Alman futbolu zirvədə: Uşaq futboluna

Alman futbolu zirvədə: Uşaq futboluna "fransız" Almaniyada fransız modeli (II hissə)

1996-cı ilin avqustunda Almaniya Futbol Federasiyası növbəti dəfə Ditrix Vayzedən yardım istədi. Yığma komandanın baş məşqçisi Berti Foqts bir müddət idi ki, federasiyanın prezidenti Eqidius Braundan gənc futbolçuların inkişafına dair addımlar atılmasını tələb edirdi. Həmin illərdə federasiya gənclərdən ibarət milli komandaların çıxışını, demək olar ki, önəmsəmirdi. Aşağı yaş qruplarındakı futbolçuların inkişafı və ümumilikdə futbol təlimi tamamilə regional federasiyalar və klubların ixtiyarına buraxılmışdı.

Foqts regional federasiyaların hansısa bir klubla bağlantısı olmayan, istedadlı uşaqlarla çalışması nəzərdə tutulmuş federasiya nəzdindəki məşqçilərə iş verməsini istəyirdi. Digər tərəfdən, regional federasiyalar isə rəsmi Frankfurtun (Almaniya Futbol Federasiyası) onların işlərinə qarışmasının əleyhinə idi.
 


Nəticədə Braun həmin ərəfələrdə Lixtenşteyn yığmasının baş məşqçisi olan Vayzeyə futbol təlimi ilə bağlı layihə hazırlamağı tapşırdı. Vayze o anı belə xatırlayır:

"Braun mənə dedi: "DÇ-2006-ya ev sahibliyi etmək üçün namizədliyimizi irəli sürəcəyik. Artıq hazırlıq işləri gedir. Səsvermənin baş tutacağı günə qədər iddialı komanda formalaşdırmalıyıq. Əks təqdirdə namizədliyimizin uğurlu alınacağını gözləmək olmaz”.

Həmin illərdə istedadlı oyunçuların sayında müşahidə olunan azalmanın sosial faktorlarla əlaqəli olduğu düşünülürdü. Belə bir fikir formalaşmışdı ki, kompyuter oyunları və idman zallarının populyarlığının artması nəticəsində futbol arxa plana düşüb. Bəziləri isə gənc generasiyanın rahat olduğunu və Bosman qaydasından sonrakı dönəmdə Almaniyaya axın edən gəlmələrlə mübarizə aparacaq gücdə olmadıqlarını düşünürdü. Məsələn, 2001-ci ildə federasiya daxilində gənclərdən ibarət komandalar üzrə koordinator kimi çalışan (sonradan yığma komandada Rudi Föllerin köməkçisi oldu) Mixael Skibbe açıqlamalarından birində demişdi: "İndi Almaniyada heç kim idmanla məşğul olaraq cəmiyyətdəki statusunu qaldırmaq üçün cəhd göstərmir”.

Vayzeyə görə isə bütün bu danışılanlar axmaqlıqdan başqa bir şey deyildi: "Almaniyada istedad problemi yox idi, sadəcə, biz mövcud istedadları kəşf edə bilmirdik. Braunla söhbətimizdə bunu onun nəzərinə çatdırdım. Digər tərəfdən, kəşf etdiyimiz azsaylı uşaqların topla çalışmalarını və bacarıqlarını inkişaf etdirmək üçün lazımi şəraiti təmin edə bilmirdik”.
 


Vayze və Köln İdman Akademiyasının başqa bir məzunu, uzun müddət "Darmştadt”da oynamış Ulf Şott regional federasiyaları ziyarət etmək və ölkə daxilində digər idmanlarda aşağı yaş qruplarının necə idarə edildiyini öyrənmək məqsədilə bir neçə idman növünün ən tanınmış isimləri ilə görüşməklə işə başladılar. İkili doqquz ay davam edən araşdırmalar nəticəsində klublarla bağlantısı olmayan uşaqların qısa müddət ərzində "yoxa çıxdığını” öyrəndi. Klubların gözünə girmək üçün onların adları regional federasiyaların "elit oyunçular” siyahısına düşməli idi. Şott doqquz ay ərzində gördükləri işləri belə özətləyir:

"Gənclərin inkişafı baxımından regional federasiyalar arasında böyük fərqlər var idi. Bəzilərinin maliyyə mənbələri, bəzilərinin isə kifayət qədər personalı yox idi. Biz isə bu vəziyyətin ədalətli olmadığını düşünür və Almaniyada futbol oynayan hər uşağın digərləri ilə eyni şansa sahib olmasını istəyirdik. Bununla yanaşı, gördük ki, maliyyə cəhətdən kifayət qədər güclü olmalarına baxmayaraq, böyük klublar gənc oyunçuların inkişafına və ümumiyyətlə, aşağı yaş qruplarına önəm vermirlər. İstedadların müəyyənləşdirilməsi və inkişaf etdirilməsi üçün 115 regional mərkəzdən ibarət bir şəbəkə yaratmağı təklif etdik. Bu mərkəzlər 13-17 yaş aralığındakı futbolçularla məşğul olacaqdılar. Eyni zamanda, "elit oyunçular”ın siyahısnı hazırlayan rəsmilərə dəstək verib, onların 11-12 yaş qrupundakı oyunçularla çalışma imkanlarını artırmaq istəyirdik”.
 


1998-ci ilin yazında Almaniya Futbol Federasiyası ciddi maliyyə resursları tələb olunduğunu əsas gətirərək, bu layihəni rədd etdi.

Vayze: "Brauna ən azı 2,5 milyon alman markına (1,25 milyon avro) ehtiyacımız olduğunu deyəndə gözləri yerindən oynadı. Məndən məbləğin mənbəyini soruşdu”.

Ditrix federasiya prezidenti ilə söhbətində ona Almaniya futbolunun (və təbii ki, istedadlı oyunçuların) yaxşı məşqçilərə ehtiyacı olduğunu demişdi: "Regional federasiyalarda bir-iki istedadlı məşqçinin işləməsi problemləri həll etmək üçün yetərli deyildi. Boş vaxtlarında uşaqlarının komandalarını çalışdırmağı özünə hobbi hesab edən atalarla futbol inkişaf edə bilməz. Atalar  futbolumuzun problemlərini həll edə bilməzlər”.

Təəssüf ki, Vayze "ata” ləqəbli Braunu razı sala bilmədi. Şott federasiya prezidentinin mövzunu, "Görək, dünya çempionatında (Fransa-98) başımıza nə gəlir, ondan sonra baxarıq” deyərək bağladığını xatırladır.

Fransa-98-də Almaniyanın işləri qaydasında getmədi. "Bundestim" 1/4 finalda Xorvatiyaya 0:3 hesabı ilə uduzaraq mübarizəni dayandırdı. Nəticədə Berti Foqts postundan ayrıldı. Çempion isə illərdi müntəzəm olaraq gənclərin inkişafına və aşağı yaş qruplarına investisiya qoyan Fransa millisi oldu. Ancaq hər böhranlı vəziyyət, əslində, bir fürsətdi - Almaniyanın sonrakı periodda atdığı addımlar da bu ifadənin doğruluğunu isbatlayır.
 


Almaniya Futbol Federasiyası dünya çempionatının ardından Vayzenin təklifini həyata keçirmək qərarına gəldi. 121 regional mərkəzin yaradılması üçün 3,2 milyon alman markı (1,6 milyon avro) dəyərində vəsait ayrıldı. Bu mərkəzlərdə hər həftə 13-17 yaş aralığında olan 4 min oyunçuya məşqçilərin nəzarəti altında 2 saatlıq fərdi texniki çalışmalar keçirilirdi. Həmçinin 12 yaşadək olan 10 min uşaq elit məşqçilərin yanında futbolun sirlərini öyrənəcəkdi. Layihənin illik xərci 5,2 milyon alman markına (2,6 milyon avro) bərabər idi. Almaniya Futbol Federasiyasının gənclərin inkişafı üzrə məsul şəxslərindən olan Frants Bekkenbauer demişdi: "Bir müddət idi ki, bu plan üzərində çalışırdıq. Bir-iki xırda detalı dəyişdikdən sonra planı həyata keçirmək qərarına gəldik”.

"Kayzer” Fransa-98-də baş verənlərdən sonra Almaniya futbolunun Albaniya futboluna bənzəmək ehtimalından ehtiyatlandığını etiraf etmişdi. Şott isə layihənin reallaşma səbəbini belə izah edir: "Federasiyasının üzərindəki təzyiqin artması planımızın həyata keçməsini asanlaşdırdı”.

Vayze və Şott sözügedən mərkəzlərin qurulacağı uyğun yerləri müəyyənləşdirmək məqsədilə Almaniyanın hər tərəfini qarış-qarış gəzdilər və ən ucqar nöqtələrdəki klubları belə ziyarət etdilər. Ditrix qəsəbə bələdiyyələrini meydançaları mərkəzlərin istifadəsinə verməyə, sabiq futbolçuları isə bu mərkəzlərdə məşqçi kimi çalışmağa razı sala bildi. Mərkəzlər uşaqların və gənclərin ləvazimat və yol pullarını qarşılayırdı. Məqsəd yaşadığı şəraitdən asılı olmadan, hər alman uşağının və gəncinin "birinci sinif” futbol təlimi görməsini təmin etmək idi.

Vayze qeyd edir: "İstəyirdik ki, mərkəz yaşayış məskənlərinə uzağı 2,5 km. məsafədə olsun”.

Rəsmi Frankfurtun (Almaniya Futbol Federasiyası) metodlarını üstüörtülü şəkildə tənqid etdiyini düşünən bəzi regional federasiyalar bu plana qarşı çıxdılar. Şott sadəcə idarəetməni onların əlindən almaq istədiklərini deyir və əlavə edir: "Hər gəncin bərabər imkanlara malik olmasını istəyirdik. Bunu etməyin tək yolu bütün ölkədə keçərli olacaq məşq metodunu dizayn etmək idi”.

Daha sonra Vayze və Şott böyük skautinq sistemini işə saldılar. Ancaq klublarla bağlantıları olmayan gənc oyunçulara arada futbol təlimi keçmək təkbaşına standartları yüksəltmək üçün kifayət etmirdi. Elit futbolçuların daha müntəzəm təlim-məşq proqramına uyğunlaşdırılması şərt idi. Belə bir metodun necə tətbiq olunacağına dair ən yaxşı nümunə isə illər əvvəl federasiya nəzdində yaradılan akademiyalardan müntəzəm istifadə edən Fransa idi. 

Vayze və Şott fransız modeli haqqında məlumat əldə etmək məqsədilə Frankfurt "Ayntraxt"ının fransız-alman məşqçisi Qernot Ror və Alsas Futbol Federasiyasının prezidenti Ernest Jaki ilə əlaqə yaratdılar.
 


Şott: "O zamanlar fransız modeli dəbdə idi, ancaq Ror və Jaki bizə fransızlar kimi, federasiya nəzdində akademiyalar yaratmaq əvəzinə, Almaniyanın böyük klublarını daxili akademiyalarını formalaşdırmağa məcbur etməyin daha pozitiv nəticələr verə biləcəyini dedilər. Fransada yerli federasiya Klerfonten və bənzər akademiyaları yaratmış, daha sonra isə klubları öz akademiyalarını qurmağa məcbur etmişdi. Ancaq bir müddət sonra ən istedadlı oyunçular Liqa 1 klublarının akademiyalarına üstünlük verdiklərindən, federasiya akademiyaları kabus şəhərciklərini xatırladırdı”.

Yekunda Vayze, Şott və Bernd Pfaff fransızların akademiya modelini Almaniya şərtlərinə uyğunlaşdırmaq qərarına gəldilər. Bekkenbauerin də tərifini qazanan bu plan çərçivəsində federasiya nəzdindəki məşqçiləri "Bavariya”nın aşağı yaş qruplarından məsul şəxs – Verner Kenin, kiçik klubları isə "Frayburq”un aşağı yaş qruplarının rəsmisi – Andreas Rettinqin təmsil etdiyi komissiya formalaşdı. (ardı var)


Tərcümə və tərtibat: Rüfət Məcid


Sport7.az

OXŞAR XƏBƏRLƏR