Xorenin ad gününə "ulduzlar" gəldi

Xorenin ad gününə
Bu gün İrəvanda "Dünya ulduzları" və "SSRİ ulduzları" üz-üzə gələcək.

Sport7.az xəbər verir ki, şou xarakterli bu oyun erməni futbolçu Xoren Oqanesyanın 60 illik yubileyinə həsr olunub. Yevgeni Lovçevin baş məşqçisi olduğu "Dünya ulduzları"nın heyətində Qattuzo, Boban, Jan-Pyer Papen kimi əfsanəvi futbolçular yer alacaq. Keçmiş SSRİ-ni təmsil edəcək komandada isə Karpin, Çerçesov, Dasayev, Qazzayev kimi sovet futbolunun məhşur simaları oynayacaqlar. Görüşün təşkili üçün Ermənistan Futbol Federasiyası bütün qüvvəsini səfərbər edib. İrəvanın mərkəzi stadionunda baş tutacaq qarşılaşmaya bilet satışı da həyata keçirilir. 


Xəbəri sizə təqdim etməklə erməni futbolçunun yubileyini təbliğ etmək məqsədi güdmürük.

Sport7.az olaraq AFFA-nı Azərbaycan futbolunun dəyərlərinə hörmət etməyə çağırırıq. Xatırladaq ki, ötən ay futbolumuzun əfsanəsi Nazim Süleymanovun 50 yaşı tamam oldu. Təəssüflər olsun ki, AFFA tərəfindən geniş miqyaslı heç bir yubiley tədbiri keçirilmədi. Hətta, Şimali Osetiya rəhbərliyi "Alaniya" veteranlarıyla "Neftçi"nin görüşünü keçirmək üçün təklif irəli sürsələr də, mart ayında Bakıda U-17-nin oyunlarının, futzal qarşılaşmalarının və Azərbaycan - Malta görüşünün keçiriləcəyini bəhanə edən AFFA rəhbərliyi həmin qarşılaşmanın aprelə qədər təxirə salınmasını məqbul hesab etdi. Ümid edirik ki, söz verildiyi kimi, həmin qarşılaşma apreldə baş tutacaq və AFFA Nazim Süleymanovun yubileyini onun adına layiq şəkildə keçirəcək.

Sport7.az

Xəbər lenti