Van Deyk sıfırdan zirvəyə: Qab yuyan yeniyetmə, 20 yaşda ölüm təhlükəsi, Kumanın kəşfi...

Van Deyk sıfırdan zirvəyə: Qab yuyan yeniyetmə, 20 yaşda ölüm təhlükəsi, Kumanın kəşfi...

"Vircil van Deyk yeniyetmə illərində yarımştat olaraq yerli restoranlardan birində qab yuyarmış. Orta sıralarda qərarlaşan holland klublarından olan "Villem II"-də heç kim onda gələcək görmürmüş. Əksəriyyət tərəfindən çox sevilən biri olsa da, zaman-zaman xarakterindəki çətinliklər özünü büruzə verirdi. Alt yaş qruplarında birgə çalışdığı məşqçilərdən Robbi Hendriks onu "balaca siçovul" adlandırırdı. Qısası, "Villem II"-in ona professional müqavilə təklif etmək niyyəti yox imiş.

Zamanı bir az irəli verək. 2019-cu ilin yaz ayları, 27 yaşlı van Deykin İngiltərədə ilin ən yaxşı futbolçularına təqdim olunan mükafatlardan hər ikisini qazanacağı gözlənilir. Onlardan birində qalib hollandiyalının həmkarları, yəni futbolçuların səsverməsi nəticəsində müəyyənləşir, digər mükafatda isə İngiltərə Futbol Yazarları Assosasiyasının üzvlərinin fikirləri əsas götürülür. "Liverpul" son 29 il ərzində ilk liqa titulunu qazanacaqsa, sözsüz ki, bu, xüsusilə də van Deykin sayəsində mümkün olacaq. Uzun müddət tələb edən və tədricən özünü göstərən yüksəliş - planlaşdırma, ithaf və şansın qarışığı - pikinə yaxınlaşır. Bəs, görəsən, van Deyk necə belə yaxşı futbolçu ola bildi?

Van Deykin yüksəlişi 17 yaşına qədəm qoyduğu 2008-ci ilin yay aylarına təsadüf edir. O zaman hollandiyalı 18 sm. boy atmışdı. Özü etiraf edir: əvvəllər yavaş, balaca, diz problemləri yaşayan və stopper olmaq üçün tələb olunan özəlliklərdən məhrum sağ cinah müdafiəçisi imiş. Yeni halı ilə - 1.95 m. boy, 92 kq. çəki - isə o, 90-cı illərin ortalarında yolu "Villem II"-dən keçmiş başqa bir iri müdafiəçini - Yap Stamı xatırladırdı. Bununla belə, van Deyk əsas komandaya yol tapa bilmirdi. Klubun fikrincə, müdafiəçinin çatışmazlıqları saymaqla bitmirmiş. Bu barədə rezerv komandanın baş məşqçisi Edvin Hemans holland qəzetlərindən "Trouw"-a açıqlama vermişdi.

Başa düşüldüyü kimi, "Villem II" gənc istedadlara şans vermək baxımından o qədər də fərqlənmirmiş. Zamanında akademiyanın gənclərindən biri olan Frenki de Yonq da heç vaxt əsas komandanın parçası ola bilməmişdi. O, 18 yaşında "Ayaks"ın sıralarına qoşulmuş və hətta icarə əsasında "Villem II"-yə geri döndükdən sonra belə, ümumilikdə 20 dəqiqə oynamaq imkanı əldə etmişdi. İndi isə de Yonq "Barselona"da oynamaq üçün gün sayır.

Kuman ailəsinin müdaxiləsi olmasa, bəlkə də, van Deyk indi tam ştat əsasında qab yuyurdu. Martin Kuman - bir zamanlar Hollandiya millisində oynamış futbolçu və Ervin-Ronald Kuman qardaşlarının atası - skaut kimi, 18 yaşlı futbolçunu ata-baba klubları olan "Qroninqen" üçün kəşf etmişdi. Nəticədə 2010-cu ildə van Deyk heç bir transfer haqqı ödənilmədən şimala üz tutdu. Avtomobil idarə etmək ixtiyarı olmadığına görə rezerv komandanın məşqlərinə velosipedlə gedərmiş. Mövsüm boyunca "Villem II"-də eyni zamanda həm rezerv, həm də U-18 komandasında oynadığı üçün həddindən artıq yorğun idi. Bu səbəbdən "Qroninqen" ona matçlarda oynamaq imkanı tanımırdı. Həmin zamanlarda təkcə van Deyk "Qroninqen"in əsas komandasında oynamağa hazır olduğunu düşünürdü. Həmişə olduğu kimi, heç kimin onu önəmsəmədiyi zamanlarda belə, o, özünə qiymət qoyurdu.
 


