Yaşar Abbasov:

Yaşar Abbasov: "Oyun təcrübəsi olmayandan sonra, səhvlər qaçılmazdı"

Fritz Ştuxlik AFFA-nın Hakimlər Komitəsində baş kürsüyə əyləşəndən sonra hakimlərin xarici ölkələrə toplanışı ləğv olundu. Əlbəttə, bu rəqsmi qərar deyil, sadəcə yeni rəhbər gələndən sonra hakimlərin xaricdə toplanış üzünə həsrət qalması reallıqdı. Maraqlıdı, nə üçün belə addım atıldı? Maliyyə məsələsini bir kənara qoymaq lazımdı, çünki bu AFFA üçün heç bir problem ola bilməz. Ancaq qaranlıq qalan digər məsələlərdi. Təkcə Azərbaycanda toplanış keçməklə hakim yetişdirmək mümkündüsə, o zaman illərlə xarici səfərlərə pul xərcləmək nəyə lazım idi? Əslində görünən odu ki, xarici səfərlərlərin ləğvi yanlış qərardı. Bu gün hakimlərimiz də həmin qərara görə çox əziyyət çəkir. Faktiki Premyer Liqada, cari mövsümün başlanğıcından qış fasiləsinə qədər olan müddətdə həddindən çox hakim səhvlərinə rast gəldik. Hətta məşqçilər, bəzi klub rəhbərləri belə hakimlərin idarəçiliyindən şikayət edirdi. Deməli, hakimlərimizə daha çox təcrübə, oyun idarə etmək lazımdı. Hər halda bura İngiltərə, İtaliya, İspaniya deyil ki, hakimlərimiz heç bir yerə getmədən daim hazır vəziyyətdə olsunlar. Təbii, məsələyə münasibət də öyrəndik. 

Sabiq hakim Yaşar Abbasov Sport7.az-a açıqlamasında hakimlərin toplanışa getməməsi ilə bağlı düşüncələrini bölüşdü. Yeri gəlmişkən artıq hakimlikdən uzaqlaşmış Yaşar bəydən futbolla bağlı planları olub-olmadığını, gələcəkdə hakim-inspektor kimi fəaliyyət göstərib-göstərməmək istəyi ilə bağlı da soruşduq. Abbasov öncə bu haqda danışdı: "Ayağımda zədə var deyə normativlərə hazır deyiləm. Onun bərpası da uzun müddət çəkəcəkdi. 32-33 yaşım olsa, bir-iki il müalicə alıb qayıda bilərdim. Artıq 40 yaşım var, indidən sonra müalicə də gec olar. Çünki 45 yaşında hakimlik karyerası bitir. Ona görə də birdəfəlik dayandım. Daha hakimlik etməyəcəyəm. Hakim-inspektor kimi fəaliyyət göstərmək? Bilirsiz, mən köməkçi hakim olmuşam. Dəqiq bilmirəm, amma eşitmişəm ki, yeni konvensiyaya uyğun olaraq köməkçi hakimlərin hakim-inspektor kimi oyunlara getməsinə icazə verilmir. Qaydalar belədisə nə deyə bilərəm? "Ağa deyir sür dərəyə, sür". FİFA və UEFA belə qayda qəbul edibsə... Amma hakim-inspektor kimi oyunlara getmək istəyərəm. Hər halda 15 il Premyer Liqada hakimlik etmişəm. 9 il FİFA hakimi olmuşam. Heç nədən başım çıxmır məgər? Qaydaları da əla bilirəm. Sadəcə, konvensiyaya görə icazə verilmir. Gələcəkdə belə bir imkan yaransa hakim-inspektor kimi oyunlara gedərəm, niyə də olmasın? Təxminən 1-2 ildi ki, biz də konvensiyaya daxil olmuşuq. FİFA və UEFA-nın tələbləridisə, nə deyə bilərəm? Düzdü kənarda öz işim var, amma darıxmamaq üçün ayda bir neçə dəfə hakim-inspektor kimi oyunlara gedərəm. Heç veriləcək qonorara görə də demirəm. Sadəcə nostalji hisslər üçün istərdim ki, oyunlara gedim, idarəçiliklərə qiymət verim. Buna baxmayaraq televizorda futbolu, hakimliyi indi də izləyirəm. Çünki futbol həyatım olub. Ömürlük adrenalindisə, bunu heç vaxt buraxmaq mümkün deyil. Əlbəttə, çətindi. Qismətdi, gələcəkdə görək nə olacaq".

Yaşar bəy hazırda futbola aid heç bir sahədə çalışmadığını da söylədi: "Hazırda işim futbolla əlaqəli deyil. Əslində, mühasibatlıq fakultəsini bitirmişəm. Uşaqlıqda futbol oynamışam. 2003-cü ildən isə AFFA-da çalışırdım. Yavaş-yavaş hakimliyə gəlmişəm. Hazırda da öz ixtisasımla əlaqədar çalışıram".

Abbasovun hakimlərin toplanışa aparılmamasına münasibəti bu cür oldu: "Öz fikirlərimi deyim. Əslində, yayda toplanışa getməyə o qədər də ehtiyac yoxdu. Biz qış fasiləsində Antalyaya nə üçün gedirdik? Xeyli sayda oyunlar idarə etmək üçün. Lap 15-20 ilin hakimi olsan belə, praktikasız olmur, hər şeyi yadırğayırsan. Hakimlərimiz toplanışa aparılsa pis olmaz. Məsələn, yaxın ölkələrdən Rusiyanı götürək. Hakimlər 2-3 günlük yığışır, nəzəri müzakirələr aparır, məşğələ keçirlər, normativ verirlər. Daha sonra oyunlara çıxırlar. Getməməyin də ziyanı yoxdu. 2-3 gün yığışsalar yenə pis deyil. Ancaq hər il səfərlərə getsələr, oyun praktikasına görə lap əla olar. Biz iki həftəlik səfərlərə gedirdik. Hər gün oyunlara çıxırdıq. Azərbaycana qayıdanda da normal səviyyədə hazır olurduq. Toplanışa aparılsalar, mənim fikrimcə, pis olmaz".

"Xarici toplanış olmadan Azərbaycanda elit səviyyədə hakim yetişdirmək mümkündürmü?" sualına sabiq referi belə cavab verdi: "Burada 3 ya 5 gün yığışsalar yalnız nəzəri cəhətdən biliklər artır. Amma getmək yaxşıdı ki, praktiki cəhətdən artım olsun. Hə oturum kitabı açım, 17 qaydanı öyrənim, lap əla bilim. Praktika olmayandan sonra meydana çıxanda, çoxlu səhvlər edəcəksən. Yəni toplanışın olması yaxşıdı. Nəzəriyyəni evdə də oxuyuruq".

Yeri gəlmişkən, Yaşar bəyin qış fasiləsinə qədər olan oyunlarda hakim idarəçilikləri haqda da fikirlərini öyrəndik: "Kənardan izləyirəm, təvazökarlıqdan uzaq danışıram, elə də güclü mütəxəssis deyiləm ki, kiməsə "bu səhvi etdi, belə olmamalı idi" deyim. Baxıram gənc hakimlərimizə, praktika cəhətdən pis deyillər. Deyim ki, lap bərbad idarəçilik edirlər, belə deyil. Mən də karyeramın sonlarına yaxın o qədər səhv etmişəm ki. Əsas qərəz olmasın. Şükür Allaha, oyunlara baxıram, qərəzli səhvlər görməmişəm. Səhvlər var, olacaq da. Sadəcə, onların sayı çox olmamalıdı. Elə özümü götürüm, 90 dəqiqə ərzində 10 dəfə ofsayd buraxmışamsa, deməli, praktiki cəhətdən yadırğamışam. Səhv var, həmişə olacaq. Rəhimi, Əliyarı filan demirəm, neçə ilin təcrübəli hakimləridi. Əliyar 1-ci qrupun hakimidi, durub ona qiymət verəsi deyiləm ki. Cavanları nəzərdə tutsaq, idarəçiliklərindən razıyam, qane edir. Heç kimdən 100 faiz razı qalmaq olmaz. Ancaq hazırkı gənc hakimlərdən 80-90 faiz razıyam. Normal idarəçilik edirlər".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR