Yaşar Vahabzadə:

Yaşar Vahabzadə: "Sabah Gəncəyə gedib, rəhbərliklə görüşəcəm"

U-21 yığmamızın sabiq baş məşqçisi Yaşar Vahabzadə "Kəpəz"i çalışdıracaq.

Gəncə klubuna baş məşqçi təyin olunan Yaşar bəyin artıq köməkçiləri də müəyyənləşib. Mütəxəssis Babək Alxasov, Nadir Şükürov və Vidadi Rzayevlə çalışacaq. Bəs onun planları necədi? Yeni mövsümdə "Kəpəz"i necə görə biləcəyik?

Vahabzadə Sport7.az-a açıqlamasında suallarımızı belə cavablandırdı: "Rəhbərlik çağırdı təkliflərini bildirdi. Mən də qəbul edib, işləməyə gedirəm (gülür). Sabah Gəncəyə gedib, rəhbərlik, komanda və işçi personalı ilə görüşəcəm. Görüm komandada kim qalıb, kim gedib. Daha sonra məşqlərə, harada, necə başlayacağımızı müəyyənləşdirəcəyik".

Mütəxəssisdən "Kəpəz"i izləyib-izləmədiyini də soruşduq: "Hər oyunlarına baxırdım" desəm yalan olar. Amma Bakıda bir oyunlarını izləmişdim. Belədə ki, "Kəpəz" premyer Liqada olanda, son 6 ayda orada işləmişdim. Gəncə futbolu ilə bağlı tanışlığım var. Əlbəttə komanda barəsində dəyişikliklər var. Hazırda "Kəpəz"də elə oyunçular var ki, Premyer Liqada olanda məşqlərə cəlb edirdik. Ümumi tanışlıq var".

Yaşar bəy yeni mövsümdə qarşılarına qoyacaqları məqsədlər haqda bunları dedi: "Bu haqda söhbət olmayıb. Nəzərə alsaq ki, Avqustda çempionat başlayır, vaxt azdı. Qısa zamanda komandanı formalaşdırmaq, komplektləşdirmək lazımdı. Hər halda gələcəkdə hədəfimiz də olacaq".

Yığmamızın sabiq baş məşqçisi transfer siyahısında namizədlərin də olduğunu bildirdi: "Mənə lazımdı ki, sabah Gəncəyə gedim və keçən il oynayan futbolçulardan kimin qalıb-qalmadığını öyrənim. Bəlkə də bir çoxunun müqavilələri qutarıb. Bunları aydınlaşdırandan sonra qərarımızı verəcəyik. Ümumi fikrim budu ki, legionerlərdən deyil, yerli futbolçulardan istifadə edəcəm. Onların arasında 4 nəfər yaşlı, təcrübəli futbolçular da olacaq. Hər halda gənclərin yanında təcrübəlilər lazımdı ki, meydançada onlara yol göstərsin. Ancaq legioner olmayacaq".

O köməkçiləri ilə birlikdə komandanın daha yaxşı olacağına inandıqlarını da söylədi: "Vidadi, Nadir, bir də Babək Alxasovla çalışacağam. "Kəpəz"də bu məşqçilərlə birlikdə çalışırdım. Babəklə 12 ildən çoxdu ki, birlikdə çalışırıq. Uğurlu alınacaq ya yox, bunu zaman göstərəcək. Hər halda əlimizdə olan imkanlardan istifadə etməyə çalışacağıq".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR