Vaqif Sadıqov:

Vaqif Sadıqov: "3 variant təklif etmişdilər, üçüncüdə Yurçeviç də yer almışdı"

"Yuxarıda adını çəkdiyim kimi, AFFA-nın Məşqçilər Komitəsi adlı bir qurumu var. Azərbaycanda kifayət qədər tanınmış futbol mütəxəssislərindən təşkil olunmuş bir qurumdur. Sədri həm də AFFA-nın İcraiyyə Komitəsinin üzvü olan Vaqif Sadıqovdu. Eyni zamanda, digər təmsilçilərdən Ağasəlim Mircavadov, Şakir Qəribov, Şahin Diniyev və Yaşar Vahabzadə müxtəlif vaxtlarda əsas milli komandalarımızda məşqçi olublar. AFFA-da elə bir rəsmi şəxs yoxdur ki, çıxıb desin, filankəsi filan yerə təyin etməlisiniz. Sistem var. Məşqçilər Komitəsi tövsiyələrini verir, namizədi göstərir. İcraiyyə Komitəsi bundan sonra baxıb qərarını verir. Bu, tək bir adamın iradəsindən asılı olan məsələ deyil”.

Bu sözləri AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla deyib. Firuz bəy yığmamızın Slovakiyaya 1:5 hesablı biabırçı məğlubiyyətindən sonra quruma yönələn bütün tənqidlərə münasibət bildirərkən dolayısı ilə günahın AFFA rəhbərliyində deyil, məhz Məşqçilər Komitəsində olduğunu söyləyib. Onun sözlərindən belə anlamaq olar ki, yığmanın məğlubiyyətində günahkar şəxslər təkcə Məşqçilər Komitəsinin üzvləridi. Çünki onlar yığmanın baş məşqçisini seçərkən Yurçeviçi namizəd göstəriblər, AFFA-nın İcraiyyə Komitəsi də sadəcə qərar qəbul edib. Yəni, AFFA "yaxasını" kənara çəkərək, tənqidlərə, hətta təhqirlərə "sipər" kimi MK üzvlərini irəli verib. Bu səbəbdən komitənin sədri Vaqif Sadıqovla əlaqə saxladıq. Görəsən MK-nın bu ittihama münasibəti necədi?

Təcrübəli mütəxəssis Sport7.az-a açıqlamasında bunları bildirdi: "Bu durumdan qaçan, hansısa səhv varsa, özümüzü kənara çəkən deyilik. Çünki hər bir prosesdə Məşqçilər Komitəsi iştirak edir. Ancaq baş məşqçi təyin etmək tam başqa məsələdi. Prosineçkinin dönəmindən başlayaraq, bütün proseslərdən xəbərimiz var. Bu Qurban Qurbanovun dövrünə də aiddi. Prosineçki ilə tarixi nəticəni yaddan çıxarmayaq. Necə lazımdısa müzakirələr aparılır və Məşqçilər Komitəsinə bildirilir. Futbola xidmət edirik və onun yaxşı olmasına çalışırıq. Yurçeviç seçilməmişdən əvvəl Məşqçilər Komitəsinə 3 variant təklif olundu. Siyahıda bahalı adlara sahib mütəxəssislər, orta səviyyəli, amma yüksək ödənişli, bir də  az ödənişli və yalnız milli komanda təcrübəsi olan məşqçilər vardı. MK olaraq biz də 3-cü variantı seçdik. Yəni adlı sanlı, ya da yüksək ödənişli, amma gənc mütəxəssislərə yer ayırmaqdansa, az ödənişli, lakin milli təcrübəsi olan məşqçini tövsiyə etdik. Hər variant üçün minimum 3-4 namizəd vardı. Daha sonra tövsiyə etdiyimiz namizədlər İcraiyyə Komitəsində müzakirəyə çıxarıldı və seçim edildi. Çünki həmin variant bizə daha yaxın idi. Yurçeviç də ən az ödənişli və milli təcrübəsi olan məşqçilər sırasında idi. Qaldı ki, Yurçeviçin məsələsinə, İcraiyyə Komitəsinin üzvü kimi sizə fikir bildirə bilərəm. O məşqçinin hesabatı dinlənilməlidi, daha sonra nəsə demək mümkündü. MK kimi isə biz heç kimdən qaçmırıq, çəkinmirik. MK üzvləri futbolun içində olan insanlardı, hər birimizin 60-dan yuxarı yaşı var. Bu gün də futbola sadiqik. Sualınıza da cavab verdim ki, bizə 3 variant təklif etmişdilər, hansı ki, üçüncüdə Yurçeviç də yer almışdı. Bu gün nəsə qazanmaq istəyiriksə, günahkar axtarmaqdansa, birləşib çıxış yolu tapmaq məqsədəuyğundu. Halbuki, indi hər yerdə, sağda, solda, yuxarıda, aşağıda günahkar axtarırıq. Vallah, adam qalır belə. Çıxış yolu istəyiriksə gəlin birləşək. 3 oyun keçib, ajiotaj qaldırırq. Bəlkə də ən vacib olan nəticə deyil. Çünki rəqiblər bizdən güclüdülər. Bunu bilirdik".

Maraqlıdı, bilirdiksə, rəqiblərlə bacarmayacağımızı anlayırdıqsa, o zaman Yurçeviçi neyləyirik, nəyə lazımdı ona pul xərcləmək?: "Xeyr, bu gün biz ruhsuz komanda görürük. Bunu anlaya bilmirik. Xorvatiyada potensialını göstərən komandanın son iki oyununda bunu görmürük. Kimdənsə zəif ola bilərik. Amma istək, mübarizlik göstərməliyik. Narazılıqların da çoxu bundan irəli gəlir. Ruhsuzluğu yaradan nədi? Baxın, bu məsələni də "xırdalamalıyıq" və nəhayət çıxış yolunu tapmalıyıq. Kimisi məşqçini günahlandırır, kimi təyinatdan irəli gələn səhvlər olduğunu deyir. Özümü, nə də Məşqçilər Komitəsinin "yaxasını" kənara çəkmirəm. Hamımız futbola xidmət edirik. Sadəcə, təcrübəli, yığmada çalışan insanlar kimi üçüncü variantı tövsiyə etmişik.  Üstəlik mətbuata da açıqlamışıq. Seçimin özünü doğruldub doğrultmamasını bu oyunlar göstərir".
 
Səbuhi Nərimanoğlu 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR