"Xanımlarda futbol alınır" - MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi, 8 mart - Beynəlxalq qadınlar günü münasibəti ilə MFL xanımlar arasında mini-futbol turnir təşkil edib. 

Xanımları turnirə hazırlaşdıran məşqçilərdən biri Ağa Ağazadə olub. O, Sport7.az-a müsahibəsində həm turnir, həm də özü ilə bağlı bir sıra məqamlardan bəhs edib. 

- Xanımların turnirində nə əcəb xanım məşqçi yox, sizi seçdilər?
- Turnirdə 4 komanda çıxış edirdi və hər komandanın adı MFL-də tanınmış və örnək komandaların adları idi. Hər komandadan məşqçilər seçildi və seçilən məşqçilər düşünürəm ki, çempionatın maraqlı keçməsi üçün xüsusilə seçilmişdi.
 


- Özünüz də futbolla məşğul olursunuz? Peşəniz nədir?
- Mən ixtisasca həkiməm. Həkim-Androloq. Bir zamanlar peşəkar səviyyədə futbol oynamışam. Hal-hazırda MFL-də "Universal" komandasında çıxış edirəm.

- Nə əcəb futboldan uzaqlaşdınız? Hər halda müqayisə edəndə futboldan tibbdən daha çox pul var.
- Bizim dövrümüzdə futbolda vəziyyət belə deyildi. Yəni bu qədər pul buraxılmırdı. Pul məsələsinə gəlincə isə işində yaxşı olarsansa, futbol və ya həkimlik fərq etməz, pul həmişə olacaq. (gülür)...

- Hansı komandalarda oynamısınız? Futbolu buraxmaq səbəbiniz nə oldu?
- O vaxtı Masallının "Viləş" komandasında, daha sonra Universitet dövründə Universiadalarda çıxış etmişəm. Tələbə vaxtı yadımdadır, "Bakılı" komandası var idi. Dəvət edildim. Lakin dərslərin çoxluğundan vaxt məhdudiyyəti var idi.

- Bəs futboldan uzaqlaşdığınız üçün peşmançılıq keçirmisiniz? Ki, gərək davam edərdim, yüksək yerlədə olardım...
- Peşman olmamışam. Çünki seçdiyim peşədən razıyam. Lakin arada kiçik dərindən ah çəkmələr olur ki, gərək eyni vaxtda futbola da davam edərdim. (gülür)...
 


- Bu gün isə sadəcə mini futbolda təsəlli tapırsınız... 
- Təsəlli tapmıram. Düşünürəm ki, insan təsəlli tapmaq üçün nəsə etməməlidir. Bir şeyi istəyib etməlidir. Futbol mənim hobbimə çevrilib. Bütün gün ərzində işin yorğunluğunu futbol ilə bərpa edirəm.

- Həkim kimi cavablayın: Futbolun insan bədəninə xeyir və zərərləri nədir?
- Futbolun digər idman növləri kimi insan bədəninə xeyri var. Çünki biz pasiyentlərimizə hər gün idman etməsini tövsiyyə edirik. Futbolun ziyanı isə, alınan travmalardır.  Ki, mən hətda qolumu sındırmışam futbolda və 2 ay işimdən uzaqlaşmışam. 

- Hər halda ilk dəfə idi qadınların çıxış etdiyi futbol matçında məşqçi və həkim kimi fəaliyyət göstərdiniz? Nə kimi çətinliklə üzləşdiniz? Ümumiyyətlə təsüratınız necədi, xanimlarda futbol alinirmi?
- Tam səmimi bildirim ki, çətin idi. Ama zövq verdi. Çünki həvəsli idilər. Xanımlarda futbol alınır. (gülür)...

Röya Kərimli
Sport7.az

Xəbər lenti