Unudulmaz oyunlara və nüfuzlu komandalara qucaq açmış stadion (VİDEOREPORTAJ)

Unudulmaz oyunlara və nüfuzlu komandalara qucaq açmış stadion (VİDEOREPORTAJ)

Azərbaycanda stadion infrastrukturunun inkişafı baxımından 2011-2012-ci illər xüsusən effektiv hesab oluna bilər. Təsadüfi deyil ki, Bakıdakı 17 yaşadək qızlar arasında dünya çempionatı ərəfəsində 4 yeni stadion - "Dalğa Arena", "Bakcell Arena", "ASCO Arena" ("Bayıl Arena") və Binə stadionu istifadəyə verilib. UEFA-nın maliyyə dəstəyi ilə inşa olunan Milli Komandaların Məşq Mərkəzi 2015-ci ilin sentyabrında tam hazır olub. Ölkənin ən böyük arenası sayılan Bakı Olimpiya Stadionunun tikintisi isə 2015-ci ildə başa çatıb.

2012-ci ildə AFFA-nın inşa etdirdiyi "Bakcell Arena” ilk olaraq 8-ci km stadionu adlandırılıb. Həmin il 17 yaşadək qızlar arasında dünya çempionatının bir neçə oyunu burada baş tutub. Mundial başa çatdıqdan sonra AFFA və "Neftçi”nin qarşılıqlı razılaşmasına əsasən arena paytaxt klubunun ixtiyarına verilib. Flaqman bu stadiondakı ilk matçını 2012/2013 mövsümünün XIII turunda "Sumqayıt”a qarşı keçirib və rəqibini 8:1 hesabı ilə məğlub edib. Bakcell ilə AFFA arasında bağlanmış müqaviləyə əsasən, stadion 2013-cü ildə əsaslı şəkildə modernləşdirilərək "Bakcell Arena” adlandırılıb.



Stadionun meneceri Kənan Minayev "Report”açıqlamasında bildirib ki, indiyədək 60 beynəlxalq, 116 yerli çempionat oyununu təşkil ediblər: "Menecer olmamışdan öncə "Neftçi”də işləmişəm və arenada inzibatçı kimi də çalışmışam. Bu arenada ilk olaraq 17 yaşadək qızlar arasında dünya çempionatı keçirildi. Daha sonra daxili çempionatın oyunları təşkil olunmağa başladı. Stadionda Avropa Liqası matçları və milli komandanın oyunları da baş tutub və istənilən beynəlxalq matçdan sonra yüksək rəy alıb. Bu baxımdan, heç bir problemimiz olmayıb. Qonaqlar hər zaman öz razılıqlarını bildiriblər. Həm UEFA nümayəndələri, həm də gələn xarici komandalar razı qalıblar. "Bakcell Arena”da İngiltərənin "Çelsi” və "Arsenal” kimi klublarının məşqləri olub. "Çelsi” "Qarabağ”la Çempionlar Liqasının, "Arsenal” isə Bakıdakı Avropa Liqasının final oyununa hazırlıq məqsədilə bu stadionu seçib. Hər şey yüksək səviyyədə təşkil olunub". 

Bütün bunlarla yanaşı, Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsindəki 4 ev oyununun hamısının "Bakcell Arena"da təşkili qərara alınıb. Son belə qarşılaşma noyabrın 16-da Azərbaycan və Uels yığmaları arasında olacaq. 



K.Minayev stadiona həm AFFA, həm də "Neftçi” klubunun yüksək səviyyədə diqqət göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, "Bakcell Arena" eyni gündə 4 komanda və 2 hakimlər briqadasını qəbul etməyə qadirdir. Meydanın uzunluğu 105, eni isə 68 metrdir. Bu isə stadionun bütün standartlara uyğun olduğunu göstərir. Konfrans otağı 70 jurnalist qəbul edə bilər. 17 skayboks da mövcuddur. Əlavə olaraq, burada 800-900 nəfər qəbul etməyə qadir VİP-tribunalar var. "Neftçi"nin matçlarını qonaqlar və sponsorlar skayboksda izləyirlər. Stadionun işıqlandırılmasına da, diqqət göstərilir. Hər yay mövsüm başlamamışdan öncə müvafiq şirkət gəlir və meydanın vəziyyətini yoxlayır, işıqlandırma sahəsinin genişliyinə nəzarət edirlər. 


Menecer "Bakcell Arena"da bir sıra unudulmaz oyunun olduğunu sözlərinə əlavə edib: "Əsas milli komandamızın Rusiya ilə matçını qeyd etmək olar. "Neftçi"nin avrokubok görüşlərini misal göstərmək olar. Millinin bu seçmə mərhələdə Xorvatiya ilə oyunu da unudulmaz olub. Yaddaqalan və gərgin oyunlarımız yetərincədir". 

"Bakcell Arenada "Neftçi” klubunun muzeyi və fan şopu da fəaliyyət göstərir. Muzeydə klubun titulları və tarixi əksini tapıb, sərgilənən eksponatların sayı 40-dan çoxdur. 2 otaqdan ibarət muzeyi ziyarət edənlər əvvəlcə komandanın yaranma tarixi ilə tanış ola bilərlər. Bundan savayı müxtəlif dövrlər haqqında məlumatlar, klubun prezidentləri, 16 ən yaxşı futbolçu haqqında məlumat, klubun tarixində rekord vurmuş futbolçuların adları, statistik göstəricilər və klubun müxtəlif dövrlərə aid loqoları göstərilib.



İkinci otaqda isə klubun SSRİ çempionatlarında geyindiyi formalar, müstəqillik dövründə qazanılmış kuboklar sərgilənir.

Kuboklar arasında "Neftçi"nin 2006-cı ildə MDB və Baltikyani ölkələrin Birlik Kubokunda qazandığı baş mükafat da nümayiş edilir. 1966-cı ilə aid stenddə isə komandanın SSRİ çempionatında qazandığı bürünc medal, istifadə etdiyi top, yekun turnir cədvəli, həmçinin həmin mövsüm mükafatlara layiq görülmüş əfsanəvi heyət haqqında məlumatlar sərgilənir. Bundan əlavə burada klubun yarandığı ilk dövrlərdə istifadə etdiyi dəri top və butslar da qoyulub.
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR