Uğurlar, Qurban hoca...

Uğurlar, Qurban hoca...
AFFA-nın bu gün keçirilən İcraiyyə Komitəsinin iclasında yığmamızın yeni baş məşqçisinin adına aydınlıq gəldi. Qurum rəhbərliyi Robert Prosineçkinin boş qoyduğu posta "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu təyin etdi.

O Qurban Qurbanov ki, uzun müddətdi rəhbərlik etdiyi "Qarabağ"la birlikdə azərbaycanlı futbolsevərlərə böyük sevinclər yaşatdı. Komandası ilə birgə öncə Avroliqanın, daha sonra Çempionlar Liqasının qrup mərhələsinə qədər yüksəldi. Bu həm də Azərbaycan futbolu üçün böyük xidmət, təkan deməkdi. Əlindəki futbolçulardan maksimum istifadə etdi, "Qarabağ"da ideal sistem yaratdı. Bəli, bunu "Qarabağ"ın maksimumu adlandıra bilərik. Hər halda, real yanaşsaq, komandanın yaxın gələcəkdə nə ÇL-in, nə də Avroliqanın kubokunu başı üzərinə qaldıra bilərdi. Bunlar hələ ki, bizim üçün əlçatmaz xülyalardı. Ürəkdən istəsək də, çətin olduğunu hamımız qəbul edirik. Qurban bəy bacardığından artığını da "Qarabağ" və Azərbaycan futbolu üçün edib. Bəlkə də yatsaq ÇL-in qrupunu, "Atletiko"nu, "Çelsi"ni, "Roma"nı yuxumuzda da görməzdik. Amma bunlar gerçəklikdi, reallıqdı. Sadəcə, bu turnirlərdə birinci, ən azı finalçı, yarımfinalçı olmaq hələ ki, yaxın gələcəkdə gerçəkləşəcəyinə ümid etmədiyimiz arzulardı. Çünki...

Avroliqa və ya Çempionlar Liqasının kubokunu qazanmaq, yaxud bu turnirlərdə, ən azı yarımfinala yüksəlmək üçün, maliyyə dayağın güclü olmalı, çempionatında minimum 18-20 komanda mübarizə aparmalı, uşaq futbolun kifayət qədər inkişaf etməli, əcnəbilər, səviyyəli klublar sənin futbolçuna maraq göstərməlidi. Üstəlik, dünya səviyyəli futbolçular da sənin ölkənə, çempionatına maraq göstərməlidi. Bunlarsız, irəli getmək isə qeyri-mümkündü. Yəni uzaqbaşı qruplarda var-gəl edə, ən yaxşı halda bir mərhələ adlaya bilərik. Uzun illər lazımdı. Azərbaycanda digər sahələrdə olduğu kimi, futbolda da bu perspektiv hələ ki, görünmədiyi üçün Qurban Qurbanovun seçimini düzgün dəyərləndirməliyik. 

Mətbuatda Qurbanın yığmaya təyin edilməsi ilə bağlı müxtəlif fikirlər yer alıb. Onun yığmaya təyinatından sonra "Qarabağ"ın hətta dağıla biləcəyini düşünənlər var. Hər kəsin fikirlərinə hörmətlə yanaşmaq lazımdı, amma məncə, bu doğru deyil. Komanda yaşayacaq və yenə də Azərbaycan futbolunda uğurlar qazanmağa davam edəcək. Sadəcə, Qurban bəyin qurduğu sistemi olduğu kimi davam etdirə biləcək məşqçiyə ehtiyac var. Bunu da onun köməkçiləri və ya "Qarabağ"ın oyun üslubunu yaxından tanıyan biri edə bilər.

İndi Qurban hoca yığmamız üçün çalışacaq. Ona dəstək verilməlidi. "Qarabağ"ın uğurlarının ən azı yarısını yığmamızda görmək üçün AFFA da dəstəyini göstərməlidi. Elxan Məmmədovdan tutmuş, AFFA rəhbərliyinə qədər heç kim Qurban bəyin işinə burnunu soxmamalıdı. Əllərindəki səlahiyyətlərdən istifadə edib özlərinin qohum-əqrabalarını, yaxud dost-tanışlarını yığmaya dürtməməlidilər. Hər yoldan keçənə pasport verib onu "azərbaycanlı" etmək də lazım deyil. Bu mənada Qurbanova güvənmək vacib şərtdi. Aşağı yaş qruplarına da bir başa təcrüəli mütəxəsis özü nəzarət etsə daha yaxşı olar. Ən əsası Azərbaycan futbolunun inkişafı düşünülürsə Qurban bəylə uzunmüddətli müqavilə bağlanmalıdı. Onsuz da yığmamızın yaxın gələcəkdə dünya və ya Avropa çempionu olmaq potensialı yoxdu. Bunun üçün də uzun illər lazımdı. Ən azı Berti Foqts qədər ona da güvənilməlidi. Əminliklə söyləmək olar ki, belə olacağı halda o milyonları "yeyib" AFFA-nın başında da "turp əkib" Azərbaycandan gedən Foqtsdan, uğurların davamını gətirə bilməyən Prosineçkidən daha çox fayda verəcək. Uduzan və ya qalib gələn də öz futbolçularımız olacaq. Ən əsası Qurban hoca yığmadan küsən azarkeşləri qaytaracaq. Yığmanın da oyunlarında "Qarabağ" kimi stadion dolacaq. Təbii ki, AFFA bunu istəyirsə...


Bu üzdən Qurban Qurbanova güvənmək lazımdı. Qısası yığmanın ona tapşırılması düzgün addımdı. Həm də uzun müddətdi millinin başında yerli məşqçi görmürdük. Artıq bunun zamanıdı. Bəlkə Azərbaycan futbolunu siz bir yerə çıxarasız, dərdinə dərman olasız. UĞURLAR, QURBAN HOCA!

Səbuhi NƏRİMANOĞLU

Xəbər lenti