“Yaşıl timsahlar”ın AFFA-dan qisası

“Yaşıl timsahlar”ın AFFA-dan qisası
"Bursaspor”un Dəniz Yılması komandadan qovması ilə bağlı gedən prosesləri diqqətlə izləyirəm. Klubun prezidenti Ali Ayın son açıqlamasıyla məsələyə nöqtə qoyulduğunu düşünmək olar. Sən demə, millimizin hücumçusu "Kayserispor”la oyunda qırmızı vərəqə aldığına görə komanda yoldaşlarından, "Bursaspor”un rəhbərliyindən və azarkeşlərdən üzr istəmədiyi üçün cəzalandırılıb. Onun bundan sonra "yaşıl timsahlar”ın formasını geyməyəcəyi dəqiqləşib.

"Bursaspor” uzun müddətdi ki, Türkiyə Super Liqasında yaxşı çıxış etmir. Komandanın baş məşqçisi də dəyişdirilib, amma "qara zolaq”dan çıxmaq mümkün olmayıb. Sözsüz ki, yaşanan uğursuzluqlarda Deniz Yılmazın da payı var. Komandanın hər bir üzvü kimi o da meydanda can qoymağa, qələbəyə töhvə verməyə borcludu. Amma bir məqamı da unutmayaq. Mutlu Topçunun sərəncamında Deniz Yılmazdan başqa 31 futbolçu var. Bütün uğursuzluqlara görə bir futbolçunu günahlandırmaq, "günah keçisi” elan etmək nə insanlıqdandı, nə də peşəkarlıqdan. Deniz Yılmaz hər şeyin səbəbkarı deyil və onun qovulmasıyla da "Bursaspor” ağ günlərə çıxmayacaq. Kim təminat verə bilərdi ki, bursalılar "Kayserispor”la oyunlara azlıqda qalmasaydılar, qələbə qazanacaqdılar?

Komanda yoldaşlarını azlıqda qoyan futbolçu cəzalanmalıdı, ondan üzrxahlıq gözləmək də normal davranışdı. Amma buna görə kimisə komandadan qovmaq çox ağır cəzadı. Üstəlik unutmayaq ki, özünü klubun idarə heyətinin üzvü kimi təqdim edən bir şəxs Bursa aeroportundan çıxışda Denizi hədəf almış, ondan komandanı tərk etməyi yüksək səslə tələb etmişdi. 

Bütün bunlar təsadüfdürmü? Zənn edirəm ki, yox. Təxminən bir ay bundan əvvəl "Bursaspor” millimin baş məşqçisi Robert Prosineçkiylə danışıqlar aparırdı, xorvatiyalı çalışdırıcıya elçi düşmüşdülər. Özü etiraf etməsə də, çox etibarlı mənbədən dəqiq bilgi almışdıq. Prosineçki "Bursaspor”la şəxsi müqaviləsinin bütün detallarını razılaşdırmışdı. Qalırdı AFFA-nın ona icazə verməsi. Bursalılar Prosineçkinin razılığını almasaydılar, klubun iki rəsmi şəxsi birdən Bakıya gəlməz, bir-neçə gün paytaxtımızda yubanmazdılar. Onlar Prosineçkinin istəyinə uyğun olaraq, Bakıdan Bursaya futbolçular aparmağa da, müəyyən vaxta qədər mütəxəssisin Elxan Abdullayev kimi "bir əldə iki qarpız tutmasına" da razı idilər. Amma AFFA-nın yüksək təzminat tələbi onların geri addım atmasına, Bursaya əli ətəyindən uzun qayıtmasına səbəb oldu.

AFFA-yla münasibətləri korlanan "Bursaspor”un Azərbaycan pasportu daşıyan Deniz Yılmaza görə əlavə rüsum ödəyəcəyi, legioner limitindən "milliləşdirilmiş” futbolçumuza görə istifadə etməyə həvəs göstərəcəyi inandırıcı deyildi. Onlara Deniz adlı bəladan qurtulmaq üçün bəhanə lazım idi və bu bəhanə "Kayserispor”la oyunda ələ düşdü. 

"Bursaspor” rəhbərliyini bir güllə ilə iki quş vurmaları münasibətiylə "təbrik etmək olar". "Yaşıl timsahlar” AFFA-dan qisaslarını aldılar. Bundan sonra Azərbaycan millisinə "Bursaspor”dan futbolçu çağırılmayacaq. Həm də özləri legioner statuslu Deniz Yılmazdan canlarını qurtardılar. Timsahların göz yaşları heç vaxt doğruçu olmur.

Amal ABUŞOV


Xəbər lenti