"Uyğun komandanın "Neftçi" olduğu qənaətinə gəldik" - Sabiq "Qəbələ" rəsmisi

"Qəbələ" klubundan ayrıldıqdan sonra futboldan uzaq qalan menecer Səməd Nəsibov ötən gün "Neftçi"nin yeni sponsoru "Buta Global Enerji-Tekstil"in təqdimatı mərasimində iştirak edib. 

Bu vəziyyət futbol camiəsində onun paytaxt klubuna keçidi kimi anlaşılıb. 
 
Məsələni dəqiqləşdirmək üçün Səməd Nəsibovla əlaqə saxladıq. O, "Neftçi"də çalışıb-çalışmamasına Sport7.az-a açıqlamasında aydınlıq gətirdi:

"Bəli, bir az anlaşılmazlıq oldu. Bəlkə də elə orada izahat vermək lazım idi. Amma mətbuat konfransının mövzusu tam başqa idi deyə, heç kim məndən bu haqda soruşmadı və danışmağı lazımsız bildim (gülür)... Çoxdandır öz işlərimlə məşğul oluram. Yeni reklam agentliyi qurduq - "SaMedia". Elə daha çox onun işləri ilə məşğulam. Dünən "Neftçi" ilə müqavilə bağlayan "Buta Global" şirkətində də media və marketinq sahəsindən konsultasiya edirik. Yəni "Buta Global" xidmət verdiyimiz şirkətdir. Konfransda iştirak da buna görə idi". 

Səməd Nəsibov yeni fəaliyyətə başlayan reklam agentliyinin gördüyü işlərdən də bəhs etdi: "Son vaxtlar elə "SaMedia"nın işləri ilə məşğulam. Xidmət verdiyimiz şirkətlər üçün ssenarilər yazıb, reklam filmlərinin rejissorluğunu edirəm". 

Menecer şirkətin sponsorluq üçün "Neftçi" klubunu seçməsinin səbəbini və bir vaxtlar "Qəbələ" ilə "Sarar" şirkəti arasında olan müqavilənin qüvvədə qalıb-qalmasından da danışdı:

"Qəbələ" ilə "Sarar" arasındakı müqavilə qüvvədən düşüb. "Neftçi"nin müqavilə bağladığı "Buta Global" şirkəti ölkəmizdə telekommunikasiya, enerji və tekstil sahələrində fəaliyyət göstərir. Məsələn, AZAL şirkətinin də geyimlərini bu şirkət təşkil edir. "Sarar"ın ölkəmiz üzrə nümayəndəlik hüququ da bu şirkətdədir. "Buta Global" idman, daha dəqiq desək, futbol sahəsinə yatırım etmək istəyir. Komandalarımızın birinə geyim sponsorluğu etmək fikrində idi. Uzun müzakirələrdən sonra bunun üçün ən uyğun komandanın "Neftçi" olduğu qənaətinə gəldik". 

Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR