"Xəzər Lənkəran"ın yeri çox görünür" - MÜSAHİBƏ

Futboldan kənar sahələrdən olan tanınmış şəxslərlə müsahibələrimiz davam edir. 
 
Bu dəfə "ARB" kanalının aparıcısı Rahil Sayadoğlu futbolla bağlı fikirlərini Sport7.az-la paylaşıb.

- Futbolla nə vaxtdan maraqlanırsınız? 
- Uşaqlıqdan maraqlanıram. İlk baxdığım matçlar DÇ-98-in oyunları olub. Amma nəticələri çox da yaxşı xatırlamıram. Final matçı yadımdadır. 2000-ci ilin ÇL finalından bu yana futbolu mütəmadi olaraq izləyirəm. Məhlədə futbol oynayırdım. Həmişə də müdafiədə oynamışam. Özümü çox güclü müdafiəçi hesab edirdim. Yaxşı sürətim vardı deyə rəqib oyunçular məni asanlıqla keçə bilmirdilər. Sonralar sadəcə izləməklə kifayətləndim.  
 


- Hansı komandaya azarkeşlik edirsiniz? 
- Elə ilk baxdığım illərdən "Yuventus" azarkeşliyəm. Bu komandanı necə və niyə sevdiyimi xatırlamıram. Elə nə vaxt udurdular, sevinirdim. Bu sevgi yəqin ki, əbədiyyən davam edəcək. İtaliya futboluna, İtaliya millisinə, ümumiyyətlə İtaliya mədəniyyətinə, tarixinə, təbiətinə aşiqəm. Hərdən mənə elə gəlir ki, bəlkə də bundan öncəki həyatımda italyan olmuşam. Bu qədər yüksək dozalı bağlılığa başqa ad vermək olmur.  

- Azərbaycan çempionatı ilə maraqlanırsınız? 
- Əvvəllər çempionatın maraqlı vaxtlarında daha çox maraqlanırdım, baxırdım. Son illərdə həvəsdən düşmüşəm. Sadəcə nəticələri izləyirəm. "Xəzər Lənkəran"a azarkeşlik edirdim. O klubun azarkeşləri, futbolçuları, ab-havası çox xoşuma gəlirdi. Heyf, dağıldı. Çempionatımızda "Turan"ın, "Şəmkir"in yeri görünür, sözsüz. Amma "Xəzər Lənkəran"ın yeri daha çox görünür. 
 


- Çempionatın səviyyəsini necə dəyərləndirirsiniz?
- Heyf ki, çox aşağıdır. Daha yüksək ola bilər. Hansı ki, illər öncə canlı şahidi olmuşuq. Demirəm, Avropa səviyyəsində. Amma heç olmasa ölkə səviyyəsində əla rəqabət vardı. İndiki çempionatımız "Bakı birinciliyi"ni xatırladır. Belə vəziyyətdə ölkəyə güclü futbolçu da gətirmək olmur. Azarkeşlər də küsür. Hər şey şəffaflıqdan və peşəkarlıqdan başlayır. Peşəkar insanlar idarəçiliyə gətirilsə, onların yatırımları şəffaf şəkildə qiymətləndirilsə, nəticəsi gec-tez görünəcək. Bir də hamının da dediyi və bildiyi kimi uşaq futbolunun inkişafı əsas məsələdir. 

- Millimizlə bağlı fikirləriniz...
- Millimiz haqda nə demək olar bilmirəm. Hər dəfə min bir ümidlə baxırıq ki, bəlkə yenilik görək, inkişaf görək, yenə də xeyri olmur. Baş məşqçilik bir şey yoxdur. Mourinyo da gəlsə, bu milli ilə nəsə etmək çətin məsələdir. Yaxın bir neçə il üçün ümidimi üzmüşəm. Hətta U17, U19, U21 də ümid vermir. Ümid qalıb gələcək nəsillərə.

Röya Kərimli
Sport7.az 
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR