Xeyriyyəçilik, futbolu uçuruma aparan gedişat və şeir sevgisi - Xuan Mata ilə 1v1

Xeyriyyəçilik, futbolu uçuruma aparan gedişat və şeir sevgisi - Xuan Mata ilə 1v1

Gilyem Balaqe (jurnalist): Bu haqda daha öncə də danışmışdıq: futbolçular "qovuq"larından kənara çıxmamağa üstünlük verirlər. Bəs sənin başqa sahələrə marağın nədən qaynaqlanır? Belə deyək: səni bu "qovuq"dan çıxaran şey nədi?

Xuan Mata: Bilmirəm, əslində, ondan kənarda olduğumu da düşünmürəm (gülür). Etməli olduğumuz şeylərə fokuslananda hamımızın parlaq anları olur. Hobbilərin və ya başqa maraqların varsa, öz-özlüyündə/daxilində mübarizə aparmalısan. Bütün diqqətini prioritetlərinə yönəltməli, digər şeylərə "yox" deməlisən.

Hazırda həyatımın ən önəmli hissəsini professional futbolçu olmaq və onun tələbləri - öz qeydinə qalmaq, yaxşı məşq etmək, yaxşı istirahət etmək, oyunlara hazır olmaq, gözləntilərin öhdəsindən gəlmək və performans - təşkil edir.

Futbolun insana imtiyaz tanıdığı həqiqətdi. Mən buna "qovuq" deyirəm, siz necə istəyirsizsə, elə də adlandıra bilərsiz. Bildiyim bir şey var: bu, real həyat deyil.

Futbolun məni necə dəyişdirdiyi və nələr bəxş etdiyi haqda danışırıqsa, yəqin ki, üç şeydən çoxunu sadalaya bilərəm. Ancaq bu mənada xüsusilə önəm kəsb edən üçlünü qeyd edəcəm.

Birincisi - ailəmi xoşbəxt etmək imkanı. Babam, valideynlərim, bacım... - mən oynayanda, qol vuranda onlar hamısı xoşbəxt olurlar. Düzdü, öz adıma da sevinirəm, ancaq ən çox onları düşünürəm.

İkincisi - platformaya sahib olmaq. Futbolçu olmasaydım, indi BBC-yə reportaj vermək kimi imkanım olmayacaqdı. Futbol sayəsində danışmaq və fikirlərini milyonlarla bölüşmək üçün platformaya sahib olursan.

Üçüncüsü - zaman. Futbol mənə gələcəyim barədə düşünmək üçün zaman tanıyır və bu, bir çox insanın sahib olmadığı şeydi. Futbolun maddi cəhətdən çox köməyi dəyir. Normal karyeran olubsa, futbolla vidalaşanda növbəti addımda nə edəcəyin barədə düşünmək üçün yetərincə zamanın olur. Bu, əsl imtiyazdı, çünki insanların 99%-inin belə bir şansı olmur. Onların ailələri var, müəyyən ödəmələri var və ona görə də daim işləməyə məcburdular. Sən isə futbolla sağollaşanda bunlar kimi bir neçə məsələni həll etmiş olursan və xoşladığın şeylər barədə düşünmək üçün zaman ayıra bilirsən. Məncə, bunu unutmamalı, necə imtiyazlı olduğumuzun fərqinə varmalıyıq. Təkcə futbol oynadığımız dövrdə yox, əksəriyyətimiz həyatımız boyunca xəyallar aləmində yaşayırq. Gəlin, bu barədə düşünək və bütün bunlardan faydalı şəkildə istifadə etməyə çalışaq.

GB: Başqalarına kömək etmək üçün yaradılan bir şeyin parçası olmaq bu baxımdan məntiqli addımdı...

XM: "Common Goal" (Xuan Matanın yaradıcısı olduğu və futbol xadimlərinin məvaciblərinin 1%-ini bağışladığı xeyriyyə hərəkatı) futbolçuluğun, əslində, necə bir şey olduğuna dair başqa bir hiss aşılayır, dünyada futbolun gücünə dair fərqli baxış formalaşdırır. Futbolun insanları birləşdirmək gücü var və o, böyük iqtisadi qüvvə kimi həm də maddi faydalar təklif edir.