Nəhayət, 2011-ci ilin 29 mayında - 20-ci doğum günündən üç ay əvvəl və dörd dəfə əvəzetmədən oyuna daxil olduqdan sonra, "ADO Den Haaq"la oyunda o, ilk dəfə əsas komandanın start heyətində debüt etdi. Bu, onun karyerasının gedişatını müəyyənləşdirdi: sonradan, demək olar ki, getdiyi hər komandada ilk gündən etibarən "sütunlar"dan birinə çevrilirdi.

Problemlər yox deyildi. Xüsusilə də 20 yaşında ikən baş verənləri qeyd etmək lazımdı. Az qala, van Deyk dünyasını dəyişəcəkdi. Dəqiq diaqnoz qoyulmayan tibbi problemlər dalğasının sonunda o, özünü Qroningen hospitalında təcili yardım palatasında uzanmış halda tapdı. Peritonit və böyrək zəhərlənməsi aşkarlanmışdı. Van Deyk sonralar "Voetball International" jurnalına açıqlamasında demişdi: "Yataqda uzandığımı xatırlayıram. Tək gördüyüm şey borular idi. Bədənim məhv olmuşdu. Heç bir şey edəə bilmirdim. Həyatımda ilk dəfə idi ki, futbol kənar faktor idi. Anamla birlikdə mümkün ssenariləri gözdən keçirir, Allaha dua edirdik. Sənədləri imzalamalı idim. Ölsəm, məvacibimin bir hissəsi anama çatacaqdı. Ölümlə üz-üzə idim və bu, xoş deyildi".

Ancaq çox keçməmiş o, yaşıl meydanlara qayıdır...

Van Deykin "Qroninqen"dən komanda və ev yoldaşı Tim Körntyes artıq o zamanlar Vircilin mərkəz müdafiəçisi olmaq üçün bütün özəlliklərə - bədən quruluşu, hündürlük, bacarıq - sahib olduğunu deyir. Yəqin ki, yeniyetmə illərinin böyük bir hissəsində cılız olması artıq onun üçün bir üstünlük idi. Çünki o yaşlarda mövqeyini itirəndə sərt müdaxilələr və sprint hesabına vəziyyətdən çıxmağı imkansız idi. Məcburiyyətdən futbolun holland versiyasını öyrənməli, hər saniyə öz-özündən soruşmalı idi: "Görəsən, indi doğru yerdəyəm?"; "Sonrakı addım nə olacaq?"

"Qroninqen"in məşqçisi Robert Maskant onun başqa bir özəlliyinin fərqinə varmışdı: van Deyk tənqidlərə açıq idi. Sürətli öyrənmə prosesi davamlı hal almışdı. Qəribədi ki, kiçik klublardan birində oynayan və gec inkişaf edən bu müdafiəçi hələ də zirvəyə yüksələcəyinə inanır, sadəcə, zəif nöqtələrini inkişaf etdirməli olduğunu düşünürmüş. Əslində, "Qroninqen"dəki rəqabət səviyyəsi aşağı olduğundan, onun üzləşdiyi ən böyük problem konsentrasiya problemi imiş. Bu mənada o, isteriya və stressin insanı fokuslanmağa məcbur etdiyi elit futbol üçün yaradılmışdı.

Hər iki ildən bir van Deyk səviyyə adlayırdı. 2013-cü ildə artıq növbəti addım üçün hazır idi. Vircil əvvəlcə "Brayton"un, sonra isə əla maddi şərtlərlə "qapını döyən" "Krasnodar"ın təklifini rədd etdi. Səbəb sadə idi: o, Hollandiyanın ən böyük klublarından birinin sıralarına qoşulmaq istəyirdi. Ancaq təəssüf ki, onlar van Deyklə maraqlanmırdılar. Hollandiyanın 21 yaşadək futbolçulardan ibarət yığmasında İtaliyaya qarşı keçirdiyi bərbad bir oyun digər komandalar üçün istinad nöqtəsi olmuş, nəticədə Vircil onlar tərəfindən haqq etdiyi dəyəri görməmişdi.

"Voetball International" dərgisinin məlumatına görə, "Qroninqen" tərəfi van Deyki təklif etmək üçün "Ayaks"ın texniki direktoru Mark Overmarsla əlaqə saxlasa da, sabiq holland futbolçu təklifi geri çevirmişdi. Əvəzində Overmars başqa bir gənc stopper - Mayk van der Horna üstünlük vermişdi. Hazırda van der Horn Çempionşipdə mübarizə aparan "Suonsi"də çıxış edir, van Deyk isə "Liverpul"da Çempionlar Liqası və Premyer Liqa titulları uğrunda mübarizə aparır.
 


Proseslərin davamı olaraq van Deyk 2013-cü ildə "Seltik"in sıralarına qoşulur. Startdan etibarən şotland klubunu "tramplin" olaraq görür. Çox keçməmiş "Seltik" müdafiəsinin ayrılmaz parçasına çevrilən hollandiyalı iki dəfə Şotlandiya çempionatının qalibi olur və aybaay oyununu artırmağa davam edir. Bununla belə, Hollandiya millisinin baş məşqçisi Lui van Xal DÇ-2014-ə onun əvəzinə, təcrübəsiz müdafiəçilər - Terens Konqolo (Çempionşipa düşən "Haddersfild"də oynayır) və Brunu Martins İndini (bir başqa Çempionşip klubu "Stok Siti"də çıxış edir) aparmağa üstünlük verir.

Van Deyk van Xalı günahlandırmır: "Karyeramın böyük bir hissəsindəki mənlə indiki mən arasında böyük fərq var. Və Şotlandiya çempionatının səviyyəsi o qədər də yüksək deyildi".

Van Xalın skautları baş məşqçiyə van Deykin hücumçuların müdafiə arxasına qaçmasına asanlıqla şərait yaratdığını özündə əks etdirən videolar göstəriblərmiş. Həmçinin o, "Volkskrant" qəzetinə açıqlamasında gənc van Deykin topa doğru irəli çıxmaq qabiliyyətinin olmadığını demişdi. İri stopperlər üçün ən asan şey geriyə yaslanmaq və hücumçulara qarşı birə-bir situasiyalardan baş çıxarmaqdı, ancaq van Xal mərkəz müdafiəçilərindən həm də proaktiv pressinq tələb edir. Aşağı yaş qruplarında yüksək səviyyəli məşqçi ilə çalışmaq kimi bir imtiyaza sahib olmayan Vircil bu bacarığını sonradan formalaşdırmalı olacaqdı. Və nəticə etibarı ilə, van Deykin sonradan mənimsədiyi bu bacarıq onu, bəlkə də, proaktiv pressinq üzrə bir nömrəli sima olan Yurqen Kloppun komandasına kimi daşıdı.
 


2015-ci ildə Martin Kumanın oğlu Ronald van Deyki "Sauthempton"a gətirdi. Çox keçməmiş, 24 yaşında van Deyk, nəhayət ki, Hollandiya millisində debüt etdi. Müqayisə üçün qeyd edim ki, onun yığmadakı partnyoru - Matteys de Lixt 17 yaşında ilk dəfə milli formanı əyninə keçirib. Van Deyk "Sauthempton"da ənənəvi iki illik xidmət dövrünü tamamladıqdan sonra, 26 yaşında ikən uzun müddətdi planlaşdırdığı zirvə addımını reallaşdıraraq "Liverpul"a keçdi. O, artıq transferinə ən çox məbləğ (75 milyon funt) ödənilən müdafiəçidi. Həmişə deyir ki, qiymət məsələləri ilə maraqlanmıram, mənlik deyil filan... Yenə də, 9 il öncə "Qroninqen"ə pulsuz başa gələn və 2013-cü ildə "Seltik"in cəmi 2,7 milyon funt qarşılığında transfer etdiyi birindən söhbət gedir.

"Enfild"dəki debütündə - Mersisayd derbisində o, "Liverpul"un əzəli rəqibi "Everton"un qapısına vurulan qələbə qolunun müəllifi oldu.

O, hər şeyin avtomatik baş verdiyini düşünür. VVD - Hollandiyada futbolçu bu adla tanımır, orada VVD daha çox mərkəz-sağı təmsilən edən siyasi partiyanın adının qısaltması kimi bilinir - artıq sorğu-suala ehtiyacı olmayan ulduzdu. Buna rəğmən, o, komandada ətrafını saran multi-milyonerlərdən fərqlənir. Onların əksəriyyəti yeniyetmə illərindən agentlər, sponsorlar və digər bu kimi şeylərin əhatəsində böyüyüblər. Van Deyk isə aşağı əmək haqqının, sıravi insan kimi yaşamğın nə olduğunu çox yaxşı xatırlayır. O, həddi-büluğa çatanda bəlkə Qroninqen istisna olmaqla, hər yerdə tanınmadan gəzə bilirdi. Ömür boyu belə qalmaq ehtimalının olduğunu yaxşı bilir.

