UEFA rəhbərliyi Bakıda ağac əkəcək

UEFA rəhbərliyi Bakıda ağac əkəcək

UEFA-nın İcraiyyə Komitəsinin Sloveniyanın paytaxtı Lyublyanada keçirilən iclasında bir sıra vacib qərarlar qəbul olunub.
 
Sport7.az xəbər verir ki, Avropa Futbol Federasiyaları Assosiasiyası (UEFA) Millətlər Liqası ali divizionunda iştirakçıların sayını artırıb. Turnirin ali divizionu 12 komandadan 16-dək genişləndirilib və yığmalar hərəyə 4 komanda olmaqla 4 qrupa bölünüb.
 
Bundan başqa UEFA Avropa Liqasında VAR sistemi tətbiq olunmağa başlayacaq. Qərara əsasən 2019/20 mövsümündə VAR (hakimin video assistenti) texnologiyası Avropa Liqasının 1/16 final mərhələsindən başlayaraq istifadə olunacaq.
 
UEFA həmçinin üçüncü klub turnirinin adını da təsdiq edib. Çempionlar Liqası və Avropa Liqası ilə yanaşı keçiriləcək turnir Konfrans Liqası adlanacaq. Turnirin qarşılaşmaları cümə axşamları Mərkəzi Avropa vaxtı ilə 18:45 və 21:00-da başlayacaq.
 
Bunula yanaşı UEFA rəqabət üçün balansın qorumasını ilə bağlı xüsusi hesabatı da nəzərdən keçirib, Avropada mövcud olan beş liqanın qazanclarının digərlərinə nisbətən çox olması, bunun da bərabər rəqabətə maneçilik törətdiyi diqqətə çatdırılıb.
 
Digər qərara əsasən davamlı inkişaf siyasətinə uyğun olaraq və Avropa çempionatının 60 illiyi münasibətilə UEFA AVRO 2020-nin 12 şəhərində 600 min ağac əkiləcək.
 
Avropa Futbol Federasiyaları Assosiasiyası eyni zamanda danışılmış oyunlarla mübarizə üçün xüsusi agentliyin yaradılması niyyətini də açıqlayıb.
 
UEFA həmçinin qadınların stadiona girişinə qadağa qoyulan ölkələrlə də mübarizəyə başlayacaq və 55 assosiasiyaya tövsiyyə edəcək ki, öz oyunlarını belə ölkələrdə keçirməsinlər.
 
Sonda növbəti iclasın dekabrın 4-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilməsi qərara alınıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR