Xəyallar Avropa, reallıq isə divizion... – Əliyarı itiririkmi?

Xəyallar Avropa, reallıq isə divizion... – Əliyarı itiririkmi?

Amal ABUŞOV

2018-ci ilin sentyabrın sentyabrın 14-də AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirildi. Həmin iclasda məlum oldu ki, AFFA Hakimlər Komitəsinin sədri Xəqani Məmmədovla vidalaşır, onun yerinə isə Avstriyadan sədr gətirilir. Bununla da AFFA daha bir azərbaycanlıyla vidalaşıb, onun yerinə əcnəbi təyin etdi. Beləliklə Azərbaycan hakimliyində Fritz Stuxlik dönəmi başladı.

İllərdi eyni siyasət yeridilir. Qurban Qurbanovun milliyə baş məşqçilik etdiyi qısa dönəmi nəzərə almasaq, 12 ildi ki, milli komandalar əcnəbi mütəxəssislərə tapşırılır. Berti Foqts, Roberto Prosineçki, Nikola Yurçeviç bizim neftimizin pulundan yaxşıca dadıb, kef-damaqları çağ gediblər. Tezliklə bu seriya davam edəcək, artıq heç kimin şübhəsi yoxdu ki, AFFA milli komandanı növbəti dəfə əcnəbiyə tapşıracaq. Gəlmələrin sırası təkcə onlarla yekunlaşmır. Hər baş məşqçi özüylə bir dəstə köməkçisini gətirir. Hələ aşağı yaş qruplarında çalışanları demirəm. İndinin özündə də Milan Obradoviçdən üzüaşağı neçə-neçə xarici məşqçi Azərbaycan futbolunun hesabına öz büdcələrini zənginləşdirirlər. Bernard Lippert isə illərdi xalqımızın boğazına keçib, vaxtlı-vaxtında da maaşını kartına köçürürlər. Özü də xarici valyuta ilə.

Millinin həkimi, masajçısı, AFFA-nın yaratdığı "CBC Sport”un baş direktoru belə əcnəbidi. Adamların əlacı olsa, süpürgəçini, sürücünü də xaricdən gətirərlər. Məlum məsələdi ki, hər gələn xarici Azərbaycandan kənara axan valyuta deməkdi. Fritz Stuxlik də bu zəncirin növbəti halqasıdı. Təkzib olunmayan məlumatlara görə, ayda 15 min avro maaş alır. Əvəzində bizə nə verir? Heç nə! Bu sözü tam məsuliyyətimlə deyirəm, arxasında da dayanıram. Hər tur sıralanan hakim səhvləri, ortaya yeni istedadların üzə çıxmaması, hakimlərin normal təlim-məşq toplanışı keçməməsi, UEFA-nın üzünü bizimkilərə tərəf çevirməməsi gözümüzün önündədi. Bütün bunların hakimlərimizə əcnəbi sədrin başçılıq etdiyi dövrdə yaşanır.

Sizin də yadınızda olar, Xəqani Məmmədov hakimlərin rəhbəri olanda ondan hər həftə hesabat soruşanlar vardı. Deyirdilər ki, nə üçün bizim hakimləri UEFA-da irəliləmir, birinci kateqoriyada azərbaycanlı yoxdu. Adam verdiyi sözü tutdu və ortaya Əliyar Ağayev boyda yetkin hakim çıxardı. Bununla da tənqidçilərini susdurdu. Artıq imzamız imzalar içindəydi. Gözləyirdik ki, tezliklə Çempionlar Liqasının qrup mərhələsində, Avropanın tanınmış yığmalarının oyunlarında Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası söz sahibi olacaq, bizi fərəhləndirəcək. Şəxsən Elxan Məmmədov da Stuxlikin təyinatı vaxtı belə bir vəd vermişdi. Demişdi ki, əcnəbi sədrin sayəsində UEFA-yla əlaqələri yaxşılaşdıracaqlar və bizim hakimlərə məsul oyunlardan dəvət gələcək.

Nə oldu, ay Elxan bəy? Fritz Stuxlik Azərbaycan Premyer Liqasını eksperment meydanına çevirib. FİFA referilərini aşağı diviziona göndərir, gənc hakimləri odun içinə atır, elitanın vacib qarşılaşmarında nəticəyə təsir edən səhvlər "göz oxşayır”. Buyurun, bu da sizə nümunə. Mövsümün qızğın çağında FİFA referisi Əliyar Ağayev aşağı diviziona göndərilib, "Zirə-2”nin "Zaqatala” ilə qarşılaşmasında onun fiti eşidilib. Digər FİFA referisi Rəhim Həsənov isə "Səbail”lə "Qarabağ”ın əvəzedicilərinin qarşılaşmasında söz sahibi olub. Bizim elitaya layiq bilmədiyimiz referiləri UEFA hansı üzlə Çempionlar Liqasının oyunlarına çağırsın? Necə deyərlər, xəyallarımız Avropa, reallıq isə uşaq-muşaq oyunu!
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR