Xalq Azərbaycan futbolunun gələcəyini tanıdı

Xalq Azərbaycan futbolunun gələcəyini tanıdı
IV İslam Həmrəyliyi Oyunlarının səviyyəsi, orda yarışanların nəticələri, Azərbaycanı təmsil edənlərin qazandıqları medallar, medalçılara verilən mükafatın məbləği... artıq 10 gündən çoxdu ki, gündəmin əsas mövzuları bunlardı.

İslamiada bu yarışlarla maraqlananları iki cəbhəyə bölüb. Birinci qisim tənqidçilərdi. Onlar yarışlara qatılanların səviyyəsinin aşağı olduğunu iddia edir. Bu cür düşünənlərin arqumentinə əsasən bizimkilər məhz belə zəif rəqabətin fonunda əsl ev sahibinə çevrilib, Bakının idman saraylarında və futbol meydanlarında ağalıq edirlər, qazandığımız medalların sayını-hesabını itirmişik. Sözsüz ki, bu cəbhəyə aid olanlar zəif rəqabətin fonunda idmançılara verilən, məbləği 100 minlərlə ölçülən pul mükafatlarını hədsiz israfçılıq kimi qiymətləndirir, həmin pulun daha faydalı istiqamətlərə xərclənməsinin vacibliyini önə çəkirlər. 

Sayları az olsa da, əks cəbhə də var. Onların fikrincə idmanda istənilən nailiyyət uğur kimi qiymətləndirilməlidi, uğura isə sevinmək lazımdı. Rəqibin zəif olmasa bizim idmançıların günahı deyil. Mükafatın məbləği isə başbilənlərin səlahiyyətində olan məsələdi, idmançının borcu yaxşı çıxış etmək, medal qazanmağa çalışmaq və layiq görüldütü mükafatı götürmüəkdi. Axırda da həmin mükafatı can sağlığı ilə xərcləmək.

Sözsüz ki, demokratik cəmiyyətdə yaşamağa çalışırqsa, hər bir fikrə hörmət etməliyik. İstənilən halda, hər bir düşüncə sahibinin özünə görə həqiqəti, fikirlərinin qidalandığı məntiq var. Zamanın axınında bu yarışlar da ötüb keçəcək, nəticələri və yaxud da paylanılan mükafatları kimsə xatırlamayacaq da. Əsas odu ki, Azərbaycan idmanı bu yarışlardan nəsə qazansın, yeni istedadlar üzə çıxsın, yeniyetmə və azyaşlıların sağlam həyat tərzinə marağı artsın. Yalnız bu yolla biz idmanı kütləviləşdirə, bölgələrdəki istedadları üzə çıxarma, Azərbaycanı idmanının şərəfini legionerlərin asılılığından qurtara bilərik.

Futbolla bağlı da eyni vacib məqamlar keçərlidi. Son bir-iki ildə Azərbaycan futbolunun nüfuzu xeyli zəifləyib, azarkeşlərdə yerli futbola olan maraq və həyacan azalıb. Ölkə Premyer Liqasının oyunları zamanı tribunaların boş qalmasının bir səbəbi də budur. Azərbaycan çempionatının bölgələrdə yayımlanmasındakı problemlər, daha tanınınmış telekanalların yerli futbola biganəliyi öz təsirini göstərməkdədi. Bu yaxınlarda Klublar Komitəsinin sədri Kamran Quliyev dolayısıyla AFFA-nın diliylə acı etiraf etməyə məcbur olmuşdu: "Bölgələrdə insanlar Azərbaycan futbolundan xəbərsizdilər”. Yerli azarkeşlər ölkə çempionatından xəbər tuta bilmir. İldə 2-3 dəfə milli komandanın oyunlarına baxırlar. Onda da heyətdə dağıstanlı, türkiyəli, almaniyalı futbolçuların üstünlük təşkil etdiyini, gəlmələrin MİLLİ KOMANDAda at oynatdığını görüncə ümidsizliyə qapılırlar. Bu mənada İslam Həmrəyliyi Oyunları zamanı Azərbaycanın U-23 komandasının oyunlarının geniş kütləyə yayımlanması böyük təbliğat vasitəsi oldu.

Ütəlik, U-23-ün heyətindəki adlar, tanınmağa başlayan simalar insanların ürəyində ümid qığılcımları oyatdı. Sıravi azarkeşlər bildi ki, bizim də gələcəyə ümidlə baxmağımız üçün əsasımız var. Üzərlərində bir az da artıq çalışsalar Ağabala Ramazanovla Mahir Mədətov istənilən rəqibin qapısı qarşısında təhlükəkli "ikili”yə çevrilə bilərlər. Azər Salahlı sol cinahda Roberto Karlos kimi ağalıq edər, Ruslan Abışov yenə də ölkə sərhədlərini aşar. Biz onları yenidən gördük. Görməyənlər isə tanımaq fürsəti qazandı. Davamını gətirmək lazımdı. 

Amal ABUŞOV


Xəbər lenti