Uill Smit - Uilyams bacılarının atası rolunda

Uill Smit - Uilyams bacılarının atası rolunda

Tennis kulislərində son dönəmin haqqında ən çox danışılan mövzularından biri Zak Beylinin ssenari müəllifi olduğu "King Richard" filmidi. Filmdə Serena və Vinus Uilyams bacılarının atası, onları tennisçi kimi yetişdirən Riçard Uilyamsın həyatından bəhs olunacaq.

ABŞ mətbuatında yayılan son xəbərlərə görə, Riçard rolunu Uill Smitin oynayacağı gözlənilir. 50 yaşlı aktyor hazırda "Bad Boys for Life" filminin çəkilişlərində iştirak edir. Növbəti işini dəqiqləşdirməyə tələsməyən Smitin məhz bu proyektə xüsusi maraq göstərdiyi və hətta prodüserlərdən biri olmaq istədiyi bildirilir.

Hazırda ssenari hazırlıq etapındadı. "King Richard" filminin rejissorunun kimliyi isə hələlik məlum deyil.
 

 
Riçard Uilyams barədə

Tennislə heç bir əlaqəsi olmayan, sadəcə izləyici kimi ara-sıra matçları televiziya vasitəsilə təqib edən Riçard Serena və Vinusun tennisçi olması üçün bir çox şeyi fəda edib. O, Virciniya Ruziçini (rumın tennisçi) izlədikdən sonra qızlarını tennisə yönləndirmək qərarına gəlib. Uilyams bacıları hələ 4-5 yaşlarında olarkən, Riçard onların gələcəkdəki professional tennis karyerası ilə bağlı 78 səhifəlik plan hazırlayıb. Zamanla həm özü tennisi öyrənib, həm də Komptonun (Los Anceles ətrafında balaca şəhər) ictimaiyyətə açıq, biçimsiz, örtüyü çatlamış kortlarında qızlarına tennis öyrədib. Hətta buna görə ətrafda qızların idmanla məşğul olmasına qarşı çıxan kütlə ilə dəfələrlə münaqişələrə də girib.

Riçardın əziyyəti çox keçmədən bəhrəsini verib və bacılar özlərini tennis arenalarında göstərməyə başlayıblar. Serena 1999-cu ildə "US Open"in qalibi olub, bir il sonra isə Vinus Lindsey Devenportu məğlub edərək, "Uimbldon"u qazanıb. Məhz bu qələbədən sonra tribunalarda göz yaşlarına hakim ola bilməyən Riçard "Straight outta Compton" (demək istədiyi - "Qızım Komptondan gəlmədi", N.W.A-nın eyniadlı mahnısından götürülüb) deyə qışqırmışdı. O, hətta sevincdən Kris Evertlə rəqs də etmişdi.

23 "böyük dəbilqə" titulu qazanan Serena Uilyams hazırda bir çox tennis mütəxəssisi tərəfindən tarixin ən yaxşı qadın tennisçisi hesab olunur. Vinus Uilyamsın kolleksiyasında isə 7 "böyük dəbilqə" çempionluğu var.

 


Sport7.az

OXŞAR XƏBƏRLƏR