Vurğun “Sumqayıt”ın fiaskosunu gözləyənlərlə razılaşmır

Vurğun “Sumqayıt”ın fiaskosunu gözləyənlərlə razılaşmır

"Sumqayıt”ın kapitanı Vurğun Hüseynov "Futbol+” qəzetinə müsahibə verib. 

Sport7.az xəbər verir ki, kapitan əvvəlcə zədələnməsindən danışıb:

"Qəbələdəki toplanış zamanı arxa baldır hissəsindən zədələndim. MRT müayinəsindən keçmişəm, ancaq cavabı sabah (bu gün) bəlli olacaq. Məncə, qorxulu heç nə yoxdu. Böyük ehtimalla hazırlığın ikinci mərhələsində kollektivlə birgə məşqlərdə iştirak edəcəm”.

Vurğun mövsümlərarası fasilədə aparıcı futbolçularını itirən "Sumqayıt”ın yeni "futbol ili”ndə heç də "qapazaltı uşaq” təsiri bağışlayacağını düşünmür: "Baxmayaraq ki, bu yay bəzi aparıcı oyunçular düşərgəni tərk etdi, "Sumqayıt” ötən illərdə olduğu kimi, yenə əzmkar, asan təslim olmayan, sona qədər mübarizə aparan komanda olacaq. Mən bunu əminliklə deyirəm. Düzdü, bu gün heyətdə gənclər üstünlük təşkil edir. Ancaq onlara da inanırıq. Qəbələ toplanışı göstərdi ki, gənclər oyundan-oyuna daha yaxşı təsir bağışlayırlar. Qarşıdakı günlərdə komandaya yeni futbolçuların da qoşulacağı gözlənilir. Bu yöndə rəhbərlik və məşqçilər korpusu çalışırlar”.

29-cu ölkə çempionatının və Avropa Liqasının startına saylı günlər qalıb. Komandaya yeni qoşulanların kollektivə uyğunlaşmasına isə müəyyən vaxt tələb olunur. "Sumqayıt”ın da gözləməyə vaxtı yoxdu. Kapitanın bu məqamla bağlı fikiləri belə oldu: "Məşqçilər korpusu artıq uzun müddətdi yeni oyunçular axtarışındadı. Yəqin ki, transfer zamanı bütün nüanslar nəzərə alınacaq və yeni gələnlər komandaya uyğunlaşmaq baxımından problemlə üzləşməyəcək. Hamı bu gün "Sumqayıt”ın Avropa Liqasında çətinliklə üzləşəcəyini söyləyir. Bəziləri isə daha uzağa gedib fiaskoya uğrayacağımızı yazır. Futbol proqnozu sevmir, komandanın oyununu izləməyənlərin nəyə əsasən belə düşündüyü mənə maraqlıdı. "Sumqayıt”ın qitəmiqyaslı turnirdə bir neçə mərhələ adlayacağını iddia edə bilmərəm. Hamı bilir ki, komandamız bu turnirdə debütantdı. Avrokuboklarda təcrübə çox şey deməkdi. Ancaq bir şeyi bilirəm ki, heç kimə asan təslim olmayacağıq. Onsuz da iki ildi ardıcıl tarix yazırıq. 2019-da ölkə kubokunun finalına yüksəlməklə azarkeşlərimizi sevindirib, klub tarixində ilkə imza atdıq. Bu il isə daha bir yeni səhifə açdıq. Pandemiya üzündən altı aya yaxındı rəsmi görüşə çıxmamışıq. Futbolçuların əksəriyyəti oyun təcrübəsi baxımından əziyyət çəkir. Ancaq geridə qalan üç yoxlama qarşılaşması və təlim-məşq toplanışının ikinci mərhələsində keçirəcəyimiz sınaq matçları bu yöndə köməyimizə çatacaq. İnanıram ki, azarkeşlərimiz sərgilədiymiz oyuna görə utanmayacaqlar. Çalışacağıq ki, onları sevindirək və fanatlarımız da "Sumqayıt”la qürur duysunlar. Bunun üçün əlimizdən gələni edirik”.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR