Vaqif Sadıqov: "Karlos meydançanı tərk etmək istəyəndə, qarşısına çıxdım"

Vaqif Sadıqov:
Bu gün Braziliya və dünya futbolunun əfsanələrindən sayılan Roberto Karlosun ad günüdü.

Məşhur müdafiəçi 45 yaşını qeyd edib. Düzdü, bu cür əfsanələri canlı görmək hər kəsə qismət olmur. Hətta əksər Brazilya azarkeşləri belə bu "solaxay"ın oyunlarını, güclü cərimə zərbələrini, qollarını yalnız televizordan izləməklə kifayətləniblər.  Amma ölkəmizin tanınmış mütəxəssislərindən olan Vaqif Sadıqov Karlosu canlı izləmək xoşbəxtliyinə nail olub. Məsələ burasındadı ki, Sadıqov 2011-ci ildə "Anji"də çalışarkən Karlos onun rəhbərliyi altında top qovub. 

Bu üzdən Karlosun həmin müddətdə onun yaddaşında necə qaldığını öyrənməyi qərara aldıq. Vaqif bəy Sport7.az-a açıqlamasında maraqlı məqamlara toxundu:

"Bütün braziliyalılar bu cürdü. Amma Karlos onların içərisində fərqlənən futbolçulardandı. Həm oyun zamanı, həm meydançadan kənarda öz oyunu, davranışı ilə seçilən insanlardandı. Bəlkə də hamımız onu böyük futbolçu və insan kimi tanıyırıq. Çox səmimi, insanlarla yaxınlıq etməyi bacaran, zarafatcıl biridi. İnanmazdım ki, bu səviyyədə dahi ola bilər. Həmişə əl uzadan, köməyə hazır olan futbolçudu. Təxminən 1 il onunla çalışmışam. Bu, "Anji"də atılan ilk addım idi. Stadiona azarkeşlərin demək olar 90 faizi məhz Karlosun maykası ilə gəlirdi. Onu əldə etməyə çalışırdılar. O isə imkan, boş vaxt tapıb hər maykanın üzərinə imza atırdı. Azarkeşlərə, dostlara, məşqçilərə, komanda yoldaşlarına qarşı davranışları onun nə qədər sadə və dahi insan olduğunu göstərirdi. Belə bir dahi insanla çalışmışam. 45 yaşı tamam olur. Onunla eyni, qoç bürcündənik. Mən də apreldə doğumuşam. Xasiyyətcə eyniyik.  Onu təbrik edirəm. Onu özünü həmişə sübut etməyə qadir olan bir insan kimi tanımışam. 

Karlos xeyirxah insandı. Adlarını çəkmək istəmirəm. O vaxt vətənə qayıdanda bəzi insanlar məndən xahiş etdi ki, "Karlos vətənində xeyirxahlıq edir. İmkan varsa ona müraciət edək, bizim də balamıza köməklik göstərsin". Cavab verdim ki, mən ona müraciət edə bilərəm. Amma o deyə bilər ki, "Mən ölkəmə yardım edirəm. Sən də öz ölkənə yardım et". Belə qərara gəldik ki, özümüz o uşağa yardımçı olaq. Allahın köməkliyi ilə bu xeyirxah işi görə bildik. "Anji"də 4 oyun müvəqqəti olaraq baş məşqçi vəzifəsini icra etdim. Karlos həmişə mənə dəstək göstərirdi, yanımda olurdu. Futbolçuların da bunu hiss etməsini, meydançada bütün tapşırıqları həyata keçirməsini istəyirdi. Bir əhvalat olmuşdu. Krasnodarda oynayanda meydançaya banan atılmışdı. Karlos da meydançanı tərk etmək istəyəndə onun qarşısına ilk mən çıxdım. İngilis dilində az bilsəm də, onun gözlərinə baxıb izah etməyə çalışırdım ki, o meydançada öz gücünü göstərib sübut etməlidi. Futbolda irqçiliyə yox deyilir və o halı pisləyirlər. Hacı Hacıyev komandadan ayrılanda Məşqçilər Şurası yaradılmışdı. Roberto da bizə dəstək olurdu. 1 il ərzində ancaq və ancaq müsbət xüsusiyyətlər gördüm. Heç vaxt fikirləşməzdim ki, dahi olan insanlar əsl peşəkardılar. Yəni, işinə peşəkarcasına yanaşırdı. Göstərirdi ki, iş işdi. Buna məsuliyyətlə yanaşmaq lazımdı.  İntizamlı idi. Məşqçinin tapşırığını tam şəkildə həyata keçirməyə çalışırdı. Komandanı həm məşqdə, həm oyunda arxasınca aparan bir Karlos görürüdüm. 

Bəlkə də belə bir futbolçu hansısa addımlar atardı, məsələn məşqi buraxardı, oyuna tam gücünü qoya bilməzdi. Amma mən işinə peşəkar yanaşan dahi futbolçu ilə çalışmışam. O bizə "ser" deyə müraciət edirdi. Yəni, rəhbərliyə də hörmətlə yanaşırdı. Dahi olsa da ilk növbədə futbolçunun öz işi ilə məşğul olmasının vacibliyini dərk edirdi. Yaşıl meydançada əsl Karlos olduğunu sübut edirdi. Özümüzlə müqayisə etsəm, bir balaca nəyəsə nail olanda hətta yaxınlarımızı tanımırıq, yan keçirik. Ancaq o göstərirdi ki, nə qədər yüksəlsə daha çox çalışmağa ehtiyac var. O vaxt baş məşqçi Hacı Hacıyev Karlosa çox güvənirdi. Meydanda köməkçilərdən biri olduğunu deyirdi. 

Onun hansı xüsusiyyətinin futbolçularımızda olmasını istərdim? İnsani keyfiyyətlərini. Demirəm ki, bizim futbolçular insani keyfiyyətə malik deyil. Onu çatdırmaq istəyirəm ki, nə qədər dahi olsa da, başını aşağı salıb işini görürdü. Ümumiyyətlə, gənc futbolçulara məsləhət vermək istərdim ki, Allah onlara Avropanı görməyə imkan yaratdı. Nə qədər "bar versələr" də başlarını aşağı salıb işləri ilə məşğul olsunlar. Bunu Karlosda gördüm. Məşqlərə bir dəfə də olsun gecikmirdi nə də yarımçıq tərk etmirdi. Xəstə və ya zədəsi olsa da, həmişə komandanın yanına gəlirdi. Gənclərimiz bu yolu keçməklə öz simalarını itirməsinlər və özlərini işləri ilə sübut etsinlər. 

İnanın ki, Eto və Roberto Karlos tam fərqli insanlardı. Siz bu gün elə bir insana toxunduz ki... Şən həyat yaşayan və belə deyərdim ki, eyni şəkildə də futbol oynayan insandı. Açığı, həmişə paltardəyişmə otağında Braziliya mahnılarını dinləyirdi. Qulaqcıqla dinləyib oynaya-oynaya hazırlığıa başlayırdı. Amma bizi o qədər çərçivəyə salıblar, "oyuna köklən" deyirdilər ki. Bu oyundu. Şən keçirməliyik ki, azarkeşlərin də əhval-ruhiyyəsi yüksək olsun. Futbolçuları "presə salıb" meydançaya çıxarmaqdansa, belə etmək lazımdı. Baxırdım, bəzən çox şeyi anlamırdım. Axı biz oyunqabağı ciddi oluruq, üzümüzdə belə cizgilər görünürdü. O qədər özümüzü "yandırıb" meydançaya çıxırdıq ki, istədiyimizi də göstərə bilmirdik. Ancaq o tamamilə fərqlidi. Qulaqcıq qulağında, maqnitofon əlində, oynayan-oynaya, ətrafdakılarla zarafatlaşa-zarafatlaşa hazırlaşırdı. Amma oyuna ən yüksək səviyyədə hazırlaşan şən Roberto Karlos idi".

Sport7.az

Xəbər lenti