UEFA Millətlər Liqasının formatı və tərkibi təsdiqləndi

UEFA Millətlər Liqasının formatı və tərkibi təsdiqləndi
UEFA Millətlər Liqasının divizionlarının tərkibi müəyyənləşib.

Sport7.az xəbər verir ki, Avropanın ali futbol qurumuna üzv olan 55 yığma 4 diviziona bölünüb.

Hər bir divizionda 4 qrup olacaq. Püşkatma mərasimi 2018-ci il yanvarın 24-də İsveçrənin Lozanna şəhərində təşkil ediləcək.

UEFA-nın son reytinq siyahısında Azərbaycan 40-cı yerdə qərarlaşdığından, D Divizionuna düşüb. Burada ümumilikdə 16 komanda yer alacaq. A və B Divizionunda hərəyə 12, C Divizionunda 15 yığma olacaq.

A Divizionu: Almaniya, Portuqaliya, İspaniya, Belçika, İngiltərə, Fransa, İsveçrə, İtaliya, Polşa, İslandiya, Xorvatiya, Hollandiya

B Divizionu: Avstriya, Uels, Rusiya, Slovakiya, Ukrayna, İrlandiya, İsveç, Şimali İrlandiya, Danimarka, Bosniya və Herseqovina, Çexiya, Türkiyə

C Divizionu: Rumıniya, Şotlandiya, Sloveniya, Macarıstan, Serbiya, Albaniya, Norveç, Yunanıstan, Monteneqro, İsrail, Bolqarıstan, Finlandiya, Kipr, Estoniya, Litva

D Divizionu: Azərbaycan, Makedoniya, Gürcüstan, Belarus, Ermənistan, Farer adaları, Latviya, Lüksemburq, Qazaxıstan, Moldova, Lixtenşteyn, Malta, Kosovo, Andorra, San Marino, Cəbəllütariq

Bu divizionlardakı ölkələr öz növbəsində 3 və ya 4 yığmadan ibarət qruplara bölünəcəklər. Qrup mərhələsinin oyunları 2018-ci ilin sentyabr - noyabr aylarında olacaq. Qrup qalibləri 2020-ci ilin martında yarımfinal və final oynayaraq, divizionun ən güclüsünü müəyyənləşdirəcəklər. Beləliklə, hər diviziondan bir komanda 2020-ci il Avropa çempionatına vəsiqə qazanacaq.

Daha 20 vəsiqənin sahibi isə 2019-cu ilin martında startı veriləcək Avropa çempionatının seçmə qrup mərhələsinin yekununda məlum olacaq. Burada 55 ölkə 5 və ya 6 komandadan ibarət 10 qrupa bölünəcək. Hər bir qrupdan 2 ən güclü komanda final mərhələsinə birbaşa vəsiqə qazanacaq.

2020-ci il Avropa çempionatı, Bakı da daxil olmaqla qitənin 13 şəhərində keçiriləcək.

Sport7.az

Xəbər lenti