets" vasitəsilə çatdırılacaq.
 
UEFA-nın kişi və qadın futbolu ilə əlaqədar digər yarışlarının tarixləri ilə əlaqədar qərarlar müəyyən vaxtlarda açıqlanacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR