Ya bizi sevin, ya da erməniləri!

Ya bizi sevin, ya da erməniləri!
Bu yaxınlarda 73 yaşlı erməninin Bakıya səfəri ilə bağlı xəbərləri oxuyub xeyli məyus olduq. Yuri Sarkisov anasının məzarını ziyarət etməyə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tərəfindən göndərilməsindən fəxrlə danışmışdı. İndiyə qədər nə Moskvadakı səfirliyimiz, nə də şəxsən Polad bəyin özü tərəfindən erməninin dedikləriylə bağlı açıqlama yayılmayıb. Deməli, Sarkisovun Bakıya səfirliyin xəttiylə gəlməsi, xüsusi mühafizə altında olması, qəbrin tapılmasına polislərin belə qoşulması haqda məlumatlar doğrudu. Ürəyimiz parçalanır, yumruqlarımız düyünlənir, qəzəblənirik. Amma əlimizdən heç nə gəlmir. Bu işə ölkəmizin diplomatlarının vasitəçilik etməsi isə ikiqat ağır və utandırıcıdı.

Məgər Dilqəm Əsgərovla Şahbaz Quliyev eyni məqsədlə, dünyasını dəyişmiş doğmalarının məzarlarını ziyarət etmək üçün dədə-baba yurdlarını getməmişdilərmi? Onlarla birlikdə yola çıxan Həsən Həsənov amansızcasına öldürüldü. Dilqəmlə Şahbaz isə ermənilərin zindanında uzunmüddətli həbsə atılıb. Ordan sağ çıxıb-çıxmayacaqları belə qeyri-müəyyəndi. Nədir Dilqəmlə Yurinin fərqi? Əlbəttə, fərq var. Bu fərq təkcə onların ikisinin arasında deyil, ümumilikdə bütün ermənilərlə azərbaycanlıların arasındadı. Biz mənfur qonşularımızın torpaqlarına iddia irəli sürməmişik, onlara müharibə elan etməmişik. Xocalıda, Əsgəranda, Kərkicahanda törədilən soyqırımların səbəbkarları azərbaycanlılar, qurbanları isə ermənilər deyil. Əksinə, əsrlər boyu biz ermənilərin zülmündən, işğalından əziyyət çəkmişik.

İtirən bizik. Torpaqlarımızı, neçə-neçə mərd oğlumuzu, körpəmizi, yaşlımızı itirmişik. Hələ də torpaqlarımızın 20 faizi, tarixi Zəngəzurumuz, İrəvanımız ermənilərin tapdağı altındadı. Bütün bunları Moskvadakı səfirimiz, əslən şuşalı olan Polad Bülbüloğlu da gözəl bilir. Onun nə üçün belə davrandığını biz başa düşmürük. Axtarsa, bəhanə tapar. Xalq diplomatiyasından, bir səfir kimi özünün də bu diplomatiyaya töhvə verməsinin vacibliyindən danışar. Amma Çingiz Abdullayevin qarşısında belə bir missiya yoxdu axı. Ona nə olub? Xalq yazıçısı, ziyalı dediyimiz Abdullayev nə üçün ermənilərin vəhşiliklərini unudur? Çingiz bəy Xocalıda öldürülən körpələrimizi, ermənilərin xaraba qoyduğu yurdlarımızı nə üçün yaddan çıxarıb? Erməniyə haqq qazandırarkən, onları tərifləyərkən gözünün önünə Mübariz İbrahimov, Çingiz Qurbanov və neçə-neçə cavan yaşında şəhid olan qəhrəmanımız gəlmədi?

Eyni zamanda "Neftçi”nin Müşahidə Şurasının sədri olan yazıçı bu yaxınlarda "Moskva – Bakı” portalında çalışan həmkarlarımızın suallarını cavablandırıb. Yəqin ki, portalın əməkdaşları da "Neftçi”nin bu yaxınlarda keçirilən, erməni futbolçu Eduard Markarovun şəninə badələrin qaldırıldığı, təriflər söylənildiyi ziyafətdən xəbərdar olublar. Məhz bu səbəbdən də Çingiz Abdullayevdən Markarov barəsində soruşublar. Bu da bizim xalq yazıçımızın cavabı: "Markarov hələ də "Neftçi”yə azarkeşlik edir. Son illər baş verən heç bir faciəvi hadisə onun sevimli komandasına sevgisini öldürə bilməyib”. Mənim ağsaqqal yazıçıya məsləhət verməyim düzgün çıxmaz. Hər halda o özü danışdığı sözlərin mənasını, izahatını yaxşı bilməlidi. Abdullayevin sölərindən belə çıxır ki, biz Markarovu incitmişik, ermənilərə zülm vermişik, onların başına faciələr gətirmişik. Amma bütün bunlara baxmayaraq, Markarovun "Neftçi”yə sevgisi hələ də davam edir, heç bir hadisə onun bu sevgisini öldürə bilməyib. Ayıb deyilmi? Günah deyilmi?

Minlərlə şəhidimizin ruhunu, yurd-yuvasından didərgin düşmüş milyonlarla insanın ləyaqətini bu cür ehtiyatsız fikirlərlə incitdiyinizin fərqində deyilsinizmi, cənab Abdullayev? Budurmu sizin ziyalılığınız, Azərbaycan həqiqətlərini dünyaya çatdırmağınz, xalqın ağrı-acısını paylaşmağınız? Bu xalqın 80 yaşlı dəyəri olun "Neftçi”nin başına açılan oyunlara laqeydliyiniz, ağzınıza su alıb susmağınız bəs etməzmiş kimi, indi də Markarova və onun kimi mənfur ermənilərə haqq qazandırırsız. Bir müddət əvvəl "Neftçi”nin əfsanəvi veteranlarından biri olan Çingiz İsmayılovun müsahibəsini oxumuşdum. Həmin müsahibəsində İsmayılov vurğulayır ki, Markarovdan savayı daha dörd Bakı ermənisi bizim futbol məktəbində yetişib, bərkiyiblər, ad-san qazanıblar. Sonra isə ən vacib məqamda "Neftçi”ni qoyaraq Ermənistana qaçıblar. Bundan Abdullayevin xəbəri yoxdu. Olsaydı, Markarovla yanaşı Mirzoyan, Babayan, Baqdasarov və Anderasyan üçün də göz yaşı axıdar, onların da "Neftçi”yə sevgisindən, sadiqliyindən danışardı. 

Mən sizin yerinizə çox təəssüflənir və utanıram, cənab Abdullayev. Bir ürəkdə həm erməniləri, həm də azərbaycanlıları sevmək olmaz. İkisindən biri saxta və yalançıdı. Qərarınızı verin. Ya bizi sevin, ya da erməniləri!

Mənbə: "Futbol+", Amal Abuşov

Xəbər lenti