Yaddan çıxdı... Klublar Komitəsi

Yaddan çıxdı... Klublar Komitəsi
Hamımızın yadındadı. 2014-cü ilin sonlarında Azərbaycan futbolunda hərəkətli günlər yaşanırdı. Baş katib Elxan Məmmədov öz səmərələşdirici təklifləri, ağıllı ideyaları ilə gündəmi zəbt etmişdi. Az qala hər gün onun ağzından yeni bir fikir səslənirdi.

Əvvəlcə Məşqçilər Komitəsinin yaradılacağını deyib, bizi müjdələmişdi. Daha sonra da Klublar Komitəsinin yaradılmasının zərurətindən danışdı. Cənab baş katibin həmin günlərdə KK-nın tərifi üçün verdiyi müsahibələrin birindən sitatı xatırlayaq: "Klublar Komitəsi inkişafdan danışacaq. Uşaq liqalarını, matçların teleyayım məsələlərini müzakirə edəcək”.

Cəmi üç il keçib. İlk vaxtlar Klublar Komitəsinin təbliğatı üçün xeyli güc sərf olunurdu. Komitənin ilk rəhbəri, "Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov da ona tapşırılan missiyanın öhdəsindən layiqincə gəlir, komitəni ayaqda saxlamaq, güc mərkəzinə çevirmək üçün xeyli enerji sərf edirdi. "Xəzər Lənkəran”ın futbol səhnəsindən gedişiylə Nadirov da gözdən itdi. Klublar Komitəsi də yavaş-yavaş unudulmağa başladı.


Elxan Məmmədov teleyayım məsələsinin komitədə müzakirə olunacağını deyirdi. Amma AFFA özünə telekanal açandan və yayım hüququnu o kanala verəndən sonra heç müzakirəyə gərək də qalmadı. "CBC Sport”un ilk ilində klublara borclu olduğu məbləğ cərimələrdən və rüsumlardan çıxıldı, məsələ bağlandı. Amma ötən mövsümün ödənişindən bir xəbər yoxdu. Heç bu mövsüm də yayımın satıldığı, yoxsa peşkəş edildiyi barədə heç kim heç nə demir. Görünür, komitədəkilər də bundan narazıdılar, heç yığışmağa, danışmağa həvəs göstərmirlər.

Bəli, Klublar Komitəsi artıq heç kimə lazım deyil. Unudulmağa, yaddan çıxmağa başlayıb. Üç aydı ki, yeni mövsüm başlayıb. İkinci dövrənin başa çatmağına da bir şey qalmayıb. Tezliklə qış fasiləsi başlayacaq, klublar "qış yuxusu”na gedəcək. Amma Klublar Komitəsindən xəbər-ətər yoxdu. Mövsümün əvvəlində cəmi bir toplantı keçirilib. Baxmayaraq ki, ilk vaxtlar komitənin intensiv çalışacağı, ayda azı bir dəfə toplanacağı deyilirdi.

Unudanlara xatırladım ki, Klublar Komitəsinin sonuncu iclası avqustun 11-də keçirilib. "İnter" rəsmilərinin qatılmadığı həmin toplantı indiyə qədər sonuncudu. 3 gündən sonra 3 ay tamam olacaq. Klublar Komitəsinə rəhbərlik edən Kamran Quliyevin nə düşündüyü çox maraqlıdı. Tapa bilsək, soruşacağıq.

Amal ABUŞOV
 

Xəbər lenti