Hərəkatın təməlini atdıq və hazırkı gedişatdan çox məmnunuq. İki ildən qısa müddət ərzində 70-dən çox futbolçu sıralarımıza qoşulub. Bir neçə böyük şirkət, klublar, federasiyalar... - hamısı bizimlə eyni imkanlara malik olmayan insanlara yardım etmək, onlara öz gələcəklərini formalaşdırmaq şansı tanımaqda yardımçı olmaq istəyir.

"Common Goal" bizə dünyanı daha balanslı bir yer halına gətirmək adına edə biləcəklərimizi görmək baxımından faydalı oldu - bu, ianə verməkdən daha önəmli bir şeydi.
 


GB: Futbol dünyasına aid insanların hamısının məvaciblərinin 1%-ini bağışlaması yekun hədəfinizdi?

XM: Hamının - gəlin, Avropa futbolundan başlayaq - 1% ianə verməsi indilik xəyaldı. Ancaq mən düşünürəm ki, bu, mümkündü, çünki bir şeyi həqiqətən istəyəndə və digərlərinin sizinlə eyni fikirdə olduğunu hiss edəndə bacarmaq olur.

Ümid edirəm ki, bir neçə il sonra "bunu bacardıq" deyə biləcəyik, ancaq "Common Goal"-un limitinin nə olduğunu soruşanda, düzü, nə deyəcəyimi bilmirəm, çünki hərəkatın ideyası hansısa rəqəmdən və ya fiqurdan daha güclüdü.

İnsanların başqalarına kömək etmək barədə düşünməsinə, onlarda empatiya hissinin formalaşmasına nail olmaq... - bizim üçün bundan yaxşısı ola bilməz.

GB: Sosial medianın futbola neqativ təsiri olduğundan, oyuna aid hər şeyi ötəriləşdirməsindən bəhs etmişdin. Həmçinin indi uşaqların futbolun özəyini bir kənara atıb, forma və başqa göstəriş təməlli şeyin arxasınca qaçdığını, bunun isə futbolun mahiyyətinə zərbə vuracağına dair fikirlərini oxumuşdum...

XM: Bunları deyəndə ümumiləşdirmə aparmamışdım - ümumiləşdirmə aparmaq düzgün deyil -, sadəcə, düşünürəm ki, idmanın mahiyyətini, saf anlamını unudub, göstəriş təməlli materialist yanaşmaya qaçırıq. Uşaqlıq illərimizdə biz meydanda baş verənləri - qollar, krosslar, nəzarət... - düşünməyə çalışardıq. Artıq dünya dəyişir - 25 il öncə ilə müqayisədə, bir-birimizlə fərqli formada əlaqə yaratdığımız kimi - və təbii ki, buna uyğunlaşmalıyıq. Ancaq indiki gedişatın müəyyən qədər riskli olduğunu düşünürəm.

İndi uşaqların əksəriyyəti bütün diqqətlərini butslara və formalara yönəldiblər. Hər şeyin göstərişə hesablandığını nəzərə alsaq, bu, başadüşüləndi. Ancaq bu formada uzun müddət davam edilsə, məncə, futbol mahiyyətini itirəcək və bu, heç kim üçün yaxşı hal deyil. Mahiyyət ortadan qalxdısa, o formaların, butsların da bir mənası qalmayacaq. Futbol bizim bildiyimiz futbol olmaqdan çıxacaq.

Məncə, daha çox futbolun daxilində baş verənlər haqqında danışmalıyıq, nəinki filan tvit, filan paylaşım kimi kənar faktorlar... Bunları bir kənara ataq, gəlin, oyunun gedişində baş verən top saxlama, ötürmə, birə-iki kimi, gözə xoş gələn şeylərdən danışaq. Mən bu mövzuları sevirəm.
 


GB: Sonuncu dəfə düşündüyün oyunçu və ya hansısa bir hərəkət...

XM: Həmişəki kimi, Ander (Errera) və Davidlə (de Xea) "WhatsApp"-da yazışa-yazışa "Real" - "Barselona" oyununa baxırdım.

Benzemanı qeyd etmək istərdim. Oyun tərzi, topu saxlaması, doğru qərarlar vermək bacarığı, arxası qapıya oyunu... - mənim fikrimcə, çox eleqantdı və ağıllıdı. Onu izləyəndə oyunu başa düşdüyünü görürsən. Bunu sevirəm.

Modriç, Buskets, Jordi Alba, Pike, Ramos, Benzema, başqaları - "El Klasiko"dakı yaxşı oyunçuların sayından bəhs edirdik. Hamısı yaxşı oynadılar və matçın səviyyəsini daha da yuxarı qaldırdılar. Yazışmamızdan zövq almışdım. İndi isə burada bu barədə danışmaqdan zövq alıram. Çünki mənim üçün futbolun gözəlliyi elə budu.

GB: "Mançester Yunayted" ən uzun müddət oynadığın klubdu. Mançesteri yaxşı tanıdığını deyə bilərik?

XM. Bura gəldiyim gündən bu yana - son beş il ərzində şəhər çox dəyişsə də, yaxşı tanıdığımı düşünürəm. İstər ölçü, istərsə də imkanlar baxımından Mançester böyüməkdədi. Valensiya və Londonla müqayisədə, burada daha uzun müddətdi yaşayıram. Özümü evimdə hiss edirəm.

London buradan fərqlənirdi. Orada "Stemford Bric"in qarşısında - Battersidə yaşayırdım. Şəhərə yaxın idi deyə, mərkəzdə tez-tez olurdum. Burada isə məşq meydançasının yaxınlığında qalıram. Daha rahatdı, daha sərindi və şəhərdən uzaqdı, ancaq belə həyat tərzini də sevirəm. Ehtiyacım olanda, ürəyimdən keçəndə şəhər mərkəzinə gedirəm.

Mançester gözəl şəhərdi, çünki burada çoxlu yaradıcı insanlar yaşayırlar. Mən kreativ adamları - musiqiçilər, aktyorlar/aktrisalar, rəssamlar, yazarlar - sevirəm. Sadəcə beyinlərinin gücü ilə başqalarına təsir edən işlər görən insanlara heyranam. Bacarmadığım şeyləri edənlərə pərəstiş edirəm. Burada addımbaşı belələrinə rast gələ bilərsən və onlardan nələrisə öyrənmək gözəldi.

Mançesterin əla ortamı var. Musiqi şəhərin əsasını təşkil edir. Yaşamaq üçün əyləncəli yerdi. İnsanlarda Mançester sevgisini və mankunyan olmağın qürurunu hiss edə bilərsən.

GB: Ancaq özünə daha doğma hiss etdiyin şəhər...

XM: Ovyedo - İspaniyanın şimalında, Asturiyada yerləşir. Ora böyüdüyüm və özümü ən çox evdə hiss etdiyim yerdi. Buena Vista - atamın əvvəllər yaşadığı, nənəmin hələ də məskunlaşdığı, mənim isə uşaqlığımın əksər hissəsini keçirdiyim məhəllədi. Orada gözəl günlərim olub. Küçədə dostlarımla birlikdə futbol oynayardıq. Əsl meydançamızın olub-olmaması bir əhəmiyyət kəsb etmirdi. İstifadə olunmayan yol var idi, orada futbol oynayırdıq. Cemperlərdən qapı üçün istifadə edərdik. İndi isə orada mənim şərəfimə adlandırılan park var. Nənəm buna görə qürur hissi keçirir.
 


GB: Sakit həyat tərzinə bənzəyir. Belə bir mühitdən gələn biri kimi o günlər üçün darıxırsan?

XM: Məncə, hamımız gözəl, köhnə günlər üçün darıxırıq. Məktəbdə, məktəbdən sonra, həftə sonları - dostlarımla birlikdə rutinlərimiz var idi. O anlar yadıma düşəndə nostalgiya hissi məni bürüyür. Həmçinin xatirələr məni anlıq xoşbəxt edir.

"Valensiya"da oynayanda dostlarımla birlikdə hər yay harasa getməyə çalışardıq. Bir il Kadis, bir il Yunanıstan... - bir-birini 25 ildi tanıyan 6-7 dost bir arada. İndi bir az çətin olsa da, hələ də əlaqə saxlamağa çalışırq, çünki onlar mənim həyatımda, həqiqətən də, böyük önəm kəsb edən insanlardılar.

GB: Sevimli kitabın hansıdı?

XM: Belə deyim də: adətən, yeni oxuduğu kitablar insanın yaddaşında daha yaxşı qalır. Ən son oxuduqlarım arasında Yuval Noy Hararinin "Sapiens: Bəşəriyyətin qısa tarixi" kitabını bəyənmişdim.

Planetdəki yerimiz, insanların dünyanı necə ələ keçirdikləri və hərəkətlərimizin səbəblərindən bəhs edən kitabdı. İnsan davranışlarını anlamağa çalışmağı sevirəm. Faydalı olduğunu düşünürəm. İnsan kimi özümüzü - qorxularımızı, təbiətimizi, instinktlərimizi və sağlam düşüncəni - anlamaq adına yaxşı kitabdı. Qəti surətdə tövsiyə edirəm.
 


GB: Kitabdan nə öyrənə bildin?

XM: 100 min il öncə 6 müxtəlif insan növü var imiş. İndi isə sadəcə bir növ - biz sağ qalmışıq.

İrəlini görmə bacarığı, planlaşdırma, qrup halında hərəkət etmək, əqidəyə sahib olmaq, idraki baxımdan fiziki və real olmayan, ancaq mifoloji və dini şeylərə inanmaq... - hər şey başımızın içində olub-bitir.

Məncə, futbol bu günlərdə siyahıdakı şeylərdən biridi. Məsələn, dünyanın müxtəlif yerlərindən olan iki "Mançester Yunayted" azarkeşi Sinqapurda görüşür, qucaqlaşır və qələbəni birlikdə bayram edə bilir. Bir-birilərini tanımırlar, sadəcə, ortaq bir şeyə sevgi bəsləyirlər.

Bu, dünyanı indiki hala gətirən, bizi - insanları "sosial heyvan" edən şeydi. Özümüzü başqalarının yerinə qoymaq - empatiya, danışaraq emosiyaları nümayiş etdirmək və bu yolla problemlərin həllinə çalışmaq... - bunları.

GB: "Kitablar" mövzusunu bir kənara qoymamışdan öncə bir mövzuya toxunmaq istəyirəm. Şeir oxuduğunu bilirəm. Odur ki, səni yoxlamaq üçün qısa bir parça səsləndirəcəm...

XM: Uzun müddətdi şeir oxumuram. Tapa biləcəyimdən əmin deyiləm...

GB: "Bir mavi quş var ürəyimdə - çıxmağa can atan..."

XM: Bu, Çarlz Bukovskidi. Xoşladığım biridi. Əlavə sözlərə ehtiyac duymadan, sadəcə lazım olanlardan istifadə edir və bunu əla bacarır. "Bir mavi quş var ürəyimdə - çıxmağa can atan, amma çox ağıllıyam, sadəcə gecələr icazə verirəm çıxmasına - hamı yatdıqdan sonra..." - belə bir şey olmalıdı.

GB: Əlavə sözlər işlətməmək - bu, sənin bloq yazılarında tətbiq etmək istədiyin bir şeydi?

XM: Məncə, bloq yazmaq çətindi - xüsusilə də oyunda uduzduqdan sonra. Özünü yaxşı hiss etmirsən və azarkeşlərin demək istədiklərini oxuyacaq halda olmadıqlarını bilirsən. Onlar qələbə qazandığın oyunlardan sonra səndən bir şey yazmağını istəyirlər.

Ancaq mən artıq illərdi bunu edirəm - pis və yaxşı anlar, fərq etmir. Məğlubiyyətdən sonra belə, simanı göstərməyi və ya sözlərini qarşı tərəfə ötürməyi - azarkeşlərə minnətdarlıq baxımından - məsuliyyət təcəssümü kimi görürəm. Bu səbəbdən hələ də yazmağa davam edirəm.
 


GB: Bir gün roman yazmaq fikrin var?

XM: Bəlkə də. Ancaq insanların bəyənəcəyi, zövq alacağı bir şeylər yazmağın, sözlər vasitəsilə onlara bir şeylər hiss etdirməyin çətin olduğunu düşünürəm. Bunu bacarmaq üçün yazdığın şeylərdən əmin olmalısan. Yəni nə demək istədiyimdən, onları çatdırmaq istədiyim formada çatdırdığımdan əmin olmalıyam. Bu, zaman tələb edir və mən çox tərəddüdə düşən biriyəm.

Danışdıqlarımızı yazılı olaraq ifadə etmək gözəl olardı. Bəlkə də, bir gün fikirlərimi roman vasitəsilə çatdırmağa çalışaram, oxumaq istəyən oxuyar, istəməyən də özü bilər. Azından bu yolla tərəfimi bəlli edər, hekayəmi bölüşmüş olardım.

Müsahibə: Gilyem Balaqe (BBC Radio 5 Live)

Hazırladı: Rüfət Məcid (1v1 blogu)

Sport7.az

OXŞAR XƏBƏRLƏR