Unutmadığımız “niyə də yox” və qələbədən sonra cəsarətlənənlər

Unutmadığımız “niyə də yox” və qələbədən sonra cəsarətlənənlər

Amal ABUŞOV

Qələbə həmişə şirindi. İllərdi qələbə sorağıyla, zəfərin həsrəti ilə yaşayırıq. Təəssüflər olsun ki, nadir hallarda qismətimizə qələbə sevinci yaşamaq, bu sevincin şərbətindən sərxoş olmaq düşür. Ona görə də millimizin hər qələbəsinin toy-bayrama çevrilməsi normal davranışa çevrilib. Məğlubiyyətlərə öyrəşməyə məcbur olan, küsdürülən, incidilən azarkeşin milli komandasının qələbəsini ürək dolusu bayram etməyə tam haqqı var.

Futbol mütəxəssisləri də, idman jurnalistləri də qəlbinin dərinliklərində azarkeşlik duyğuları daşıyır. Çünki onlar da insandı, sevinmək istəyirlər. Amma belələrinin azarkeşlərdən çox mühüm fərqləri də var ki, bu fərqlərin də ən birincisi məsuliyyət hissidi. Daşıdığın məsuliyyəti unutmamalı, onun tələblərinə uyğun davranmalısan. Sənin işin təkcə sevinmək deyil, həm də problemləri işıqlandırmaq, səhvləri göstərməkdi. Hələ-hələ məğlubiyyəti, uğursuzluğu sıvamağa çalışıb, qəbahətlərə göz yummaq, qələbə zamanı ortaya çıxıb, tənqidçilərə meydan oxumaq heç bir əndazəyə sığmır. Qələbənin memarları var, mükafatlarını da alırlar. Deməli, məğlubiyyətlərin də günahkarlarını ortaya çıxarmaq, onların tənqid payını vermək də vacibdi. Tənqid etməyə üzün, sözün, cəsarətin olmayıbsa, susmağın məsləhətdi. 

Atalarımızın dostluqla bağlı yaxşı məsəlləri var: "Dost dosta tən gərək, tən olmasa gen gərək”, "dost dostun eyibini üzünə deyər”. Belə müdrik kəlamların sayını artırmaq da olar, amma elə ikisi də yetər. Biz Azərbaycan futbolunun, onun güzgüsü olan milli komandasının dostlarıyıq. Eyibləri üzə deyirik, səhvləri işıqlandırırıq. Çünki biz həmin səhvləri həll edib, daha yaxşı olmağa çalışmayınca, qələbələr ötəri və təsadüfi xarakterli olacaq, qismətimizə daha çox məğlubiyyətlərə üzülmək düşəcək. Millimiz Lüksemburqla oyunda biabırçı çıxış etmiş, haqlı məğlubiyyətə uğramışdı. Nə qırmızı vərəqə, nə avtoqolla penalti bu biabırçılığa haqq qazandırmaq üçün bəhanə ola bilməzdi. Məhz mətbuatın vicdanlı qisminin tənqidi, azarkeşlərin sosial şəbəkələrdəki qınağı futbolçuları qəflət yuxusundan oyatdı, onlar Nikosiyadakı oyunun ilk dəqiqələrindən özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar. Rəqibin səviyyəsi, bizə oynamağa imkan verməsi də işimizi asanlaşdırdı və 29-cu dəqiqədə Maksim Medvedev ustalığını göstərdi. Bu qol həm də kapitana qarşı son günlər aşıb-coşan qəzəbin üzərinə su səpdi. İkinci 45 dəqiqədə yaşadığımız çətin anlar, qolun davamının gəlməməsi problemlərin hələ də qaldığının göstəriciydi. Onların həllinə çalışmaq isə AFFA-nın və Canni De Byazinin bilavasitə borcudu.

Elxan Məmmədov Bakıya çatar-çatmaz "Report”a müsahibə verib, intonasiya həminkidi: "Komandamız Bakıdakı məğlubiyyətin ardından özünə gəlməli idi. Millətlər Liqasında ikinci oyunda və 10 aylıq fasilədən sonra qələbə qazanmaq önəmli idi. Təbii ki, baş məşqçi Canni De Byazi futbolçularla fərdi söhbətlər edərək, müvafiq qaydada tapşırıqlarını vermişdi”. Soruşan lazımdı ki, ay cənab vitse-prezident, Lüksemburqla oyundan sonra niyə danışmırdız, harda idiz? Nə üçün çıxıb məğlubiyyətə görə üzr istəmədiz, baş məşqçinin yeni olduğunu, məsuliyyətin AFFA-nın üzərində olduğunu demədiz?!

Prosineçkinin vaxtında ilk 3 oyuna 7 xal toplayanda "niyə də yox” şüarlarınndan qulaqlarımız tutulurdu. Nə vaxtsa FİFA reytinqində 73-cü pilləyə də yüksəlmişik, Foqtsla 9, Prosineçkiylə 10 xal da toplamışıq. Amma bu "uğurlar”ın heç biri sabit, qalıcı olmayıb, Azərbaycan futbolunu inkişafa doğru aparmayıb. Əksinə, aldadıcı nəticələr illərimizi və milyonlarımızı aparıb. Odu ki, gözümüzə kül, qulağımıza yalan üfürməyin. Qələbədən sərxoş olmaq yox, problemlərin kökündən həllinə çalışmaq lazımdı. Yalnız belə olan halda təsadüfi qələbələrlə özümüzü ovundurmağa möhtac qalmayacağıq.
 
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR