"Roberto Karlosun formaları 1 günün içərisində satılırdı" - Vaqif Sadıqov

Dağıstanın ən köklü klublarından olan "Anji"nin hazırda acınacaqlı vəziyyətə düşdüyünü yazmışdıq. Birvaxtlar heyətində dünya səviyyəli Roberto Karlos, Samuel Eto kimi ulduzların çıxış etdiyi komanda indi Rusiyanın 3-cü divizionunda belə qalmaqda çətinlik çəkir. Bu da o anlama gəlir ki, klub tarixin yaddaşına qovuşmaq üzrədi. Hazırda 100 milyondan çox borcu olan "Anji"nin nə stadionu qalıb, nə də akademiyası. Hətta borclara görə futbolçular "Anji Arena"ya da buraxılmır. Akademiyanın uşaq komandaları isə "Dinamo”nun nəzarətinə keçib. Rəsmi oyunları Dağıstanın, Çeçenistanın qəsəbə meydançalarından keçirən komandanın futbolçuları məşqləri boş çöllərdə, dağların ətəyində edirlər.
 
Əbəs yerə bu klubdan söz açmadıq. Azərbaycanın tanınmış futbol mütəxəssislərindən olan Vaqif Sadıqov da birvaxtlar "Anji"də məşqçi kimi fəaliyyət göstərib. Hər halda onun da "Anji"nin son durumundan xəbəri var. Bu üzdən Vaqif bəylə danışıb sabiq məşqçisi kimi komandanın durumuna münasibətini öyrəndik. 

Təcrübəli futbol adamı Sport7.az-a müsahibəsində həm sabiq komandasının durumu haqda, həm də dünyada bir bəlaya çevrilən koronavirus pandemiyasına qarşı necə mübarizə apardığını sorşduq: "Evdəyəm, çölə çıxdığımı, gəzməyə getdiyimi desəm, yalançı olaram. Marketlər yaxınlığımızda yerləşir. Nəsə lazım olsa özüm gedib alıram. Başa düşməliyik ki, qaydalara riayət etmək lazımdı. Hansı qərarlar qəbul olunacaqsa onlara əməl etməliyik".

- Karantin şəraiti darıxdırıcı keçmir?

- Boş vaxtlarım olmayanda görə bilmədiyim işləri, indi evdə həyata keçirirəm. Ev işləri, kitab oxumaq, nə isə bir şeylə məşğul oluram. Amma istər-istəməz futbola bağlıyıq. Gözləyirik ki, vəziyyət düzəlsin. Futbolumuz qaydasına düşsün. Hamımız düşünürük ki, neçə vaxtdı komandalar, futbolsuz məşqsiz qalıblar. Yəqin ki, kimlərsə fərdi şəkildə məşq edir. Amma qrup şəklində məşqlər tamamilə ayrıdı. Oyun təcrübəsindən kənarda qalıblar.

- Sizcə bu qədər fasilə komandalara, futbolçulara necə təsir edəcək?

- Hər şeyə təsir edəcək. Lazım olan səviyyəni bərpa etmək üçün xeyli çalışmaq lazım olacaq. Hələlik nəyisə demək çox çətindi. Ola bilər, qısa müddətdə hər şey qaydasına düşsün, yaxud bir qədər də uzansın. Hər şey durumdan asılıdı. Qərarda hansısa dəyişiklik olandan sonra problemlər haqda danışmaq mümkündü. Mənfi tərəfi odu ki, hər sahəyə təsir edir, o cümlədən də futbola. Ancaq müsbət tərəfləri də var. Görünür ki, hamı xəstəliyə qarşı birləşib, mübarizə aparır. Bu çox önəmlidi. Göstərir ki, bir ola bilərik. 

- Hazırda bütün ölkələrdə yarışlar dayandırılsa da Belarus çempionatı davam edir. Bu çempionatı ümumiyyətlə, izləyirsizmi?

- Belarus çempionatına da baxıram. Müəyyən müzakirələr aparırq. Açığı, bizim çempionatımızı müxtəlif ölkələrdə göstərsəydilər, ayrı-ayrı mütəxəssislər futbol məktəblərini müqayisə etmək imkanı qazanardılar. Baxmayaraq ki, çempionatımız səviyyə baxımından çox geri qalır, fikrimcə Belarusdan üstünük. Bunu canlı şəkildə Belarus çempionatını izləyib deyə bilərik. 

- Yəni, bizim çempionat Belarusdakından çox maraqlıdı?

- Bəli, məncə bizim çempionatımız daha maraqlıdı. Rəng qatan futbolçularımız var. "Qarabağ"dan ümumiyyətlə danışmağa dəyməz. Çünki öz oyun üslubu ilə seçilən komandadı. Ümumi götürsək bizim çempionatımız Belarusdakından daha üstün görünür.

- Vaxtilə çalışdığınız "Anji" ilə maraqlanırsız? Son durumundan xəbəriniz varmı?

- Komandanın durumu ilə bağlı dostlarım tez-tez mənə zəng edib məlumat verir. Heyif ki, tarixi olan bir komanda indi belə vəziyyətdədi. Ümid edək ki, yaşayacaq. "Anji" nəinki Dağıstan, ümumiyyətlə, Rusiya futbolunda iz qoyan bir komanda olub. Tanınmış futbolçularının adlarını qeyd etməyə ehtiyac yoxdu. Ancaq mən orada çalışdığım vaxtlarda, komanda tarix yazmağa başlamışdı. Uğurlu tarix yazdı.

- Sizcə, "Anji" nə üçün belə acınacaqlı duruma düşdü?

- Kənardan dayanıb nəsə demək çətindi. Ancaq hər şey maddi duruma bağlıdı. Rəhbərlikdə dəyişikliklər olandan sonra komanda eniş yaşadı və "qara zolağ"a düşdü. Hələlik çıxış yolları tapa bilmirlər. Ümid edək ki, Dağıstan futbolunun köklü komandalarından olan "Anji" yaşayacaq. Mən orada işləyən vaxt komandanın büdcəsinin nə qədər olduğunu deyə bilmərəm. Amma işi elə qururdular ki, ildə gəlir qazanırdılar. Menecment və digər məsələlərlə bağlı işləri göstərirdi ki, vəsait yatırmaqla pul qazanmağı bacarırdılar. İstər-istəməz hər şey maddiyyata bağlıdı. Görünən odu ki, rəhbərlik dəyişiləndən sonra problemlər üzə çıxdı.

- "Anji"dəki xatirələriniz necədi?

- Xatirələrim xoşdu. 1999 və 2010-cu ildə o klubda işləmişəm. Onlarla həmişə isti əlaqələrim vardı. İkinci dəfə ora gedəndə klubu hələ köhnə rəhbərlik idarə edirdi və böyük imkanlara malik deyildilər. Mənim gedişimdən 1 ay sonra komandanı yeni sponsor, Süleyman Kərimov himayəyə götürdü və qarşıya böyük məqsədlər qoymağa başladı. Görülən işlər gözümün qarşısında idi. Demək olar yeni komanda formalaşdırıldı. Durumla tanış idim, böyük həcmdə iş görülürdü. "Anji"yə beynəlxalq arenalarda görünmək imkanı yaradıldı. Tanınmış futbolçular transfer olunmuş, öz oyun üslubunu nümayiş etdirən komanda yaranmışdı. Kim istəyər ki, tarix yazmış klub dağılsın? Halbuki hazırda bunu görürük. İnanıram ki, Dağıstan rəhbərliyi klubun dağılmasına imkan yaratmayacaq və tarixi bərpa edib yaşadacaq.  "Anji" Dağıstan futbolunun markasıdı, adıdı.

- Belə anlamaq olar ki, klubun hazırkı duruma düşməsində indiki rəhbərliyin səhlənkarlığı da rol oynayır. Yəni startegiyalarını tam müəyyənləşdirə bilməyiblər...

- Səhv etmirəmsə 3 ildi klubu yeni rəhbərlik götürüb. Görünür ki, strategiyalarını müəyyənləşdirə bilməyiblər. Komanda yüksək liqada çıxış edirdi. Sonradan ikinci, hazırda isə 3-cü liqaya düşüb. İndi ümumiyyətlə yaşayıb-yaşamamaq məsələsi var. Klubda idarəetmə çox önəmlidi. Daxildə olmadan nəyisə demək çətindi. Ümid edək ki, yaxşı olacaq.

- Siz çalışdığınız vaxt, "Anji"də peşəkarlıq, futbola münasibət hansı səviyyədə idi?

- Öncəki vaxtları götürsək, "Anji"nin bizim klublardan böyük fərqi yox idi. Amma Süleyman Kərimovun gəlişindən sonra yeni nəfəs, idarəetmə gördük. Bu da ondan irəli gəlirdi ki, hədəf vardı və ona uyğun addımlar atılırdı. Pillə-pillə yüksələrək, böyük komanda yaratmağa və tarix yazmağa çalışırdılar. Az müddətdə bu istəklərinə nail olmuşdular. Kluba böyük büdcə ayrılmışdı. Buna baxmayaraq ilin sonunda gəlir əldə etmişdilər. İş elə düzgün qurulmuşdu ki, komanda yaşayırdı və ildən-ilə "artırır"dı, həm də qazanclı çıxırdı. Roberto Karlos komandaya dəvət olunanda, bəlkə də idman forması baxımından ən yaxşı vaxtları deyildi. Ancaq, təcrübədən əlavə menecmentlik işlərini qeyd edərdim. O vaxt klubun fanşopunda Karlosun maykası 100 dollardan baha idi. Buna baxmayaraq onun formaları demək olar 1 günün içərisində satılırdı. Azarkeşlər Karlosun maykasını geyinib stadiona gəlirdilər. Tribunalar tam şəkildə dolurdu. Ordan da qazanc gəlirdi. Yəni Roberto Karlosun gəlişi ilə klub rəhbərliyi çox şeyi dəyişdirmişdi. Daha sonra Eto da gəldi. Bundan əlavə, gənc istedadları ayrı-ayrı klublara baha qiymətə satmaq üçün imkan əldə etmişdilər. Oradan futbolçular elə-belə getmirdilər. Hamısı gəlir gətirməklə, baha qiymətə satılırdılar. Onlar gedəndən sonra digərləri dəvət olunurdu. Azərbaycanda belədi ki, hansısa futbolçunu baxışa dəvət edirlər. Mən ilk dəfə "Anji"də gördüm ki, futbolçunu baxışa dəvət etmirlər. Sadəcə, istədikləri oyunçuları izləyirlər və lazım olub-olmadığını müəyyənləşdirirlər. İşə peşəkar yanaşma var idi və bu da öz nəticəsini verdi.

- Təkcə ulduz futbolçu transferi ilə komandanın gəlirlərini artırmaq mümkündümü? Məsələn "Səbail"də Maykl Esyen çıxış edir. Amma o qədər də maraq yoxdu oyunlara.

- Gördüyümü deyirəm, təkcə azarkeşlər deyil, oyunlara getdiyimiz şəhərlərin rəhbərləri də Roberto Karlosla görüşməyə can atırdılar. Ancaq bu yalnız oyundan sonra baş verirdi. Onunla görüşmək istəyənlər paltardəyişmə otağının qarşısına yığılırdılar. Ulduz futbolçunun gətirilməsi müsbət haldı. 

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR