Vaqif Sadıqov: "Xəzər" və "Kəpəz"lə bağlı gündəlikdə heç nə yoxdu?"

Vaqif Sadıqov:
Mayın 11-də AFFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək. 

Təbii ki, orda bir sıra məsələlər müzakirə ediləcək, bu öz yerində. Ancaq hazırda gündəmdə duran iki komandanın taleyidi. Yəni "Xəzər"in Premyer Liqaya yüksəlib-yüksəlməməsi və "Kəpəz"in qalıb-qalmayacağı əsas müzakirə mövzusudu.

Bu üzdən İcraiyyə Komitəsinin üzvlərindən Vaqif Sadıqovla danışdıq. Sadıqov Sport7.az-a açıqlamasında bunları söylədi:

"Düşündüklərimi iclasda da bildirəcəm. Gördüyünüz kimi, ilk növbədə orda əvəzedici heyətlər müzakirə olunacaq. 3 ildi Məşqçilər Komitəsi olaraq U-19 liqasının nüfuzunun qaldılrılmasını tövsiyə edirik. Nəzərə alsaq ki, əvəzedici heyətdə ən yaxşı 19 yaşlı futbolçular oynayır və bu liqanın qalibi Azərbaycanı Çempionlar Liqasında təmsil edir, bu yarışın nüfuzu qalxmalıdı. Ən yaxşı futbolçular U-19 liqasında cəmləşməlidi. Əvəzedici heyət əsas komandanın ən yaxın ehtiyat qüvvəsidi. Belədə klub ikinci komandanı yaratmaqla birinci divizionda da çıxış edə bilər. Bunu tövsiyə edirik. Hesab edirik ki, futbolçular birinci divizionda özlərindən qat-qat güclü rəqiblərlə rəqabət aparmaqla tez inkişaf edə bilərlər.

Digər məsələ ondan ibarətdi ki, 1996-1997 təvəllüdlü futbolçulara imkan vermək lazımdı ki, limitə uyğun meydançada yer ala bilsin. Bu tamamilə düzgün qərardı. Çünki 21 yaşlılarımız sentyabr-oktyabr aylarında seçmə oyunları bitirirlər. Final mərhələsinə vəsiqə qazanarsa, yayda U-21-in turniri bitir. Baş məşqçilərə rahat olması üçün futbolçuların əsas komandalarda yer almasına imkan verəcəyik. Hədəflərimiz yüksək olacaq. Allah eləsin, komanda qrupdan çıxıb, final mərhələsinə vəsiqə qazansın. Bu üzdən vaxtı daha bir il uzadacağıq ki, futbolçular əsas komandalarında yer alsın. 

Daha sonra lisenziyalaşdırma ilə bağlı məsələlər var. Hansı komandaların lisenziyalaşdırmanın tələblərinə uyğun olub-olmadığı müzakirə olunacaq. 

"Xəzər" və "Kəpəz"lə bağlı gündəlikdə heç nə yoxdu. Bu suala sadə cavab verə bilərəm ki, lisenziyaya cavab verən klublar Premyer Liqaya vəsiqə qazana, yerlərini təmin edə bilərlər. Ciddi və Azərbaycan futboluna fayda verən klubların Premyer Liqada oynamasına ikiəlli razıyıq. Kim buna qarşı çıxa bilər? Vaxt gəlib çatıb ki, bütün komandalar lisenziyalaşmanın tələblərinə cavab versinlər ki, daha sonra birinci yeri tutan komanda Premyer Liqaya vəsiqə qazana bilsin. 

Bundan öncə də addımlar atılırdı ki, Gəncəyə böyük futbolu qaytaraq. Amma digər tərəfdən idman prinsipləri də var. Bu, çox ciddi məsələdi, müzakirələr vaxt aparacaq. Gəncə futbolsuz qalmamalıdı. Hamıya bir şey şamil olunmalıdı. Lisenziyaya cavab verməlidilər. Çünki UEFA tərəfindən qarşımıza tələb qoyulub. Eyni zamanda UEFA-nın yarışlarında da çıxış etmək üçün lisenziya tələblərinə cavab verməlidilər. Bir sözlə tələblərə uyğun olan hər bir kluba "yaşıl işıq" yandırılacaq.

Nəzərdə hansı vəziyyətin tutulduğunu bilmirəm. Amma düşünürəm ki, niyə də növbəti mövsümdən Premyer Liqada 10 komanda olmasın? Ən vacibi odu ki, komandalar birgünlük olmasın. Maddi dayağı olan klublarımız Premyer Liqada oynasın. Təkcə sayı deyil, keyfiyyəti də artırırıq. Futbolçulara yaxşı şəraiti olan klublarda özlərini göstərməsi üçün imkan verəcəyik. Müasir dövrdə yaşayırıq. Elə bir adam yoxdu ki, komandaların sayının artmasını istəməsin".

Sport7.az

Xəbər lenti