"Yaşar müəllim, oynayan hansı komandalardı?" - RUBRİKA

"Gülməli xatirələr" rubrikamız davam edir. Futbol ictimaiyyətinin nümayəndələri futbolda başlarına gələn, gördükləri, eşitdikləri gülməli hadisələri bizimlə bölüşüblər. 

Keçək xatirələrə...

Vaqif Heydərli (FİFA meneceri): "2003-cü il, "Futbol+"də işlədiyim vaxtlar idi. Həmin vaxtlar "Lider Qarabağ" adlı komanda vardı. Elman Türkoğlu yaratmışdı bu komandanı. Məmmədəli Qəniyev isə baş məşqçisi idi. Həmin il onlar kubokda "Şəfa"ya rəqib olmuşdular. "Şəfa"ya da Əsgər Abdullayev başçılıq edirdi. Heyətdə Ramin Nəsibov, Ruslan Musayev, Ayxan Abbasov, Emin İmaməliyev, Sənan Qurbanov kimi futbolçular oynayan vaxtlardı. 
 


19 oktyabr tarixində keçirilən ilk oyunda  "Şəfa" "Lider Qarabağ"ı 14:0 uddu. 2 həftə sonra isə, noyabrın 2-də cavab oyunu olacaqdı. Oyuna bir neçə gün qalmış redaksiyada yazı hazırlayırdım. Mənə dedilər ki, bəs aşağıdan səni çağıran var. Düşdüm aşağı görüm kimdi çağıran. Gördüm Məmmədəli Qəniyev. Hal-xoş tutduqdan sonra soruşdum ki, bəs Məmmədli müəllim nə məsələdi, nə qulluq? Dedi ki, bəs bir şey istəyəcəm. "Sabah "Futbol+" qəzetinin birinci səhifəsi iki yerə bölünsün. Bir tərəfində Əsgər Abdullayev, bir tərəfində isə mənim şəklim olsun. Və yuxarıdan yazılsın ki, "Sonda kim güləcək?" 

Birinci oyun da olub 0:14. O da istəyib ki, ikinci oyun haqda belə yazılsın. Dedim, "Məmmədəli müəllim, siz mənimlə məzələnirsiz, yoxsa ciddisiz?" O da cavab verdi ki, "Futbolda hər şey mümkündü". Bir təhər razılaşdırdım, yola saldım. Gəldi ikinci oyunda isə, 1:8 hesabı ilə uduzdular". 

Yaşar Sultanov ("Turan" klubunun sabiq icraçı direktoru və AFFA İcraiyyə Komitəsinin keçmiş üzvü): "Bir neçə ik öncə yaxın dostum mənə Tofiq Bəhrəmov adına stadionda heç vaxt olmadığını və orada futbola baxmaq arzusunda olduğunu dedi. Onunla birgə stadiona getməyə söz verdim.
 
 

Və bir gün zəng edib onu "Neftçi" - "İnter" oyununa dəvət elədim. Mərkəzi tribunada əyləşmişdik. O, siqaret çəkdiyi üçün, heç kimə mane olmasın deyə sektorun aşağısına göndərdim. Özüm isə, stadionda görüşdüyüm digər tanışlarla sektorun mərkəzində oturmuşdum. Oyunun lap sonunda, əlavə olunmuş vaxtın btiməsinə az qalmışdı. Göstəricilərin böyük tabloda əks olunduğu halda, dostum ayağa qalxıb aşağıdan gur səslə qışqıraraq, "Yaşar müəllim, oynayan hansı komandalardı?", deyə soruşdu. Onun bu sualı bütün tribuna əyləşənləri gülüşə qərq etdi". 
 
Röya Kərimli
 
Sport7.az

Xəbər lenti