Bəzən Liverpuldakı evində holland telekanallarını izləyəndə Hollandiya ikinci divizionunda aşağı maaşa oynayan sabiq komanda yoldaşlarını görür. Keçmişi başqalarına qarşı həssas olmaq, onları düşünmək kimi bir özəllik aşılayıb van Deykə və bu xüsusiyyətə futbolun ən yüksək səviyyəsində nadir hallarda rast gəlmək mümkündü. Ötən ilin noyabrında Hollandiya və Fransa milliləri arasında oynanılan oyundan öncə o, üşüdüyünü görən maskot qıza öz paltarını vermişdi.

27 yaşında van Deyk futbolunun zirvəsinə çatdı. Artıq nadir hallarda konsentrasiyasını itirir. Getdikcə holland və Britaniya futbol təhsilinin kombinasiyası bəhrəsini verir. Ronald Kuman - Hollandiya millisinin baş məşqçisi - isə kapitanlıq sarğısını ona həvalə edib.
 


"Liverpul"da çıxış edən, Hollandiya millisinin digər üzvü Corcinyo Veynaldum Nu.nl veb-saytına müsahibəsinə demişdi: "Vircil bir şeylə razı deyilsə, o dəqiqə dilə gətirir. Meydanda daim yanındakı və önündəki komanda yoldaşları ilə məşğuldu. Vircilin arxamda oynadığını bilmək əladı, çünki həmişə məşqçilik edir, dayanmadan danışır".

Van Deyk çox danışdığını etiraf edir. Ancaq danışmaq həm də onun futbolu zəka nümayişi və kollektiv mövqe alma olaraq gördüyünü göstərir. Ona görə, beyin əzələ gücündən öndə gəlir. "Algemeen Dagblad" ondan fiziki baxımından nümunə kimi göstərilən həmkarı Serxio Ramos haqda fikir səsləndirməsini istəyəndə VVD demişdi: "Ramosun hazırda "ən yaxşı" olduğunu düşünmürəm. Əla oyunçudu, ancaq mənim tərzimdə olan mərkəz müdafiəçisi deyil. Onun tez-tez düşdüyü situasiyalara düşməməyə çalışıram".

Van Deykin meydanda problemləri necə həll etdiyini görmək üçün "Tottenhem"lə "Enfild"dəki son görüşdə əks-hücum zamanı rəqibin iki oyunçusunu - Mussa Sissoko və Son Hın Mini - birdən necə zərərsizləşdirdiyini izləyin. "Liverpul" Premyer Liqa titulu uğrunda mübarizəni davam etdirmək üçün həmin matçdan mütləq qalib ayrılmalı idi. Sona çox az qalmışdı və hesab bərabər idi - 1:1. "Tottenhem"in "Enfild"də "qırmızılar"ın ümidlərinin üstündən xətt çəkmək şansı var idi.

Sözügedən epizod qərar qəbul etməyə dair şah əsərdi. Xalis hücumçu olan Sonun zərbəsinin daha böyük təhlükə olduğunu nəzərə alan van Deyk ikilinin arasında mövqe tutaraq Sissokonun cərimə meydançasına doğru qaçmasına şərait yaratmışdı. Ancaq bir tərəfdən cənubi koreyalını əngəlləyərkən, digər tərəfdən Sissokonu zəif - sol ayağı ilə zərbə endirməyə məcbur edirdi. Nəticədə fransız topu tirin üstündən çölə göndərdi. Dəqiqələr sonra isə "Liverpul" qələbə qolunu vurdu. Çempionluq adına həlledici anlardan biri idi və van Deyk heç müdaxiləyə cəhd belə etmədən epizodun qarşısını almışdı.


Van Deyk: "Hər gün, hər həftə daha da artırdığımı hiss edirəm".

Məşq, ev - həyat yoldaşı və körpələrinin yanı, istirahət, matçda hər şeyini ortaya qoymaq və proseslərin yenidən təkrarı - Vircil hazırda sakit həyat tərzi sürür. Bu formada uzun müddət davam etmək çətindi, ancaq bu, onun pik illəridi - təbii, əgər növbəti illərdə onu yuxarı doğru daha bir addım gözləmirsə. İndi geriyə baxanda qabyuyan oğlan çox uzaqda görünsə də, həmin insan hələ də van Deykin bir parçasıdı.

Vircil "Volkskrant"a müsahibəsində demişdi: "Məncə, dəyişməməli, normal həyatına davam etməlisən. Bu mənada həyat yoldaşımın üzərimdə əməyi böyükdü. "Uçmuram", nəyəmsə oyam. Bu nöqtəyə çatmaq üçün çox çalışmışam, ancaq haradan gəldiyimi unutmaq kimi bir niyyətim yoxdu".
 


Müəllif: Saymon Kuper (ESPN)
 
Tərcümə və uyğunlaşdırma: Rüfət Məcid
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR