İstedadlı futbolçularımızı barmaqla da saymaq
mümkündü. Amma nə sirri-xudadısa, bu istedadların qiyməti bilinmir, onlardan Azərbaycan
futbolu lazımınca faydalanmır. Yəqin razılaşarsız ki, Vaqif Cavadov da belələrindəndi.
Məşhur Cavadovlar nəslinin daha bir nümayəndəsini
xüsusi tanıtmağa ehtiyac yoxdu. Rusiyada MOİK-in məktəbində futbol dərsi
almağını da bilirsiz, "Qarabağ”da parlamasını və "Tvente”yə yollanmasını da.
Millimizin də heyətində bir çox parlaq oyunların iştirakçısı olub. Rəşad
Sadıqovun "Rusenborq”un qapısına vurduğu o unudulmaz qol zamanı topa ustaca
toxunuşu da yadımızdadı, rusları Bakıda iki dəfə məyus etməsi də. Çoxdandı ki,
səsi-sorağı gəlmir. Cəmi 31 yaşı olsa da, iki ildi ki, klubsuz qalıb.
Sport7.az oxucuları üçün Vaqif Cavadovla müsahibənin
maraqlı olacağını düşündüyümüzdən onu axtarmaq qərarına gəldik. Məqsədimizi
bildikdən sonra suallarımızı cavablandırmağa razı oldu. Amma bir şərti vardı,
dediklərini olduğu kimi verəcəkdik. Biz də bu şərtə ikiəlli razılaşıb, söhbətə
başladıq.
- Səni azərbaycanalı azarkeşlər yaxşı xatırlayırlar.
Həm millidə, həm klublarda unudulmaz oyunlar keçirmisən. Sanki qəfildən "kölgə”yə
çəkildin. Bu sual yəqin ki, indi çoxlarını düşündürür. Vaqif Cavadov indi
hardadı, nə işlə məşğuldu?
- Əvvəla, sizin saytınız vasitəsiylə bütün azarkeşləri
salamlamaq istəyirəm. Vaqif Cavadov uzaqda deyil, elə sizinlə bir yerdədi. Sadəcə,
futboldan bir qədər uzaq düşmüşəm, klubsuzam. Təkliflər gözləyirəm. Bununla belə
boş dayanmıram, öz futbol məktəbimi yaratmışam. Əsasən fikrimi ora yönəltmişəm.
Çalışıram ki, tez bir zamanda aktiv fəaliyyətə başlayaq, uşaqları məşqlərə cəlb
edək.

- Yeri gəlmişkən, elə bu məktəb barədə soruşmaq istəyirəm.
Bu məktəbə öz adını verib, təkcə təşkilatçılıq işləri ilə məşğulsan, yoxsa özün
də "butsı”larını geyinib, uşaqlara məşq keçəcəksən?
- Bilirsiz ki, ölkədə koronavirus pandemiyasına görə
xüsusi karantin rejimi elan edilib. Buna görə də məşqləri keçməyə, sənədləşmə
işləri ilə məşğul olmağa icazə verilmirdi. Artıq açıq havada məşq keçməyə icazə
verildi. İşlərimizi böyük ölçüdə yekunlaşdırmışıq. Açılışa hazırlıq görürük.
İnşallah, önümüzdəki həftədən etibarən məşqlərə başlayacağıq. Mən özüm də məşq
keçəcəyəm. Eyni zamanda daha iki mütəxəssis məşqlərdə iştirak edəcək. İstəyirik ki, öz
bildiklərimizi yeniyetmələrə, uşaqlara, bir sözlə gələcək nəsillərə öyrədək. Bu
da gələcəkdə Azərbaycan futboluna kömək edəcək, milliyə layiq oyunçular
yetişdirməyə çalışacağıq.

- Sonuncu klubun "Keşlə” olub. Ordan da qəfil, eyni
zamanda müəmmalı şəkildə ayrıldın. Maraqlıdı ki, "Keşlə”də yenə qəribə hadisələr
baş verir. Avrokubokların və çempionatın startına günlər qala baş məşqçi
istefaya göndərildi. Səncə, bütün bunların səbəbi nədir?
- Özünüz də bilirsiz ki, mən orda oynayanda da nələr yaşanırdı.
Tərlan Əhmədov bir vaxtlar məni heyətdən niyə çıxardığını özü əsaslandırmağa
çalışmışdı. İndi də sıra ona gəlib, qoy bu dəfə də "Keşlə”dən onu niyə
uzaqlaşdırıblar, bunun səbəbini desin. Həyat davam edir. Hamı bilir ki, Vaqif
Cavadov kimdi, necə həyat sürüb, necə futbolçu olub. "Keşlə”dən məni niyə
uzaqlaşdırdılar, bu da hər kəsə məlumdu. Tərlan Əhmədovun "Keşlə”dən
ayrılmasının səbəbini klubun rəhbərliyindən soruşmaq daha yaxşı olardı. Onu
bilirəm ki, həyatda düzgün yaşamaq lazımdı. Allah hər şeyi görür və hər şeyə
zaman qiymət verir.

- Bir neçə gündən sonra "Sumqayıt” avrokuboklarda
debüt edəcək. Amma heyətin yarısı komandadan gedib. Təklif olsaydı, komandaya
kömək edə bilərdinmi?
- "Sumqayıt” mənə yad klub deyil. Mən də orda çıxış
etmişəm. Heyət bütünlüklə yerli futbolçulardan qurulmuşdu və yetərincə baxımlı
futbol sərgiləyirdi, yaxşı nəticələr qazanırdıq. Ötən mövsüm də onlar üçün
uğurlu olmuşdu. Amma həmin heyəti qoruya bilmədilər. Bunun da səbəbini biz
bilmirik. Bəli, futbolda belə bir qayda var, başqa klublar yaxşı futbolçulara
daha yaxşı maaş təklif edir və onları öz yanlarına aparırlar. Buna da normal
yanaşmaq lazımdı. Çünki futbolçular da daha yaxşı qazanmaq istəyirlər. İcazənizlə,
bir qədər mövzudan kənarlaşım ki, sualınıza ətraflı cavab verə bilim.
- Buyur, əlbəttə.
- Bizim futbolda belə bir yanaşma yaranıb ki,
futbolçulara çox pul verilməməlidi, onlar xaricə getməlidilər. Gəlin Rusiya
futboluna baxaq. Onda qoy ruslar da futbolçularına pul verməsinlər, futbolçular
xaricə getsinlər. Belə olmur axı. Rusiya millisi böyük turnirlərə vəsiqə qazana
bilir. Qonşu ölkədə başa düşürlər ki, maliyyə olmasa, böyük nəticələr qazana
bilməzsən. Özümüzdə də buna misal çəkmək olar. 2004-cü ildən sonra yüksəliş
başladı, 2016-cı ilə qədər hardan hara gəldik. Amma indiki səviyyəyə baxın.
İndi Fuad Musayevin və Ramiz Mirzəyevin rəhbərliyi zamanındakı günlərə geri
dönürük. Mən maliyyə dəstəyini nəzərdə tuturam. Yəni, maddi baxımdan geri
gedirik. Artıq milli komandaya, onun üzvlərinə əvvəlki kimi dəstək vermirlər.
Azarkeşlər də oyunlara baxmır, stadiona gəlmirlər. Onlar çox narazıdı. Bizim
futbolda hazırda bu cür prinsiplər aparılır, heç kim də səsini çıxarmır.
Millimiz seçmə mərhələdə bir xal toplayır, heç bir mütəxəssis buna etiraz
etmir. Mütəxəssislər qorxurlar ki, onlar danışsa, sabah işsiz qalacaqlar, heç kim onlara iş verməyəcək. Həmişə demişəm, ürəyi yanan insan, özünü şəxsiyyət hesab
edən öz bildiyini deməlidi. Bununla da biz öz futbolumuza kömək etmiş olarıq.
Çalışmalıyıq ki, milli komandamız güclənsin. Uduzanda belə futbolçularımıza dəstək
olmalıyıq, səhvləri birlikdə axtarmalıyıq. Səhvləri ört-basdır etsək, heç bir
inkişaf olmayacaq. Vaqifi bir vaxtlar hamı tənqid edirdi, günahı məndə
axtarırdılar. İndi Vaqif yoxdu, hamı yaxşı oynayır? Yaxud da Mahir Şükürov,
Araz Abdullayev yoxdu, bütün problemlər bitib? Nə üçün bunlardan yazmırlar?! 30
nəfər millidə futbolçu var, hamısı əla oynayır? Mənim bir qədər futboldan başım
çıxır və görürəm ki, indiki dövrdə oynayan futbolçular 2004-2016-cı illərdəki səviyyədən
çox geri qalırlar. Belələri bizim vaxtımızda heç "18-liyə” də düşməzdilər. İndi
onlar millinin futbolçularıdı, sanki hər şey əladı. Bundan danışmaq lazımdı. Kimdi
2019-cu ilin ən yaxşı futbolçusu? Yaxud da bu ilin. Rəqabət varmı? Amma bizim
oynadığımız illərdə amansız rəqabət vardı. Zaur Ramazanov, Zaur Tağızadə, Samir
Abasov, Alsan Kərimov kimi futbolçuların yanında gənclər yetişirdi. İndi təcrübəlilərə
"qoca” adıyla kənara qoymuşuq. Təkcə təcrübəsiz gənclərlə irəli getmək olmaz.
Düzgün qərarlar vermək, ağıllı yanaşma lazımdı. O ki qaldı mənim "Sumqayıt”a
kömək etməyimə. Mən özümü komandaya təklif edə bilmərəm. Onlar özləri baxmalı,
vəziyyəti qiymətləndirməlidilər. Transfer etməyəcəkdilərsə, digərlərinin bizi
avrokuboklarda təmsil etməsinə şərait yaradardılar. "Zirə”, "Sabah” daha yaxşı
büdcəylə heyət formalaşdırıb, bizi uğurla təmsil edə bilərdilər. Mən transfer mənasında
nəzərdə tuturam. Hər bir qələbə ölkə reytinqi üçün vacibdi. Qələbə qazanmaq
lazımdı ki, Azərbaycanın UEFA-da reytinqi yüksəlsin, sonra da klublarımız
münasib rəqiblərlə qarşılaşsın. Elə düşünürəm ki, belə bir situasiya yaranıbsa,
"Sumqayıt” transfer etməliydi, büdcə artırmalıydı. Çünki söhbət Azərbaycanı
Avropada təmsil etməkdən gedir. "Zirə”ylə "Sabah” hazırda transfer bazarında
xeyli fəaldılar.

