Veteran futbolçu:

Veteran futbolçu: "Neftçi" mənə daha doğma olub"

Sport7.az veteran futbolçuları yad etməyə davam edir. Bugünkü müsahibimiz İlham Yadullayevdir. 

İlham Yadullayev 17 sentyabr 1975-ci il tarixində Bakı şəhərində anadan olub. 43 yaşlı keçmiş müdafiəçi peşəkar karyerasına "Neftçi"də başlayıb. Ancaq futbolçu kimi fəaliyyət göstərdiyi illərdə həm Azərbaycanda, həm də ölkə xaricində bir sıra klublarda çıxış edib. O, "Şəmkir", "Karvan", "Kəpəz", "Qarabağ", "Sanat Naft" (İran), "Volın" (Ukrayna), "Tavriya" (Ukrayna) kimi komandaların şərəfini qoruyub. 

1998-cil ildən 2004-cü ilə qədər Azərbacan millisinin formasını geyinən Yadullayev 34 oyunda meydana çıxıb. 

Hazırda məşqçi kimi fəaiyyət göstərən İlham Yadullayev keçmiş günlərini belə xatırlayır. 
 


- Futbola başladığınız illəri necə xatırlayırsınız7
- 1986-ci il idi. Meksikada Dünya çempionatı gedirdi. O vaxt hamı futbolu sevir, məhəllələrdə futbol oynayardılar. Biz də elə məhəllədə futbol oynaya-oynaya böyümüşük. Maraq çox idi, futbol oynamaq istəyirdim. Elə dünya çempionatına da baxdıqdan sonra evdəkilərə dedim ki, mən futbola yazılmaq istəyirəm. Mərkəzi stadionda uşaq futbol komandasına yazdırdılar. Və beləcə futbol həyatım başladı. 

Orada Kazbek Tuayevıin uşaq futbol məktəbi vardı. Ora götürdülər məni. İlk məşqçim Böyükağa Abbasov olub. Rəhmətə gedib artıq. 9-cu sinifdə oxuyanda "Neftçi"yə dəvət aldım. Səhv eləmirəmsə, 1990 ya da 1991-ci il idi. Stajor kimi götürdülər. Və beləcə başladım peşəkar klubda məşqlərə.

- İlk maaşınız nə qədər olub?
- Dəqiq yadımda deyil. 50 rubl, ya da manat idi. Bilirəm ama nəsə 50 idi. (gülür)...

- Milliyə ilk dəfə nə vaxt dəvət almısınız? Debüt matçınızı xatırlayırsınız?
- Əvvəlcə 21 yaşlılardan ibarət milliyə dəvət almışdım. O vaxt komandanın adı "Olimpiyski" gedirdi. Məşqçimiz Vaqif Sadıqov idi. İli dəqiq yadıma sala bilmirəm, ilk dəvətim olmuşdu elə Vaqif müəllimin vaxtında. Lixtenşteyn ilə oyuna. Komandan ondan əvvəl Mərkəzi stadionda deyəsən Macarıstanla oynamışdı. İkinci oyun da isə Lixtenşteyn ilə qarşılaşacaqdı. O oyuna dəvət aldım və ondan sonra daima milliyə çağırıldım. 

- Çıxış etdiyiniz klublardan hansı mənfi, hansı müsbət mənada yadda qalan olub?
- "Neftçi" mənə həmişə daha doğma olub. Bu komandada gözümü açmışam, böyük futbolu orada öyrənmişəm. Ancaq ona baxmayaraq, hansı kluba dəvət almışamsa, həmişə çalışmışam ki, o komandada öz yerim olsun. Həm meydanda, həm meydandan kənarda hər şeyin yaxşı olması üçün çalışmışam. "Şəmkir"də də, "Karvan"da da, "Gəncə"də də... Hamısı mənə xoş olub.

- Bəs qalmaqalla ayrıldığınız komanda olub?
- Yevlaxda olmuşdu. O da qalmaqal deyəndə ki, anlaşılmazlıq oldu. Onda bir balaca narazılıq oldu. Ancaq böyük qalmaqal olmayıb. 
 


- Anlaşılmazlıq nəyə görə oldu?
- Maliyyə söhbəti idi. Komandada çətinlik vardı. Ancaq bizi buraxmaq istəmirdilər. Mən isə, getmək istəyirdim. Ancaq sonda mədəni şəkildə yolları ayırdıq. 

- Bəs hansısa bir futbolçu ilə aranızda qalmaqal olubmu, hələ də küsülü olduğunuz kimsə var?
- (Gülür)... Futbolçularla heç vaxt. Elə bir şey heç vaxt ola bilməz. 

- Futbolda başınıza gələn ən gülməli hadisə...
- Elə indi bir moment yadıma düşdü. "Olimpiyski"də oynadığımız vaxt idi. Səhv eləmirəmsə, Rumıniyaya qarşı oyun idi. Məşqçimiz də Nizami Hacıyev idi. Həmin vaxtlar forma ilə bağlı çətinliklər vardı. Elə oldu ki, oyun vaxtı sürüşmə fəndi işlətdim və əynimdəki şort çırıldı. Hakim də gördü və dediki dəyiş. Onda da hər nəfərdə bir forma vardı. Dəyişmək üçün artıq forma yox idi. Mən həm oynamalıyam, həm formamı dəyişməliyəm. Elə ordaca uşaqlardan biri oyun gedə-gedə şortunu çıxarıb mənə verdi. Məcbur olub onu geyinib oyuna davam etdim. 

- Dediyiniz kimi, sizin futbolçu olduğunuz dönəmdə vəziyyət çətin idi. Hazırkı vəziyyəti, şəraiti, çempionatı necə qiymətləndirirsiniz?
- O vaxtlar komandaların sayı çox idi. Bölgələrdə oyunlar olurdu. Maraqlı keçərdi çempionat. Özünüz də bilirsiniz ki, bölgələrdə oynamaq çətin olurdu. "Neftçi"də oynadığmız vaxtlarda Masallıda, Qazaxda, Tovuzda çətin idi oynamaq. Oyun baxımından, ustalıq baxımından səviyyə artırdı. İndi ama hamı Bakıda oynayır. Premyer Liqanı nəzərdə tuturam. Bölgə klubu ancaq "Qəbələ"di. Komanda sayının az olması da təəssüf hissi yaradır. Çox olsaydı, maraq da olardı, futbolçu da çox yetişərdi. İndi  futbolçuların səviyyəsi artsa da, o vaxtlar da yüksək səviyyəli futbolçular vardı. Və komanda sayı çox idi, rəqabət çox idi. 

- Keçmişi geri qaytarmaq mümkün olsaydı, yenə futbolu seçərdiniz?
- 100 % futbolu seçərdim. (gülür)...

Röya Kərimli
Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR