Vaqif Sadıqov: "Tablodakı nəticələr gözəl olmayan oyunun üstünü örtürdü"

Vaqif Sadıqov:
Azərbaycanın tanınmış mütəxəssislərindən olan, AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov yığmamızın oyunları ilə bağlı fiikirlərini bildirib.

Vaqif bəy Sport7.az-a müsahibəsində yığmanın və futbolumuzun problemlərinə toxunub:

- Kosovo və Malta ilə oyunlarda qələbə qazana bilməməyimiz cəmiyyətdə böyük narazılıqla qarşılandı. Bir İK üzvü və MK sədri kimi deyə bilərsiz bu nəticələr nəyin göstəricisidi?

- Əvvəlcə onu deyim ki, niyə narazı olmalıyıq? Bu idmandı. Hər iki oyunda yığma əlindən gələni etməyə çalışırdı. Görünür hamı fikirləşirdi ki, ilk oyundan Qurban Qurbanovla qələbələri sıralamağa başlayacağıq. Ancaq böyük bir işin astanasındayıq. Qurbanovun zamana ehtiyacı var. Sırf rəsmi kimi deyil, mütəxəssis, məşqçi olaraq cavab vermək istəyirəm. Gördüyümə, yığmadakı ab-havaya əsasən deyə bilərəm ki, düz yoldayıq. İnşallah mütləq bunun nəticəsi olacaq. Yerli mütəxəssisin rəhbərliyi altında yeni yığma formalaşdırırıq. Müsbət nəticə bəlkə də hansısa boşluqların və problemlərin üzərini örtür. Amma digər halda üzə çıxan elə o problemlər olur. Ümumiyyətlə problemlər qələbə qazananda da, uduzanda da olur. Qurban bunların hamısını görür və aradan qaldırmaq üçün vaxtı da var. İnşallah yeni, iddiası, hədəfləri böyük olan, hər oyunda bizi sevindirməyə çalışan yığma görəcəyik. 

- Amma digər tərəfdən, böyük ümidlər bəslədiyimiz UEFA Millətlər Liqasında da şanslarımız azalır, yığma özünü yavaş-yavaş çətin vəziyyətə salır. Sizcə gec olmayacaqmı? Komanda toparlanınca bir də görəcəyik kənarda qalmışıq.

- Elə bir məqam yetişib ki, hamı Qurban Qurbanov və yığmanın ətrafında birləşməlidi. Farer Adalarında bizi ölüm-dirim mübarizəsi gözləyir. Müsbət nəticə ilə yolumuza davam edəcəyik və Kosovo ilə həlledici oyuna gəlib çıxacağıq. Ona görə də fikrimcə, komandanın yanında olmaq, üstün cəhətləri qeyd etmək lazımdı ki, növbəti oyunlarda uğurlu nəticə əldə edək. Şans var. Futbol ictimaiyyəti dərk edir, Millətlər Liqasında qrupda birinci yeri tutmaq və uğurlu nəticə ilə Avro 2020-yə vəsiqə qazanmaq vacibdi. Hesab edirəm ki, üstünlük bizdə olsa da, bunu nəticəyə çevirə bilmədik. Son oyundan sonra Qurban Qurbanovla görüşdə belə ifadə işlətmişəm ki, nə çatmır ki, son nöqtəni qoymağa imkan vermirlər? O da öz izahını edib. Bilir və bu problemi aradan qaldırmağa çalışır. Çıxış yolunu tapacaq yəqin ki. Topa nəzarət etmək, son nöqtəni qola çevirmək lazımdı. Təəssüf ki, hücum xəttində dişsizliyin səbəbi, futbolçular oyun praktikasından məhrumdular və tam hazır deyillər. bunu baş məşqçi dərk edir. Düz deyirsiz, heç kim bunları gözləmirdi. Qrupun favoritlərindən biri bizik. İndi belə duruma düşmüşük və komandanı ruhlandırmaq lazımdı.

- Elə biz də onu demək istəyirik ki, Malta kimi, topu hara gəldi vuran, anti-futbol oynayan komandanı məğlub edə bilmədik. Özünüz də gördüz ki, malta nəticəni hansı yollarla qazandı...

- Biz indiyə qədər Maltanı səfərdə məğlub edə bilməmişik. Bu sindromu sındırmaq istəyirdik. Futbolçulara da hər şey deyilmişdi. Sadəcə, son nöqtəni qoya, lazım olan qolu vura bilmədik. Heyif ki, məğlub duruma düşəndən sonra komanda toparlanıb bərabərlik qolunu vursa da, davamını gətirə bilmədi. Çalışan, istəkli və baş məşqçinin tapşırıqlarını yerinə yetirən kollektiv var. Düzdü tablodakı nəticə bizi qane etməyə bilər. Ancaq buna qədər tablodakı nəticələr gözəl olmayan oyunun üstünü örtürdü. İndi tamamilə fərqlidi. Diktə edən tərəf bizik, amma üstünlüyü qola çevirə bilmirik. Hər oyundan sonra baş məşqçi problemlərdən danışır. Onları aradan qaldırmaq üçün əlindən gələni edir. Reallıq budu. Hazırda elə vəziyyətə çatmışıq ki, qarşıdakı oyunda qələbə qazanmalıyıq. Bunun üçün də komandamıza dəstəyimizlə onlara təkan verən insanlardan olmalıyıq. 

- Səviyyəli futbolçu qıtlığı göz qabağındadı. Artıq Azərbaycan futbolunda bir çox dəyişikliklərin, AFFA-nın futbol siyasətinin dəyişdirilməsinin zamanı deyilmi?

- Bu sualı öz-özümə də verirəm, amma cavabını tapa bilmirəm. Biz də yığmada işləmişik. O vaxtdan bu sual aktualdı. Məndən əvvəl və sonrakı məşqçilər də səviyyəli futbolçu qıtlığının hiss olunmasını deyiblər. 25 il əvvəl qıtlıq vardı, indi də belədi. O vaxt komanda hansı şəraitdə fəaliyyət göstərirdi? İndiki şəraitə də baxın. Yaxşı meydançalar yox idi. Yığma ildə bir dəfə təlim-məşq toplanışına gedirdi. indi mütəmadi olaraq toplanışa gedirlər və yaxşı meydançalarda məşq keçirlər. Hər klubun nəzdində akademiyalar fəaliyyət göstərir. Məşqçilərin təhsili var. Onları yetişdirib böyük futbola addım atmağa kömək edirik. Yenə də sual aktualdı, qıtlıq yaşanır və bu özünü büruzə verir. AFFA tərəfindən xeyli layihələr həyata keçirilir ki, problem aradan qaldırılsın. Ancaq bir şeyi də başa düşməliyik. Bu təkcə AFFA-dan deyil, klublardan da gəlməlidi. futbolçu əsas işi klubda görür, sonra yığmaya dəvət alır. Klublar yığma məşqçiləri ilə işləməklə lazım olan nəticəni əldə edə bilər. 

- Əksəriyyət düşünür ki, indiki şərait əvvəlki futbolçulara yaradılsaydı, bundan daha yaxşı, səviyyəli, futbol görərdik, yuxarı pillələrdə yer tutardıq. Bu məsələ ilə razısız?

- Sizinlə razıyam, ola bilərdi. Bunu müzakirə edə bilmərik. Böyük işlər görüb, uğurlara nail olmaq istəyiriksə xırda məsələlərə, tam şəkildə bütün amillərə fikir vermək lazımdı. İndi futbolçular üçün hər bir şərait yaradılıb. Futbolçularımız indi Avropanın diqqətində olmalıdı. Götürək Kosovonu, keçənilki yığma ilə, indiki arasında fərq var. Keçən il yerlilərə güvənən Kosovo yığması vardfı və qrupda 1 xal əldə etmişdi. İndi digər ölkələrdə top qovan və potensialı olan futbolçuları heyətə cəlb etməklə uğura nail olmağa çalışırlar. Uzağa getməyək. Maltanın da digər ölkələrdə çıxış edən futbolçuları da seçilirdilər. Bəlkə də çıxış yollarından biri budu ki, ən yaxşı futbolçularımız Avropada çıxış edə və bununla yığmanı da zənginləşdirərlər. Ancaq bu sırf çıxış yolu deyil. Komleks şəkildə olmalıdı. Aşağı yaş qruplarında uğurlar əldə etməliyik. Xeyli görüləsi işlər var. 

- O zaman futbolçularımızn xaricdə uzun müddət çıxış etmələrinin qarşısını alan nədi? Təkcə maliyyədimi? Araz Abdullayev, Kamran Ağayev və bir çox nümunələr var ki, futbolçularımız xaricdə tab gətirə bilmirlər. 

- Bu sırf mentalitetimizdən irəli gələn məsələdi. Doğmalarımızdan uzaqda qala bilmirik. Problemlər də bundan əmələ gəlir. Uzun yol qət edən futbolçuların adlarını çəkdiz. Amm yeni futbolçularımızı o cür formalaşdırmalıyıq. Onlar da dərk etməlidilər ki, gənc vaxtlarından Avropa klublarında oynasın. Mentalitetin rolu çox böyükdü. Bəlkə də bundan əlavə ən önəmlisi, rəqabətdi. Rəqabətə daim tab gətirən futbolçular yetişdirməliyik. Onlar böyük şəxsiyyətlər olmalıdı və bundan sonra uğurlara imza ata bilərik. 

- Konkret, hansı təklifləri səsləndirə bilərsiz ki, futbolumuz heç olmasa "cırtdanlar"dan aşağı səviyyəyə yuvarlanmasın?

- Bu kompleks şəkildə olmalıdı. Birdən-birə bu suala cavab tapmaq çox çətindi. Bir neçə il öncə fikirləşirdik ki, böyük sıçrayışa nail olmuşuq. San-Marino kimi komandalara 5 qol vururduq. İndi yenidən bu sualı gündəmə gətirdik. Ümumiyyətlə futbolda belə anlayış yoxdu, hamı oynayır. Lüksemburq həm yığma, həm də klub səviyyəsində sübut edib ki, hər ölkə uğur qazana bilər. Bayaq klub və yığma sistemindən danışdım. Bunu bərpa edə bilməsək bizə çox çətin olacaq. Bu sistemi həyata keçirmək çox önəmlidi. Dərk etsək istəyimizə nail olarıq. hazırda komandaların əksəriyyəti AFFA tərəfindən maliyyələşdirilir. Üstəlik komandaların sayı azalıb. Keyfiyyəti qorumaq istəyiriksə mütləq klubdakı fəaliyyəti gücləndirib, yığmaya güclü futbolçular yetişdirilib göndərilməlidi. O vaxt yığmanın baş məşqçisi olanda belə bir konsepsiya hazırlayıb rəhbərliyə çatdırmışdım. Belə strateji addımlar mütləq yığmaya təkan verəcək.

- AFFA-da futbol ictiamiyyəti, veteranlar, futbolçular, mətbuat nümayəndələri ilə geniş bir görüş keçirmək, irad və təklifləri dinləyərək, konsepsiyanın hazırlanması mümkündürmü?

- Müzakirələr aparırıq. Ancaq siz "AFFA-da" sözünü əlavə etdiz. Müsahibə verəndə, siz və mən öz fikirlərimizi bildiririk. Niyə də mümkün deyil? Mümkünsüz heç nə yoxdu. Düşünürəm ki, hər sahədə olduğu kimi, futbolda da monitorinqlərə, hansısa fikirlərə ehtiyac var. Hər birimizi futbolumuzun uğuru maraqlandırır. Bəlkə də ən vacibi bu idi ki, siz təklif etdiz. Gücə güc qatmaqla futbolumuzun inkişafına təkan verə bilərik. Nəinki hər birimiz kənara çəkilib mənfi görünənləri tənqid etməklə. Düzdü, tənqidsiz mümkün deyil.  Tənqidi aradan qaldırmaq üçün əks addım atılmalıdı. Hansı ki, siz həmin addımı təklif etdiz. Əlbəttə mümkündü. Fikrimcə çox yaxşı təklifdi. Hər birimiz uğur istəyiriksə, niyə siz dediyiniz kimi təkliflər irəli sürməyib, onları həyata keçirməyə çalışmayaq? Niyədə yox?

- U-21-lə bağlı nə deyə bilərsiz? Dünən yenə uduzdular. Ümid verdilərmi? 

- Ümid verdilər. Rəşad Sadıqov təyinatının ilk günündən gördüm ki, gələcəyə hesablanmış addımlar atmağa başlayıb. 70-80 faiz gələcək yığmanı formalaşdırmağa başlayıb. O başa düşürdü ki, cəmi 3-4 oyun qalıb və növbəti mərhələyə adlamaq üçün perspektiv vəd edən futbolçular yığmaya cəlb olunmalıdı. Onları sınaqdan keçirməyə başlayıb. Deyə bilərəm ki, tam şəkildə informasiya bankı əldə edib. Gələcək seçmə mərhələdə çıxış edərkən bu problemləri aradan qaldırmağa çalışacaq.

- Onda bu tsikldə U-21-in hansısa yeri tutub növbəti mərhələyə adlamasından əlimizi üzək?

- Xeyr, demək istəyirəm ki, bu Avropa çempionatının seçmə mərhələsinin davamı kimi, yeni yığma formalaşdıracaq. Hədəfləri böyük olan ayrı bir yığma görəcəyik. Bu 3 oyunda səmərəli istifadə etməklə gələcəyin yığmasını hazırlamağa başladı. Gələcək yığmaya dəvət edəcəyi futbolçuları çağırıb şans verirdi. hazırda Rəşadın bütün futbolçularla bağlı məlumatı var. Püşkatmadan və rəqiblər bəlli olandan sonra, inşallah bu mərhələdə formalaşan güclü yığmanın davamını görəcəyik. Onun fikirləri çox xoşuma gəldi. Müzakirələr aparırıq. 

- Mütəxəssis eyni zamanda böyük kimi Rəşad Sadıqova nə məsləhət görürüsüz? Əksəriyyət düşünür ki. həm futbol oynamaq, həm də məşqçilik etmək bir-birinə mane olur. 

- İstər-istəməz bunu özü də başa düşür. Ancaq hər şey müvəqqəti xarakter daşıyacaq. Fikrimcə, tezliklə Rəşadın məşqçi kimi fəaliyyətini görəcəyik. İndidən demək istəyirəm ki, gələcəkdə güclü məşqçi formalaşmasının şahidi olacağıq. Yəni, tezliklə özü bu seçimi edəcək. Gördüyüm deyirəm.

Sport7.az

Xəbər lenti