Xanım jurnalist:

Xanım jurnalist: "Hamı "Qarabağ" azarkeşi olduğumu iddia edir"

Futbolsevər xanımlarla müsahibələrə davam...

Bugünkü həmsöhbətim idman jurnalisti kimi fəaliyyət göstərən Zeynəb Əlizadədir. O, saytımıza müsahibəsində həm özü, həm də futbolla bağlı fikirlərindən bəhs edib. 

Əvvəlcə Zeynəbi yaxından tanıyaq. 
 


Bakı Slavyan Universitetində jurnalistika ixtisası üzrə təhsil almışam. Sahə seçimi edəndə isə, "İdman Jurnalistikası"nı seçmişdim. Düzü, seçim edəndə gələcəkdə bu sahədə çalışacağımı təxmin etmirdim. Mənə sadəcə futbol, nəticələr, statistika və ona aid xəbərlər maraqlı idi. Futbola marağımın yaranmasında atamın böyük rolu olub. Uşaqlığım Ucarın Qazyan kəndində keçib. İndiki kimi geniş seçim imkanlarımız yox idi. O vaxtlar İranın "3 barmaq" adlandırdığımız İrib kanalına yerli tv kanallardan daha çox baxırdıq. Futbolla ciddi şəkildə maraqlanmağa DÇ-2002 zamanı başlamışam. İndi mənə qəribə gəlir. Ancaq həmin vaxt Türkiyə-Braziliya oyununda ikinciləri dəstəkləyirdim. Qardaşım mənə "erməni" deyirdi. (gülür)... Braziliyanın çempion olması təsirsiz olmadı. Sonra İngiltərə Premyer Liqasının oyunlarını izləyirdim və "Liverpul"un oyununu daha çox bəyənirdim. Çempion olmasalar da, güclü heyəti vardı, əsas da Cerrard. "Liverpul"un ÇL-nın İstanbul finalında "Milan" üzərində qələbəsindən sonra artıq futbol fərqli təəssüratlar bəxş edirdi. 90 dəqiqədə çox hisslər yaşanır - sevinc, qəzəb, haqsızlıq, hörmət, xoşbəxtlik - mümkün bütün emosiyaları bir oyunla ala bilirsən. Mənə tək futbol özü maraqlı deyil, ona aid hər şey - hakim səhvləri, ofsayd, qol sevincləri, oyunsonrası açıqlamalar, azarkeşlərin fikirləri - maraqlıdır. İdman jurnalisti kimi özümü təsdiq etdiyimi düşünmürəm, edə biləcəyim çox şey var. Sadəcə, bəzən hər şey istədiyin formada getmir, hələ bir az da çəkingən xarakterin varsa. Əsas odur işimi sevirəm, bu mənim özümü əla hiss etdiyim sahədir.

- Deyəsən yerli futbolla elə də maraqlanmırsan? İzlədiyim qədəri ilə, sosial şəbəkədə də daha çox xarici futbolla bagli paylaşımlar edirsən...
- Yerli futbolla bağlı həmkarlarım çox paylaşım edir. Əsasən, saytın səhifəsində vacib yerli xəbərləri paylaşırıq. Mənim dostlarım və izləyicilərim arasında futbol fanatları kifayət qədər çox olsa da, əksəriyyəti futbolu sevmir. Çalışıram özümə və böyük çoxluğa maraqlı olan xəbərləri paylaşım. Millimizin və klublarımızın Avroliqa oyunlarında maraqlı və son məlumatları paylaşmağa çalışıram. Bu aralar, Avropa Liqası finalı ilə bağlı çox ismarıclar alıram. Çalışıram ki, UEFA-dan mail gələn kimi saytdan tez öz profilimdə paylaşım. Ən ciddi oxucum özüməm, ona görə harda nəyi və necə təqdim etmək məsələsinə ciddi yanaşıram. Eyni xəbəri profilimdə paylaşdığım tərzlə, saytın səhifəsindəki tərz tamam fərqlidir.
 


- Ümumiyyətlə, Azərbaycan futbolu ilə bağlı nə fikirdəsən? Ölkə çempionatının hazırkı səviyyəsini necə qiymətləndirirsən?
- Millimiz bütün məyusedici nəticələrinə rəğmən, dəyərlidir. İstər TV, istər stadiondan izləməyimdən asılı olmayaraq, bütün oyunlarında eyni həyəcanı keçirirəm. Məğlubiyyət üzücü olsa da, bəzən oyunçulara əsəbiləşsəm də, bu növbəti oyuna qədərdir. Növbəti oyunda yenə eyni gözəl hisslər. Baş məşqçinin və meydanda olan futbolçuların kimliyindən daha dəyərli təmsil etdikləri addır. Ümid edirəm, millimizlə uğurlu oyunlar görə biləcəyik. Çempionata gəlincə, əvvəlki illərlə müqayisədə bu il daha maraqlı keçdiyini demək olar. "Neftçi"nin uzun müddətdən sonra toparlanması, ardıcıl çempionluqlar qazanan "Qarabağ"la rəqabəti xüsusi diqqət çəkir. Son yaranan klublardan "Səbail"in son oyunları, klubun azarkeşləri stadiona cəlb etmə cəhdləri təqdirə layiqdir. "Qəbələ" isə, təəssüf ki, əvvəlki illərlə müqayisədə geriləyib. Uduzmaqlarını istəmirəm, atam Qriqorçuk sayəsində "Qəbələ" fanatı olub, uduzanda dilxor olur. (gülür)... Komanda sayı çox olsa, bölgələri təmsil edən klublar Premyer Liqada iştirak etsə, daha yaxşı olar. İndiki durumun da bərbad olduğunu düşünmürəm, əla deyil, pis də deyil - orta.

- Futbol ictimaiyyətinin "lənətlədiyi" AFFA idarəçiliyi və 8 komandaları "Bakı birinciliyini" tənqid etməyən ilk müsahibimsən. Bu cavabından sonra tənqid atəşinə tuş gələcəyini düşünürsən? 
- İnanmıram ki, məni belə düşündüyümə görə tənqid edələr. Fərqli fikirlər olmalıdır, istənilən mövzuda pisi deyirsənsə, yaxşını da qeyd etməlisən. Haqlı tənqidlər çoxdur, ancaq fikrin ifadə tərzi çox önəmlidir. Bəzən isə tənqid ifrat olur, qərəzə, təhqirə belə çevrilir. Bu kənardan hədsiz pis görünür. Mən tərifləmirəm, AFFA əla, TPL möhtəşəmdir demirəm, sadəcə mövcud vəziyyəti faciəvi qiymətləndirmirəm. Daha yaxşı nəticələr və çempionat isə hamımızın arzusudur.

- İşinə görə üzdə göstərməsən də, qəlbinin dərinliyində sevdiyin hansısa yerli klub var?
- Hamı "Qarabağ" azarkeşi olduğumu iddia edir. Haqsız da deyillər. Yəqin ki, bunu ilk dəfə deyirəm. Mən fanat deyiləm, media sektorda "Qarabağ"ın yerli klublarla oyunanda qoluna, qələbəsinə, məğlubiyyətinə üz ifadəm eyni qalır. Bəlkə də azarkeş kimi getsəm, fərqli olar. Avroliqa oyunlarında isə, emosiyaları gizlətmək ehtiyacı durmursan. Bəzən digər klubların azarkeşləri daha çox "Qarabağ"a aid paylaşımlar etdiyimə görə irad bildirirlər. Halbuki, "Səbail" və ya "Sabah" da ÇL-sında qruplara yüksəlsə, eyni paylaşımları edərəm. Çempionat oyunlarında, adətən, "Qarabağ"ın oyunlarına gedirəm. Açıq danışmaq lazındırsa, işlə bağlı mövzularda ən çox narazı qaldığım klub da elə "Qarabağ"dır.
 
 

- Narazı qaldığı məqamları şifahi olaraq bildirirsən, yoxsa yazı ilə "cəzalandırırsan"?
- Haqqında geniş danışılacaq qədər əhəmiyyətli problemlər deyil. Digər klublarla 1 danışıqla həll edilən iş "Qarabağ"a çatanda uzun, bəzən yorucu şəkil alır. Eyni mövzu üçün bir neçə dəfə əlaqə saxlayırsan və s.

- Media nümayəndəsi olaraq hansı klubun mətbuatla əlaqələr işini daha peşəkar və operativ hesab edirsən?
- Klublarımızın media ilə münasibətinin yaxşı olduğunu düşünürəm. Birinə üstünlük verməliyəmsə, hazırda bu "Neftçi"dir. "Neftçi"nin digər klublarımızla müqayisədə daha üstün olduğunu düşünürəm.
 
"Qarabağ"ın isə sosial mediadakı fəaliyyəti Azərbaycan səviyyəsindən kənara çıxır. Bəzi paylaşımları çox uğurlu alınır. Bəzi azarkeşlərin bunu qeyri-ciddi qəbul etməsi təəccüblü gəlir. Eyni paylaşımı "Bavariya", "Başakşəhər" etsə, "əla" deyərlər.
 


- Futbol azarkeşlərindən, lap elə qohum, qonşudan özünə qarşı necə münasibət görürsən? "Qız nə bilir futbol nədir?! Ki hələ ondan da yaza" kimi atmacalar olub sənə qarşı?
- "Qız və futbol?" deyib təəccüblənənlər olur. Ancaq kiminsə, irəli gedib "qız nə bilir futbol nədir" dediyini eşitməmişəm, bəlkə də, düşünüb deməyiblər, bu da olar. (gülür)... İnsana nə maraqlıdırsa, onu oxuyur, öyrənir, yadında saxlayır. Mənim də bildiklərim mənə maraqlı olanlardır. Beynimi lazımsız, diqqətimi çəkməyən informasiyalarla doldurmalı olduğumu düşünmürəm. Bəzən adi mövzuda səhv etdiyim olur. Eyni anda bir neçə iş görürsən deyə, fərqində olmursan. Bu hal az olsa da olub, onda da sərt reaksiya görməmişəm. Bizim insanlar səhv tutmağı sevirlər, fanatlar bu mövzuda daha qəddardır. (gülür)... Fanatları indi başa düşürəm. Onlar hər şeyi öz klubları ilə əlaqələndirir, məsələn, "Barselona" haqda səhifədə neqativ paylaşım etsən, "admin "Real" azarkeşidir" deyirlər, "Real"la bağlı paylaşımda olursan "barsa"lı. Saytın oxucuları və sosial hesablarındakı izləyiciləri paylaşım edənin qız olduğunu düşünmürlər.

Röya Kərimli
Sport7.az
 





OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR