"Vaqifə atası mane olurdu" - Sabiq klub prezidenti

Sport7.az "İnter”in sabiq prezidenti Georgi Nikolovun Fanat.Az-a müsahibəsini təqdim edir...

- Hazırda nə ilə məşğulsuz?
- İdman turizmi sektorunda konsultantam. O qədər də böyük olmayan şirkətim var. Həm də nəvəmə babalıq edirəm (gülür).

- Azərbaycan futboluyla maraqlanırsız?
-Əlbəttə, maraqlanıram. Yalnız futbolu yox, ümumiyyətlə, sizin idmanı izləyirəm. "İnter”, Bakı və dostlarım üçün darıxıram.

- Siz "İnter”də, yəni indiki "Keşlə”də oynamış Vaqif Cavadovun Rusiya mətbuatına verdiyi son müsahibəni oxumusuz?
- Yox. Daha heç bir klubda oynamadığını bilirəm. Karyerasını bitirib?

- Xeyr. "Keşlə”nin prezidenti Zaur Axundovun onunla prinsip apardığını, "Keşlə”nin sabiq çalışdırıcısı Yuri Maksimova onu meydana buraxmamağı tapşırdığını açıqlayıb. 
- Belə bir olay yaşanıbsa, yalnız təəssüfləndiyimi deyə bilərəm. 

- Vaqifi necə xatırlayırsız?
- Şəxsən mənim xoşuma gəlirdi. Həm məsuliyyətli oyunçu, həm də yaxşı insan kimi... Ona kapitanlıq sarğısının verilməsini Kaxayla (həmin dönəmdə "İnter”i çalışdırmış Kaxaber Tsxadadzeni nəzərdə tutur – red.) birlikdə müzakirə etmişdik. Vaqif bir futbolçu kimi komandaya çox böyük fayda verib.

- Bəs Zaur Axundovu?
-Tanıyıram. Futzal Federasiyasının prezidenti olub. Amma onunla cəmi bir dəfə ünsiyyət qurmuşuq. Lüksemburqda - "İnter”in Avroliqa oyununda.

- Yəqin 2017-ci ilin iyunundakı görüşü - Bakı təmsilçisinin evdə minimal hesabla yendiyi "Fola”ya 1:4 hesabıyla uduzduğu görüşü nəzərdə tutursuz...
- Tamamilə doğrudu...  "İnter”i dəstəkləmək, köhnə dostlarla görüşmək üçün getmişdim. Axundov xatirimdə yaxşı kişi və idarəçi kimi qalıb. Bunu cəmi bir dəfə qurulmuş ünsiyyətə əsasən deyirəm. 

- Nə vaxtsa "İnter”i çalışdıran məşqçilərə heyətlə bağlı göstəriş vermisiz?
- Biz məşçilərlə müzakirələr aparmışıq. Amma heyəti müəyyənləşdirmək çalışdırıcıların işidi. Heç vaxt baş məşqçiyə "filankəsi oynatma” deməmişəm. Bu, peşəkarlıqdan uzaq hərəkətdi. Mən klubda yalnız özümə aid olan işi görmüşəm.

- Bir ara Tsxadadze ilə Vaqifin arasında ciddi problemlər yaşanırdı. Üstündən uzun müddət keçib. Bəlkə əsl səbəbi öz dilinizdən eşidək?
- Doğrusu, Kaxa onu özünü göylə apardığını, dikbaşlıq etdiyini deyirdi. Ancaq mən Cavadovda buna bənzər nə isə görməmişəm. Vaqifə çox şeydə atası (Füzuli Cavadov – red.) mane olurdu. Hər şeyə qarışırdı. Kaxanın belə şeyləri görməyə gözü yox idi. Elə mənim də...

- Bəlkə ata Cavadovun hansısa hərəkətini dəqiq açıqlayasız? Konkret olaraq yadınızda nə qalıb?
- Bir dəfə xoşagəlməz şəkildə kabinetimə girib baş məşqçidən şikayət etdi, oğlunun maaşından gileyləndi, müxtəlif məqamlarla razılaşmadığını bildirdi. Düzdü, belə davranışına qarşı səbr nümayiş etdirdim. Axı Füzuli Cavadov Azərbaycan futbolunun tanınmış simalarındandı. Amma məndə bu hərəkəti pis təəssürat oyatdı. Ona görə də, Vaqifin atasıyla "Keşlə” rəhbərliyi arasında buna bənzər nə isə olduğundan şübhələnirəm. Atasına görə klubdan uzaqlaşdırıldığını mümkün variant sayıram.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR