“Volkan Üst kimdi? Əslində, heç kim!” - YAZI

“Volkan Üst kimdi? Əslində, heç kim!” - YAZI
"Volkan Üst kimdi? Əslində, heç kim. Bəlkə də maraqlı karyerası olub, hardasa, nəsə iş görüb, amma Azərbaycana ancaq havayı pul qazanmağa gəlib”.
 
Sport7.az xəbər verir ki, bu barədə futbolinfo.az saytı yazıb.
 
Saytın yazdığına görə, "CBC Sport” Volkan Ütün vaxtında hansısa keyfiyyət dəyişikliyinə nail olmayıb: "Nə ciddi müəllif proqramları var, nə maraqlı reportaj, nə analitik verilişlər, nə də qeyri-adi nəsə. Sıradan bir kanaldı. İlk vaxtlar hər şey yaxşı idi. Türkiyədən gələn səyyar briqadaların sayəsində oyunların çəkilişi yüksək səviyyədə təşkil olunur, zövq verirdi. Lakin zaman keçdikcə bəlli oldu ki, bu, hansısa rəhbərin əməyi deyil, hər şeyi maliyyə həll edir. SOCAR telekanalın ancaq pulyemə aparatı olduğunu görüb, büdcəni azaltdı, onunla da hər şey adiləşdi. "CBC Sport”un indi təşkil etdiyi yayım 90-cı illərdə AzTV-nin çəkdiklərindən çox da keyfiyyətli deyil”.
 
Maraqlıdı, bəs nəyə görə Volkan bəy bu postda saxlanılır? Onun aldığı 15 min dollar aylıq maaş izafi xərc deyilmi? Saytın yazdığına görə, hansısa bacarığı olsa, buna göz yummaq olar: "Amma elə "CBC Sport”un özündə bu dəqiqə Rüstəm Əfsərli, Elnur Məmmədlinin simasında elə əməkdaşlar var ki, Üstdən daha bacarıqlı, daha kreativdilər. Volkan bəyin hansısa bacarığından, yüksək keyfiyyətli işindən heç danışmaq olmur. Bu adamın hətta Türkiyədə də heç bir nüfuzu yoxdu, əks halda, hansısa əlaqələr qura, əməkdaşlıq edə, mübadilə xarakterli süjetlər, reportajlar hazırlatdır bilərdi. O isə avrokubok mövsümündə klubların, millinin matçları vaxtında AFFA-nın qapısını kəsib, səfərə çıxmaq üçün boyun bükür, mikrofon tutur, özünü rəhbərə layiq olmayan şəkildə rəzil edir.
 
Volkan bəy əmr quludu. Əsas işi 18-20 dəfə az maaş alan daha istedadlı azərbaycanlı kadrlar görür, Üst isə bağladığı müqavilənin kölgəsində xumarlanır. Sözəbaxan, üzüyoladı, 15 min dollarına görə hər şeyə razıdı”.
 
Sayt yazır ki, özümüzdə də bacarıqlı kadrlar az deyil. Sırf idman sahəsindən danışırıqsa, Asif Bağırov, Mehman Rəsulov, Altay Əliyev, Elnur Əşrəfoğlu kimi daha təcrübəli simalar var. Bu siyahıya Şakir Eminbəylini də əlavə edə bilərik. "Qarabağ” üçün bir sıra maraqlı layihələr təşkil edən bu telejurnalist istedadına qiymət verilməyən insanlardandı. 
 

Xəbər lenti