Xaqani Məmmədov: "Mahirin çatışmayan cəhəti təcrübə və ustalıqdı"

Xaqani Məmmədov:
Azərbaycanın tanınmış veteran hücumçularından olan Xaqani Məmmədov "Qarabağ"ın "Kukesi" ilə oyunları haqda fikirlərini bölüşüb. 

Mütəxəssis Sport7.az-a açıqlamasında həm ağdamlıların BATE ilə oynayacağı matç, həm də hazırda gündəmdə olan Mahir Mədətovun çıxışına toxunub: "Düşünürəm ki, Mahirin potensialı tam üzə çıxmayıb. Hələ ki, öz oyununu oynamır. Amma istedadlı futbolçudu. İnşallah gələcəkdə potensialı tam açılacaq və özünü yaxşı tərəfdən göstərəcək. Çatışmayan cəhəti qol vurmaqdı. Azarkeşlər ondan qol gözləyir. Bu da elə bir şeydi ki, illər keçdikcə təcrübə toplamalısan, sonra da qollar gələcək. Bu gün hamı onu tənqid edir. Futbolda bu cür hallar olur. Məncə, özünü tam göstərməyib. Təcrübə yığdıqca açılacaq. Solaxay olsan da, oyun zamanı elə hallar yaranır ki, sağ ayağı işlətməlisən. Solaxaylar, nadir futbolçular olur. Hər şeyi sol ayaqları ilə edirlər. Düzdü sağ ayaq ona maneçilik törətmir. Amma solla işini daha yaxşı görə bilər. Çatışmayan cəhət təcrübə və ustalıqdı. Belə məqamlar üzərində çox işləməlidi ki, gələcəkdə daha yaxşı oynasın. Düşünmürəm ki, Mahir "ulduz xəstəliyi"nə tutulub. Qurban Qurbanovun rəhbərliyi altında məşq edirsə belə olacağına inanmıram. Olsa da özünə pis təsir edə bilər".

Xaqani bəy "Qarabağ"ın 3-cü təsnifat mərhələsində Belarus təmsilçisi BATE-yə qarşı keçirəcəyi oyunla bağlı bunları söylədi: "Çox çətin olacaq. hamı ümid edir ki, "Qarabağ" BATE-ni keçəcək. Yeni transferləri, Emeqara və Delarjı bəyəndim. Qurban müəllim söylədi ki, onlar tam formada deyil. Elə oyunda da bu görünürdü. İnşallah tam formaya düşəndən sonra nə dərəcədə faydalı olduqlarını deyə bilərik. Ümumiyyətlə ötən ilki ilə müqayisə etsək, fərq çoxdu. İndiki "Qarabağ" daha zəifdi. Bu da futbolçuların komandadan ayrılması və yenilərin tam uyğunlaşmaması ilə əlaqədardı. Futbol baxımından indiki "Qarabağ" zəifdi. Keçən il "Qarabağ" BATE-dən güclü idi. İndi BATE-nin oyununu görmədiyim  üçün konkret nəsə deyə bilmərəm. Ancaq rəqibi həm taktiki, həm futbolçu baxımından analiz edib, oyuna uyğun üsul seçib məğlub etmək olar".

Sport7.az

Xəbər lenti