Uşaq futbolunun söyüş problemi: Söyüşcül məşqçilərə hansı cəza verilməlidir? - II Araşdırma

Uşaq futbolunun söyüş problemi: Söyüşcül məşqçilərə hansı cəza verilməlidir? - II Araşdırma

Sport7.az-ın uşaq futbolunda çalışan məşqçilərin söyüşə, təhqirə yol verməsi və bu halların uşaq psixologiyasına zərəri ilə bağlı araşdırmasının ikinci hissəsini təqdim edirik. 

İlk yazıda klubların məsələ ilə bağlı mövqeyini təqdim etdik. İkinci hissədə isə, söyüş, təhqirlərdən istifadə edən məşqçilər və onlardan örnək götürən, söyüş söyən, meydanda aqressivlik sərgiləyən uşaq futbolçular barədə mütəxəssislərin fikirlərini öyrəndik. 

İntizam Komitəsinin qərarları arasında söyüşə, təhqirə görə cəzalananlar sadəcə məşqçilər yox, futbolçular da olur. Nəinki oğlan futbolçular, hətta qızlar liqasında çıxış edən, millinin üzvü olan zərif cinsdən futbolçular da var.
 

 
Qadın futbolunda qeydə alınan bu problemlərlə bağlı görülən tədbirlərdən uzun illərdir bu sahədə çalışan, onların psixologiyasına bələd olan qızlardan ibarət millimizin baş məşqçisi Siyasət Əsgərov danışdı: "Qızlardan ibarət milli komandanın bütün yaş qrupu üzrə çalışan biz məşqçilər həm klub məşqçiləriylə, həm də liqanın təşkili şöbəsiylə sıx əməkdaşlıq edirik. Bəzən olur ki, biz hansısa oyuna gedirik deyə digər oyuna çata bilmirik. O zaman liqanın təşkili şöbəsi İK-nın qərarlar çıxan zaman dərhal bizim elektron poçt ünvanımıza göndərirlər. Biz isə iştirak etmədiyimiz oyunlarda millinin hansı yaş qrupu üzrə oyunçusu hansı səbəbdən sarı, qırmızı vərəqə aldığını maraqlanırıq. Məsələn, millimizin üzvü olan Kamila Məmmədovanın qırmızı vərəqə aldığını qeyd etdiniz. Mən Kamila ilə danışmışam, futbolçu orada qeyri-etik ifadə yox, aqressiv oyun olduğunu qeyd etdi. Nigar adlı digər qızla birgə 73-cü dəqiqədə aqressiv oyuna görə qırmızı vərəqə alıb. Bu, İK-nın qərarlarında da qeyd olunub. Görüş zamanı də dəfələrlə sərt oyun olub, hər iki tərəfdən bu kobudluqlar olub və şişib aqressiyaya dönüb. Düzdür, futbolda belə hallar olur, ancaq əslində olmamalıdır. Milli komandaların oyunçuları ümumiyyətlə, bu məsələrdə daha soyuqqanlı olmalıdırlar. Çünki kənardan onlar örnəkdir və A millinin oyunçusu bu məsələlərə diqqətlə yanaşmalıdır. Kamila ilə söhbətimdə də ona sözümü sərt şəkildə dedim, bir də belə hadisənin təkrarlanacağı təqdirdə cəza alacağını bildirdim. O da söz verdi ki, bu hal təkrarlamayacaq".

Ölkə futbolunun problemlərini daim diqqətdə saxlayıb, haqlı tənqidləri ilə futbol ictimaiyyətinin rəğbətini qazanmış tanınmış idman yazarı, "Komanda.az" saytının baş redaktoru Rəşad Ergün də bu məsələyə öz mövqeyini bildirdi: Bu uşaqların heç də hamısı gələcəkdə futbolçu olmayacaq. Bəlkə aralarından müəllim, həkim, jurnalist, başqa peşə sahibləri də çıxdı. İstənilən uşaq vətənin, cəmiyyətin gələcəyidir. O məşqçilər bunu anlamırlar. Onlar ümumiyyətlə, başa düşmürlər ki, yetişdirməyə çalışdıqları təkcə futbolçu deyil, həm də, ölkənin, xalqın gələcəyidir. Ölkənin, xalqın gələcəyini söyüşlə tərbiyə etmək olarmı? Bizdə istər uşaq məşqçiləri olsun, istər böyüklərlə çalışan mütəxəssislər olsun, istərsə də futbolçular olsun - əksəriyyəti savadsızdır. Savadsızlıq kobudluğa, söyüşə, təhqirə yol açır. Bizdəki futbol adamlarının savadsızlığına, cahilliyinə çarə tapmaq çətin məsələdir, amma uşaqları söyüşlə, təhqirlə idarə edənləri cəzalandırmaq olar. Özü də sərt cəzalarla. Məşqçi cəzalansa da söyüşdən əl çəkmirsə, hə, onun bağlı olduğu kluba da cəza tətbiq etmək olar. Bəlkə işini itirmək qorxusu bu adamların dillərinə yiyəlik etmələrinə kömək edər".

Bəs uşaq psixologiyası üzrə mütəxəssislər bu məsələ ilə bağlı hansı fikirdədir? Azyaşlıların yanında söyüş söyülməsi, örnək götürdüyü müəllimlərin ağzından təhqir eşitmək uşaqların psixologiyasına necə təsir edir? Söyüş söyən uşaqların bu davranışının qarşısını necə almaq olar? Bu sualları pedaqoq, tarixçi-alim Kamran Əsədov və uşaq psixoloqu Afaq Əmirliyə ünvanladıq. 
 


Kamran Əsədovun fikrincə, istənilən tədris prosesi ilə məşğul olan şəxs etik davranış qaydalarına əməl etməlidir. Bu, 2014-cü ildə qəbul edilmiş müəllimlərin etik davranış qaydaları haqqında qanunda nəzərdə tutulub. Fərqi yoxdur ki, o şəxs orta və ya ali təhsil müəssisələrində çalışır, və ya digər sahələrdə. Öyrədənin, pedaqoqun ilk vəzifəsi danışıq və davranışı ilə nümunə olmaqdır. Ona görə ki, o şəxs birbaşa cəmiyyət üçün vətəndaş, şəxsiyyəti yetişdirir. Nəzərə alsaq ki, idman məktəblərində məşqçilər korpusu tərəfindən bacarıq öyrədilən şəxslər sonradan müstəqil həyata, cəmiyyətə daxil olur və öyrədiləni, mənimsədiləni nümayiş etdirir, idmançı təkcə fiziki gücü ilə yox eyni zamanda cəmiyyətdə  davranışı, ifadələri ilə fərqlənməli, nümunə olmalıdır. Hesab edirəm ki, bütün idman növləri üzrə gənclərlə məşğul olan məşqçilər korpusu mütləq şəkildə buna riayət etməlidir. Çünki gənclər bir çox hallarda uğur əldə etmiş idmançıları özlərinə nümunə görürlər. Onsuz da hazırda cəmiyyət deqralasiyaya uğrayır, mənəvi aşınma, böhran yaşayırıq. Buna məşqçilər korpusu da dəstək, təkan verməsinlər. İdmançılamız həmişə nümunə olub, arzu edirəm ki, bundan sonra da belə davam edəcək.  Uşaqlarla, azyaşlılar ilə işləyən şəxslər diqqətli olmalıdır".

Afaq Əmirli isə qeyd etdi ki,  "Söyüş bir təhqir formasıdır və bunun dilə gətirilməsi  istər böyüklərdə, istərsə də kiçiklərdə yolverilməz bir haldır. Söyüş verbal aqressiyadır, aqressiv münasibətin, aqressiyasının bir təzahür formasıdır, davranış pozğunluğudur. Adətən, uşaqlarda aqressiv davranış gördükdə biz bunun kökünü araşdıranda uşaqın neqativ nümunəni aldığını görürük. Ya ailə daxilindəki insanlarda - ana-ata arasındakı münasibətın, ya da valideyn-övlad arasındakı münasibətin aqressiya üzərində qurulduğu aşkarlanır. Əgər hər-hansı bir insandakı bir münasibət bizim xoşumuza gəlmirsə, biz bunu konstruktiv şəkildə o insana çatdırırıq ki, sənin bu davranışın mənim xoşuma gəlmir, gəl, bunun bir həll yolunu tapaq. Amma əgər biz mənfi münasibətimizi təhqir formasında göstəririksə, burada qeyri-konstruktiv olacaq, müsbət nəticə əldə edə bilməyəcəyik. Biz adətən psixoloji müəyyən problemi olan uşaqları idmana yönəldirik, valideynlərə məsləhət bilirik ki, uşaqları idmana yazdırsınlar. Əgər uşağın ünsiyyət problemi varsa, öz yaşıdları ilə ünsiyyət qurmağı bacarmırsa, biz onları həmişə komanda şəkilli oyunlara - futbol, voleybol, basketbol və bu cür oyunlara yönəldirik. Təsəvvür edin ki, psixoloji problemi olan bir uşağı biz idmana yönəldirik və uşaq da gedib orada görür ki, məşqçi də söyüş söyür. Bu, uşağa iki qat travma olacaq. Yenə deyirəm, söyüş aqressiyadır, aqressiv davranış nümunəsidir. Biz həmişə sağlam rəqabətdən danışırıq ki, sağlam rəqabətin kökü sağlam münasibətdə durur. Amma, əgər burada qeyri-sağlam münasibətdən söhbət gedirsə, təbii ki, bu, uşaq üçün çox pis bir nümunədir. Uşaq da belə başa düşəcək ki, əgər kimsə bizim xoşumuza gəlmirsə, biz onu mütləq söyməliyik, təhqir etməliyik, bu şəkildə biz münasibətlərimizi aydınlaşdırmalıyıq. Bu isə, səhv bir şeydir, yolverilməzdir".

Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR