Yaşar Vahabzadə:

Yaşar Vahabzadə: "Yığmaya yeni futbolçular dəvət etmək lazımdı"

AFFA-nın məşqçilər Komitəsinin yeni üzvü Yaşar Vahabzadə gündəmdəki aktual mövzularla bağlı fikirlərini bizimlə bölüşüb.

Aşağı yaş qruplarından ibarət müxtəlif yığmalarımızda da uzun müddət çalışmış mütəxəssis Sport7.az-a açıqlamasında həm Komitəyə üzv seçilməsindən, həm də gələcək planlardan danışıb.

Yaşar bəy öncə bunları deyib: "AFFA tərəfindən təklif oldu. İcraiyyə Komitəsində Vaqif Sadıqov namizədliyimi irəli sürdü. Məşqçilər Komitəsi yarananda mən məşqçi kimi çalışırdım. Hansısa yarışa gedəndə, təlim-məşq toplanışı olanda məsləhətləşirdik, məqsədləri müəyyənləşdirirdik. Oyunlara baxırdıq. Sonra müzakirələr edirdik. Onlar təkliflərini verirdilər. Komandaya uyğun olan qərarları qəbul edirdik".

Maraqlıdı Yaşar bəy Komitəyə hansı təkliflərlə gəlib?: "Cəmi iki dəfə görüşümüz olub. Hər halda rəhbərliklə görüşəndə yığma komandaya namizədlərlə bağlı danışacağıq, təkliflərimizi irəli sürəcəyik. Hələ ki, ümumi söhbətlər gedir. Yığmalara namizədlərlə bağlı müzakirələr aparırıq. Amma konkret adlar yoxdu".

Çox güman ki, yığmaya əcnəbi mütəxəssis gətiriləcək. Bəs Vahabzadənin fikirləri necədi, əcnəbi məşqçi bizə nə verəcək?: "Bu məsələlər hələ ki, müzakirə olunur. Dəqiq deyil, çünki bizə də bir söz deməyiblər. Bu barədə danışmaq məncə tezdi. Yeni məşqçi təyin olunandan sonra bu haqda nəsə danışmaq olar".

Yaşar bəy yığmaya əcnəbi gətirələcəksə, onun yanında yerlilərin də işləməsinin tərəfdarının olduğunu söylədi: "Bilirsiz, əsas yığmaya əcnəbi məşqçi gətirirksə, onun yanında yerlilər də çalışmalıdı ki, nəsə öyrənsinlər. O müdətin başa vurandan sonra da yerli məşqçi davam etsin. Kimi istəyiriksə, gələcəkdə hansı məşqçiyə ümid ediriksə onun əcnəbi mütəxəssisin yanında çalışması yaxşı olar. Həyat da belədi, kimdənsə nəsə öyrənməliyik. İndiyə qədər olmayıbsa, indidən sonra etmək lazımdı. Bu mənim şəxsi fikrimdi".

"Bəs futbolçu yetişdirmək üçün hansı işləri görməliyik?" sualına çalışdırıcı belə cavab verdi: "Sizə bir söz deyim, futbolçu yığmada yox, klublarda yetişir. Mən də məşqçi kimi çalışmışam. Futbolçuları dəvət edirdim, amma bir həftəyə necə yetişdirim onları? Gedirdilər bir də ayyarımdan sonra gəlirdilər. Bununla sırf klublar məşğul olmalıdı. Hər klubun müəyən sistemi, strategiyası olmalıdı. Bununla yanaşı əsas yığmamızın baş məşqçi tərəfindən də nəzarət olmalıdı. Düzdü o öz işi ilə məşğul olur. Amma boş vaxtında izləməlidi. Açıq danışaq, əvəzedicilərin oyunlarına baxırsız? O oyunlara baxırsız? Hansı yığmanın baş məşqçisini görürsüz orda? Gəlib izləməlidi ki, futbolçularda stimul yaransın. Demirəm ki, məşqçi hər oyuna getməlidi. Amma müəyyən vaxtlarda izləməlidi. Futbolçular nəzarət olmalıdı. Hansısa gənci yığmaya gətirə bilərlər. Belə-belə ola bilər ki, futbolçularda inkişaf olsun. Yığmaya yetişmiş futbolçu gəlməlidi".

Qurban Qurbanovun yığmadakı birillik fəaliyyəti dönəmi haqda Yaşar bəyin dəyərləndirməsi belə oldu: "Bilirsiz, biz həmkarıq. Birlikdə futbol da oynamışıq. Hər məşqçinin futbola öz baxışı var. Mən öz fikrimi deyəndə, ola bilər ki, onun yanaşması ilə düz gəlməsin. Durum deyim ki, "belə olmalıdı", bu düzgün deyil. Bəzi oyunlarda komanda yaxşı, bəzilərində zəif oynadı. Nə deyə bilərəm ki? Bir də ki, futbolu Qurban Qurbanov, ya da hər hansı digər məşqçi oynamır. Sən taktika qurursan, futbolu futbolçular oynayır".

Görəsən yığmamızda heyət və ya üslub baxımından dəyişikliyə ehtiyac varmı? Hər halda Vahabzadə bunları söylədi: "Hələ bilmirik yeni baş məşqçi kim olacaq. O fikirlərini bildiriəndən sonra nəsə danışmaq olar. Heyətə gəlincə, üzdə olan futbolçular milliyə dəvət alacaq. Hər halda yeni futbolçular dəvət etmək lazımdı. Baxın, yığmada bir çox oyunçularımızın yaşı 30-u keçib. Aşağı yaş qruplarından ibarət komandalardan, İslam Oyunlarında meydana çıxan futbolçulardan dəvət etmək lazımdı. Məsələn, "Qarabağ" dan Rahil Məmmədovu misal göstərərdim".

Mütəxəssis AFFA-nın baş katibi Elxan Məmmədovla görüşündən də danışdı: "Bir dəfə görüşümüz oldu. Şahin Diniyevlə məni təqdim etdi. Ümumi söhbətlər etdik. Amma yığmalarla, aşağı yaş qrupundan ibarət komandalarla bağlı heç bir müzakirə aparmadıq. Hər halda namizədlər olandan sonra tövsiyələrimizi, fikirlərimizi bildirəcəyik".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR