Uşaq futbolunun söyüş problemi: Söyüşcül məşqçilərə hansı cəza verilməlidir? - I Araşdırma

Uşaq futbolunun söyüş problemi: Söyüşcül məşqçilərə hansı cəza verilməlidir? - I Araşdırma

AFFA İntizam Komitəsinin qərarları açıqlananda futbol ictimaiyyəti daha çox Premyer Liqa və I Divizion klublarına verilən cəzalara diqqət yetirir. Lakin aşağı yaş qrupları üzrə liqalarda yüksək dəstə ilə müqayisədə daha çox qalmaqal, daha çox diqqət cəlb edən məqamlar olur.

Bu məsələni tanınmış menecer Səbuhi Səfiyarlı gündəmə gətirib. Onun fikrincə, uşaq futbolunun böyük problemlərindən biri məşqçilərin davranış qaydasıdı. Belə ki, AFFA İntizam Komitəsinin hər həftə açıqlanan qərarlarının uşaq liqalarına aid bəndlərində demək olar ki, hər tur məşqçilər təhqirə, söyüşə görə cəzalanır. 

Buna sadəcə "təhqirə görə cəzalanıb" deyib keçmək olmaz. Çünki bu qeyri-etik ifadələr sadəcə sözdə qalmır, nə də bir neçə turluq cəza ilə kompensasiya edilə bilməz. Bu ifadələr məşqçilərin rəhbərliyi altında futbol öyrənən azyaşlı uşaqların yanında deyilir və müəllimini özünə nümunə götürən uşaqların psixologiyasına təsirsiz ötüşmür. 

Məsələnin ciddiyətini nəzərə alaraq Sport7.az saytı maraqlı araşdırma aparıb. Əvvəlcə problemi gündəmə gətirən Səbuhi Səfiyarlının fikirlərini öyrəndik. 
 


"Bu mövzu diqqətimi cəlb elədi. Böyük komandalarda da məşqçi söyüşə görə, hakimi təhqir etdiyinə görə 4-5 oyunluq cəza alır. Bu, anormal haldır. Yetkin kişilərlə işləyən komandalarda belə söyüş, təhqir qəbul olunmur, o ki, qaldı hərəkətləriylə, davranışlarıyla nümunə göstərilməli olan, metodist olmalı olan, uşaqlarla işləyən məşqçilərə. Ona görə də həmin məşqçilər davranışlarında diqqətli olub, ifadələrinə, özlərini aparmaqlarına fikir verməlidir. Bütün valideynlər övladının futbolçu olmasını istəmir. Burada biraz istedad məsələsi də var. Uşaq vaxtı çoxu 3-4 işlə birdən məşğul olur. İdman, rəsm dərnəkləri kimi bir sıra maraqlı məşğuliyyətləri olur. Amma bu o demək deyil ki, hamısı bu sahələrlə peşəkar şəkildə məşğul olacaq. Sadəcə uşağın başı qarışsın, hansısa müsbət vərdişlər formalaşsın deyə valideynləri onları futbola yazdırır. Və uşaq da gedib həmin o vərdişləri fomalaşdırmaq əvəzinə küçə söyüşləri öyrənir. Özü də kimdən - yaşca özündən qat-qat böyük olan məşqçidən. Bunu uşaqdan eşitsə, uşaq onun düzgün olmadığını dərk edə bilər. Valideynlər də deyər ki, filan uşaq tərbiyəsizdi, onunla oynama. Amma sən deyə bilməzsən axı, o məşqçi tərbiyəsizdi, onunla oynama. Bu, biraz gülməli çıxar. Halbuki onlar davranışları ilə göstərirlər ki, tərbiyəsizlik edirlər. Buna görə də onların cəzası 3-5 oyunla bitməməlidir, çox ciddi cəzalar tətbiq olunmalıdır. Mən özüm də elə məşqçilərin hərəkətlərini görmüşəm. Hakimlərə qarşı böyük aqressiya nümayiş etdirirlər. Valideynlər də qoşulur onlara, düşürlər hakimlərin üstünə. 

Uşaq futbolunda çox yanlış şeylər baş verir. Bir başqa məsələni də misal çəkəcəm. Uşaqlara nəticənin vacib olmadığı bildirilməlidir, bütün uşaqlar oynamaq şansı qazanmalıdır. 12-13 yaşlı uşağa demək olmaz ki, sən oynaya bilmirsən, amma filankəs oynaya bilir. Bəzi məşqçilər heç özlərini apara bilmir, hansısa uşağın yaxşı futbolçu olub-olmayacağını necə biləcəklər?! Adi elementar şeyləri bilmirlər. Ona görə də hesab edirəm ki, həmin məşqçilərə qarşı çox ciddi tətbirlər görülməlidir. O adamlar onsuz da futbol öyrədə bilmirlər, üstəlik uşaqların tərbiyəsini də pozurlar. Futbolumuzun vəziyyətini görürük də. Bu, ən yaxşı göstəricidir".

Maraqlıdır, görəsən klublarımızda bu məsələlərlə bağlı işlər aparılırmı? Hakimi və ya kimisə təhqir edən, söyüş söyən məşqçi  AFFA İntizam Komitəsi ilə yanaşı klub tərəfindən də cəzalandırılırmı? Ümumiyyətlə, uşaqlara pis örnək olan belə məşqçilərə qarşı necə addım atılmalıdır? Məsələ ilə bağlı olaraq klublarımızın da mövqeyini öyrəndik. 

Nurlan İbrahimov ("Qarabağ"ın mətbuat katibi): "Bu, doğru bir şey deyil. Bizim klubda təlim-tərbiyyə məsələsinə həmişə diqqət ayrılıb. Hətta illər öncə bizim akademiyamızda çalışan türk mütəxəssislərdən biri demişdi ki, əgər uşağın orta məktəb gündəliyində qiymətləri yaxşı deyilsə, onu futbola götürmək olmaz. Düzdür, söhbət təhsilin üzərinə gəlir, ancaq təhsil, təlim-tərbiyyə bunlar hamısı bir-birilyə bağlı olan məsələlərdir. Ona görə də məşqçi həmçinin pedaqoq olmalıdır. Biz bu məsələyə çox həssas yanaşırıq, belə hallara da imkan verməməyə çalışırıq". 

Rüstəm Allahverdiyev ("Neftçi"nin mətbuat katibi): "Təbii ki, yaxşı hall deyil. Klub olaraq biz də bu cür halların, xüsusilə uşaq komandalarında olmasına qarşıyıq. Klubun Akademiyasının daxili kodeksi var. Kodeksə uyğun olaraq kordinatiorlar hər bir addıma nəzarət edirlər. Kodeksdən kənara çıxma halları olduqda, müvafiq addımlar atılır".

Elnur Həmidov ("Sabah"ın mətbuat katibi): "Biz bu məsələlərə çox həssas yanaşırıq. Akademiyanın həm futbolçuları, həm də məşqçiləri ilə bu istiqamətdə daim söhbətlər aparılır. Əlbəttə, uşaqlar məşqçidən nümunə götürməlidir. Məşqçilərin bu cür davranışı azyaşlı futbolçulara mənfi təsir edir . Fikrimcə, bu, yolverilməz haldır. Klubumuzda belə hallar baş verəcəyi halda, müvafiq addımlar atılacaq".

Elmar Abdullazadə ("Zirə"nin mətbuat katibi): "Ümumiyyətlə, bizdə aşağı yaş qruplarında olan məşqçilərə ilk növbədə tapşırılan odur ki, biz futbolçudan qabaq şəxsiyyət yetişdirməliyik. Təlim-tərbiyə bizim üçün daha vacibdir. Bununla bağlı həm klub rəhbərliyi, həm də akademiya rəhbərliyi tərəfindən məşqçilərə tapşırıqlar verilir. Hansısa nöqsan olanda ciddi xəbərdarlıq edilir və daha sərt addımlar atılır".
 