- Son olaraq millimizin yeni baş məşqçisi Canni De
Byazi haqqında fikirlərin maraqlı olardı. Doğrudanmı, bizim millinin problemi məşqçi
ilə bağlıdı?
- Milliyə Canni De Byazinin gəlişi sevindiricidi. İlk
gündən də demişəm ki, italyan mütəxəssis adlı-sanlı məşqçidi. 2004-dən 2016-cı
ilə qədər milli komandaya necə böyük diqqət, qayğı var idisə, onu geri
qaytarmaq lazımdı. Bu da baş məşqçidən asılıdı. Baş məşqçi necə tələbkar olsa,
öz bildiyini etsə, başqalarına qulaq asmasa, nəticə olacaq. Bunu Berti Foqtsun
zamanında görmüşük. Həmin vaxt milli üçün futbolçu da yetişirdi. Foqtsun
vaxtında olan futbolçular millinin, milli ruhun nə olduğunu bilirdilər. Milli
komandada oynadıqlarını hiss edirdilər. Onlar başa düşürdülər ki, hansı məsuliyyəti
daşıyırlar. Yəni ki, şərait də yaxşı idi. Millinin şərəfini qorumaq da hər bir
futbolçu üçün şərəfdi. Ortabab bir komanda 1-2 oyun keçirib qol vuranları yox, əsl
milli komandaya layiq olanları dəvət etmək lazımdı. Daim oynayan futbolçular
olmalıdı, bunu sübut etməlidir. İnanıram ki, italyan baş məşqçi bu seçimi
düzgün aparsa, milli üçün normal şərait yaradılsa, uğur da özünü çox gözlətməyəcək.
Azarkeşlər tribunalara cəlb olunmalıdı, bunun üçün də milli komandada sevilən
simalar çıxış etməlidi. Azarkeşlər və milli komanda bütünləşməlidi.

Amal ABUŞOV
Sport7.az