UEFA baş katibin nəyinə "vurulub"?

UEFA baş katibin nəyinə

Təxminən bir ay əvvəl Qəbələdə ölkə kubokunun final qarşılaşması keçirildi. Təltifat mərasimində PFL prezidenti Ramin Musayev tək qalmışdı. Əvvəllər belə tədbirlərdə onun yanında birmənalı olaraq Rövnəq Abdullayev görünürdü. "Neftçi"ylə "Xəzər Lənkəran" arasında oynanılan finaldan sonra baş verən məlum hadisələrdən sonra cənab Abdullayevin ayağı stadionlardan kəsildi. Ötən ilin qaliblərini təbrik edərkən Musayevə AFFA-nın baş katibi Elxan Məmmədov yoldaşlıq etmişdi. Bu dəfə o da görünmədi. Baş katibin özünə əziyyət verib, Qəbələyə yollanmaq istəməməsi hər birimizin diqqətini cəlb etdi. Ertəsi gün qurumun mətbuatla əlaqələndiricisi, çox hörmətli Mikayıl Nərimanoğlu Elxan bəyin önəmli tədbirdə görünməməsinin "səbəblərini" açıqladı. Sən demə, baş katib gecəsini gündüzə qatıb futbolun inkişafına dair yeni Dövlət Proqramını hazırlamaqla məşğul imiş. Qəribədi ki, elə həmin ərəfədə Məmmədov mahiyyətcə "Top çiləmə festivalları"ndan heç nə ilə fərqlənməyən Yay Futbol Məktəbinin hansısa tədbirinə qatılmış, elə ordaca həmkarlarımın suallarını təbəssümlü simasıyla cavablamışdı.

Üzərindən bir ay keçəndən sonra baş katibin niyə Qəbələyə yollanmamasını araşdırmaq fikrində deyiləm. Sözümün canı başqadı. İş ondadı ki, iyulun ilk günü Məşqçilər Komitəsi toplanmalı, çox vacib məsələləri müzakirə etməliydi. Bunlardan da ən əsası Şahin Diniyevlə Şakir Qəribovun boşlatdığı kresloları kimlərin tutacağıdı. Bəs necə, Məşqçilər Komitəsi tam tərkibdə çalışmasa, ölkə futbolunun aqibəti necə olacaq? Belə vacib tədbiri təxirə salmaq üçün, uzaq olsun, gərək Bakıda hansısa təbii fəlakət baş verəydi. Təəssüflər olsun ki, nəzərdə tutulan vaxtda komitənin toplantısı keçirilməyib. MK sədri Vaqif Sadıqovun izahı belədi: "Assosiasiya rəhbərliyinin UEFA səviyyəsində sıx iş proqramı ol-duğuna görə görüş təxirə salındı". Barmağımı dişlədim. Çünki hamı kimi, mənim də xəbərim var ki, dünyada tayı-bərabəri olmayan baş katibimizə bugünlərdə yeni iş tapşırı-lıb. Elxan bəy Avstriya və Finlandiya futbolunun funksionerləriylə birlikdə İdarəetmə və Audit Komitəsinə üzv seçilib. Cənab Məmmədov UEFA-nın ayrı-ayrı sahələr üzrə fəaliyyətini, o cümlədən maliyyə məsələlərini audit edərək, qərarların icrasını və effektivli-yini müntəzəm araşdırmalı, Avropanın ali futbol qurumunun rəhbərliyinə hesabat verməlidi. Düşünürəm ki, bu təyinat UEFA-nın Azərbaycan futbolunun inkişafını gözü götürməməsinin, bizə qarşı növbəti təxribata hazırlaşmasının təzahürüdü. Necə yəni, baş ka-tibimizin Qəbələyə yollanmağa, Məşqçilər Komitəsinin üzvləriylə görüşməyə vaxtı yoxdu, amma UEFA onu öz qayğılarıyla "yükləyir". Bu boyda Avropada o qədər bekar futbol adamı varkən, niyə bizim Elxan bəyi məşğul edirsiz? İmkan verin, adam Azərbaycan futbolunun inkişafı üçün fəaliyyətinə davam etsin. Onsuz da baş katib gecə-gündüz çalışır, dincəlməyə vaxt tapmır.

Təklif edirəm ki, həmkarlarımız sözü bir yerə qoyub, Elxan bəyi UEFA-nın əlindən xilas edək. Qoy o da öz enerjisini futbolumuzun yolunda xərcləsin. Oturaq, futbol qurumuna ingilis dilində məktub yollayaq. Düzdü, həmin məktubda mənfi məqamları qabartmalı olacağıq, Elxan bəy buna görə bizdən inciməsin. Başqa çıxış yolumuz yoxdu. Yazaq ki, bizim baş katib özü rəhbəri olduğu AFFA-da şəffaf maliyyə hesabatları hazırlaya bilmir. AFFA-nın büdcəsini müxtəlif yollarla mənimsəyir. Almaniyada adı olan, özü olmayan futbol məktəbinə illərlə külli miqdarda pul ayrılıb, şəxsi ciblərə axıdıldı. Yalançı sənədlərlə işin üstü ört-basdır olundu. AFFA-nın qonaqları və toplanış zamanı futbolçular ancaq özlərinə sərf edən otellərdə məskunlaşdırılır, tibbi yoxlanışları birmənalı olaraq bəlli tibb mərkəzlərində keçirirlər. Heç bir hüquqi əsas olmadan Azərbaycan pasportunu özlərinə lazım olan əcnəbi futbolçulara paylayırlar. Futbol qurumunun büdcəsi hesabına alınan biletlərlə Elxan Məmmədovun dostları - məsələn, hüquqi baxımdan AFFA-ya heç bir aidiyyatı olmayan Kamran Quliyev - təyyarənin "biznes-klass" salonunda xarici səfərlərə gedir, beşulduzlu otellərdə gecələyir. Heç bir məntiqi və hüquqi izahı olmadan millinin üzvlərinə fantastik mükafatlar paylanır, sonradan həmin məbləğin müəyyən hissəsi "sə-bəbkarlar"a qaytarılır. Mən hələ nəqliyyat vasitələrinin icarəyə götürülməsi zamanı yol verilən nöqsanları, ofis ləvazimatlarına sərf olunan şişirdilmiş xərcləri, AFFA-nın mətbu orqanına ayrılan "xırda-para" məbləği demirəm. Qorxuram uzun olar, UEFA-da oturanların gözləri qaralar, şok keçirərlər. Elə iki-üç bəndi vurğulamaq kifayətdi. Əsas odu ki, Platini və onun yanında oturan məkrli niyyət sahibləri baş katibimizi rahat buraxsın.

Mənbə: "Futbol+" qəzeti

Xəbər lenti