Nail Kərimov ("Qəbələ” Futbol Akademiyasının direktor müavini ): "Bir neçə dəfə uşaqlara qarşı davranış məsələlərinə görə dəyərli dostları, həmkarları, məşqçiləri itirmişik. Bizdə məşqçilərdən konkret tələblər, uşaqlarla davranış qaydaları var. Bu davranışlar təhqir həddinə çata bilməz. İstər şifahi, istərsə də fiziki təmas olsun - təhqir həddinə çata bilməz. Əgər çatarsa, biz o məşqçiylə qeyd-şərtsiz yolları ayırırıq. İndiyə kimi iki belə nümunəmiz olub və təəssüflər olsun ki, biz əməkdaşlığı davam etdirməyib yarıda saxlamışıq. Bütün məşqçilərimiz bunu bilirlər. Bizdə həmçinin, məşqçilərimizin hakimlərlə münasibətinə də müəyyən çərçivələr tətbiq olunub. Elə bu çərçivələrin sayəsində uşaqların da hakimlərlə kontaktı azalıb və sırf hakimlərlə mübahisələrə görə alınan vərəqələrin sayı minimuma enib. Əvvəllər belə mənfi hadisələr olub. Məsələn, indi Premyer Liqada, I divizionda oynayan futbolçular var ki, sırf hakimlərlə münaqişələrə görə nə qədər yaxşı futbolçular olsalar da bizim akademiyadan uzaqlaşdırılıblar. Təbii ki, futbol emosiyalar oyunudur, emosiyalar üzərinə qurulub, heç vaxt tam soyuqqanlı bir kollektiv yarada bilməzsən. Futbolçuların bir neçəsi soyuqqanlıdırsa, digərləri emosional ola bilər. Bunun qarşısını alsan, futbol özü də maraqlı olmaz. Bu haldan heç kim sığortalanmayıb, istənilən klubun başına gələ biləcək bir şeydir. Amma fikrimcə, ən yaxşı həll yolu aqressiyanı minimuma endirməkdir. Əgər hardasa aqressiya varsa, orada istənilən mənfi halın baş vermə ehtimalı yüksəlir. Biz də o aqressiyanı minimuma endirməyin bir neçə yolunu fikirləşmişik. Onlardan biri məşqçilərin hakimlərlə və yaxud da digər yan təsirlərlə kontaktını azaltmaqdır.  Bunun sayəsində həm uşaqların yükü avtomatik olaraq azalır, həm də daha çox oyuna köklənmək, oyuna konsentrasiya olmaq imkanı yaranır. Təəssüf ki, bəzən aşağı yaş qruplarının əksər oyunlarında futboldan çox döyüş səhnəsi olur. Yaxşı bir futbol oyunu oynamaq, hansısa kombinasiya qurmaq, ara pası vermək, divar pası oynamaq yaddan çıxır, oyun ancaq qələbə uğrunda gərgin mübarizəyə çevrilir. Bu isə, aqressiyanı artıran məqamlardan biridir. Biz həmişə bunun qarşısını almağa çalışmışıq və alırıq. Həmçinin, futbolçuların əməl etməli olduqları intizam kodeksi var. Bütün valideynlər müqavilə bağlayanda həmin kodeksə də qol çəkirlər. O intizam kodeksləri akademiyamızın məlumat tablolarında yer alır, hərdənbir yenilənir və kodeksə əsasən bu qaydaları pozan futbolçular cərimə olunurlar. Bizim akademiyanın iş prinsiplərində də qeyd olunub ki, "Qəbələ" Futbol Akademiyası bütün futbolçuları hakimə, rəqibə, öz komanda yoldaşına, azarkeşlərə və ətrafı əhatə edən bütün şəxslərə qarşı hörmətcil olmalıdılar".

Veteran futbolçu, "Sumqayıt" klubunun baş məşqçisi Ayxan Abbasov isə bu məsələlərə ciddi yanaşmaq lazım olduğunu bildirib : "Bu, biraz uzun məsələdir. Burada sırf kimisə günahlandırmaq, ya onu bu hərəkətinə görə futboldan uzaqlaşdırmaq ağırdır. Çünki futbol emosional oyundur. Ən dahi məşqçilərimiz, təcrübəli mütəxəssislərimiz belə ani vəziyyət olur ki, özünü cilovlaya bilmir. Əlbəttə, uşaqlarla işləmək çox çətindir. Niyə, çünki orda məşqçilikdən əlavə sən müəllim, uşaqlar sənə müəllim kimi baxır, sənin hər davranışına, danışığına fikir verir. Əlbəttə, belə şeylər yaxşı nümunə deyil. Bu, futbolçularımıza pis təsir edə bilər. Gərək məşqçilərimiz ehtiyatlı olsunlar və buna səbəb olan məsələlərdə uşaqların da günahı olur. Amma o demək deyil ki, hansısa bir evdə uşaq gedib pis bir əməl edəndə valideyn onu sövq edib. İnanmıram ki, hansısa bir məşqçi uşaqlarına qeyri-etik bir ifadə işlətsin, ya hakimi vursun. Bu məsələlərə ciddi yanaşmaq lazımdır, ciddi cəzalar olur. Çalışmalıyıq bu futbolçuları itirməyək. Çünki indi futbolçu qazanmaq çətindir. Məşqçilərimiz onlarla fərdi şəkildə danışmalı, özlərini də nümunəvi göstərməlidirlər ki, o futbolçular həmin məşqçiləri ciddi qəbul edib və onlara qulaq assınlar".

Ardı var...
 
Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR