Yalan üçbucağı

Yalan üçbucağı
"Əsas məqsəd odu ki, millimiz Avro-2020-yə vəsiqə qazanmağa daha yaxın olsun. Başa düşürük ki, çətin qrupda yer almışıq, xal qazanmaq baxımından komandaların sayı da azdı. Bu da gələcək məşqçi üçün məsuliyyətli addımdı. Lakin hər bir məşqçi ilə söhbətimiz zamanı qeyd edirik ki, AVRO-2020-nin 3 qrup, bir 1/4 final mərhələsinin oyunu Bakıda keçiriləcək və biz bu futbol bayramını öz yığmamızın iştirakı ilə yaşamaq istəyirik”.

AFFA-nın baş katibi Elxan Məmmədovun sözləridi. Yanvarın 28-də ölkə mətbuatına verdiyi müsahibədə deyib. Əlbəttə, assosiasiya rəsmisinin AÇ-2020-yə qatılacaq potensialı olmayan yığmanın nağıla bənzəyən hədəflərindən danışması özlüyündə qeyri-ciddi yanaşma statusu daşıyır. Ancaq adamın mətbuat vasitəsi ilə ictimaiyyətə çatdırdığı fikrin məsuliyyətini daşıya bilməməsi, xalqın qarşısında yalançı çıxması daha acı reallıqdı. "Şüşəli saray”ın "vəzir”ini isə elə özünün istəyi ilə Bakıya dəvət edilmiş millinin potensial çalışdırıcısı yalançı çıxartdı. Paytaxta təşrif buyuran və ölkə çemionatının 16-cı turunun matçlarına baxmağa dəvət edilən Nikola Yurçeviç media mənsubları önündə kiçik sirrin üstünü açdı. "Sumqayıt” – "Qarabağ” oyununun (0:2) fasiləsində jurnalistlərə danışan xorvata ünvanlanan suala və cavaba diqqət yetirin:

- Bizdə belə məlumat var ki, millinin baş məşqçisinin qarşısına AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanmaq tələbi qoyulub. Sizə bu haqda nəsə deyiblər?
 
- Bu məqsəd haqda AFFA rəsmiləri mənə heç nə deməyib. Məqsədimiz oyundan oyuna artırmaq və daha yaxşı oyun nümayiş etdirməkdi.

Əlbəttə, baş katibin nağıla bənzəyən hədəfdən dəm vurmaqla Qurban Qurbanov və onun istəyi ilə digər yaş qrupu üzrə millilərə təyin edilən mütəxəssislərin AFFA-dan uzaqlaşdırılmasına bir növ haqq qazandırmaq istədiyini söyləsək, yeni nəsə demiş sayılmarıq. Bu, dekabrdan bəlli olan həqiqətdi. Həm ictimaiyyətin rəğbətini qazanmaq, həm də "yuxarılar”ın yanında gerçək səbəbləri ört-basdır (az qalıb, əsl səbəblər və məqsədlər yaxın gələcəkdə üzə çıxacaq) etmək istəyinin qoxusu ayyarım öncədən duyulurdu. Yurçeviçə oyundan oyuna artırmaq planını söyləyən məmurun AÇ-2020-yə qatılmaq məqsədi haqda bir kəlmə də deməməsi qəribə və ürəkağrıdan reallıqdı. Biz sizə faktları xatırlatdıq. Kimin və niyə yalan danışdığını özünüz müəyyənləşdirin. Sizcə ona görüş zamanı açıqlanan ana hədəfi danan Yurçeviç yalançıdı? Yoxsa biz haqq yolunda olan peşəkarların işgüzar nüfuzuna xələl gətirən məqalələrimizlə sizlərə yalan danışırıq? (fanat.az)

Sport7.az

Xəbər lenti