"Berti Foqtsa aftafa hədiyyə etdik..." (RUBRİKA)

"Gülməli xatirələr" rubrikamız davam edir. Futbol ictimaiyyətinin nümayəndələri futbolda başlarına gələn, gördükləri, eşitdikləri gülməli hadisələri bizimlə bölüşüblər.

Keçək xatirələrə...

Pərvin Kazımoğlu (Jurnalist): "Qarabağ" Çempionlar Liqasının qrupuna düşəndə hamı vəd verirdi ki, "Qarabağ" qrupa düşsə, filan şeyi edəcəm. Mən də zarafatla yazdım ki, "Qarabağ" qrupa düşsə, profilimə 3 gün Pərvin Abıyevanın şəkilini qoyacam".
 

 
"Qarabağ" "Kopenhagen"i keçdi, səhər yuxudan durub gördüm 50-dən artıq mesaj gəlib. Hamı vədimə əməl etməyimi tələb edir. Mən də əməl edib, Pərvin Abıyevanın cazibədar bir şəkilini profilə qoydum. Günlərlə müzakirə mövzusuna çevirildi. Sonradan eşitdim ki, bu məsələ müxtəlif dövlət qurumlarında, mətbuat orqanlarının ofislərində müzakirə mövzusuna çevirilib. Hətta elələri olub ki, soyadıma baxmadan Pərvin Abıyevanın futbolla bağlı müzakirələr apardığını düşünənlər də olub. 40-50 yaşında kişilər məni Pərvin Abıyeva sanıb, mesaj yazırdılar, görüş təklif edirdilər. Arada yenə o mesajlardan gəlir".
 


Elçin Cəlilov (Jurnalist): "Məşhur bir hadisə olmuşdu - bir neçə jurnalist qərara gəlmişdik ki, Berti Foqtsa aftafa verək. Buna səbəb onun Qazaxıstan səfərində həmkarlardan birinin sualına ironiya ilə: "Məqsədimiz Braziliyada keçiriləcək DÇ-ya vəsiqə qazanmaqdır" deməsi idi. Aftafa dünya kuboku idi və biz də bu ironiyaya görə Foqtsa əvvəldən təqdim etmək istəyirdik. Birtəhər reallaşdırdıq aksiyanı. Aləm qarışdı. 
 


Bir neçə gün sonra Bakıda Belçika ilə oynayırdıq. Minimal hesabla uduzduq. Oyundan sonra mətbuat konfransında izdiham var idi, çünki o hadisə marağı xeyli artırmışdı. Bizim başqa planımız da var idi, lakin oyunsonrası konfransa Foqts yox, onun köməkçisi Vəli Qasımov gəlmişdi. Planımızın növbəti hissəsini bu səbəbdən gerçəkləşdirə bilməsək də, Qasımov yenə bizə mövzu verdi. 
 


Azərbaycanca səlis danışa bilməyən Qasımov oyun haqda fikirlərini bildirəndə belə cümlə işlətdi: "Daldan ciddi problemlərimiz var idi, ona görə buraxdıq". O, müdafiədə problemlərin olduğu üçün qol buraxmağı nəzərdə tutsa da, məqam idi, böyük canfəşanlıqla sual verməkçün icazə alıb, fürsəti dəyərləndirdim: "Vəli müəllim, daldan problemlər çox ciddi idi?". Sualdan sonra zalda gülüşmələr olsa da, Qasımov heç nə olmamış kimi davam elədi: "Bəli, dalda problemlərimiz çoxdur". Ondan sonra "Daldan problemlər" ifadəsi dəbə düşdü və günümüzədək yaşamaqda davam edir".
 
Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR