Yazmaq istəmədiyim təəssürat... Bir gün yenə görüşərik, Sevilya!

Yazmaq istəmədiyim təəssürat... Bir gün yenə görüşərik, Sevilya!

Beləsini heç vaxt yaşamamışdım. Gözəl şəhərə dəyərli həmkarların əhatəsində yollandığım səfərdən elə də yaxşı əhval-ruhiyyədə qayıtmadım. Bundan sonra oxucularla təəssürat bölüşmək də çətindi. Amma sadiq dostlarım saydığım siz oxucularımla dərdləşməsəm də olmazdı. Getdiyimiz yerlərdən, gördüklərimizdən və sözsüz ki, "Qarabağ”dan bir neçə cümlə yazmağa çalışıram. Sonda ortaya indi oxuduğunuz sətirlər çıxır. Səbr və diqqətlə oxuduğunuz üçün əvvəlcədən təşəkkürlər...

"Dünyanın o başına” səfər

AFFA və onun nəzarətində olan klubların bizi özünə yol yoldaşı olaraq görmədiyi məlum məsələdi. Elə bu səbəbdən də Sport7.az olaraq nə millini səfərlərdə müşayət edə bilirik, nə də yayda avrokubokların təsnifat mərhələsində oynayan klublarımızı. Belədə ümidimiz təkcə "Qarabağ”a qalır. Təsadüfi deyil ki, sonuncu səfərə də elə ötən ilin bu günlərində "Qarabağ”la Ukraynanın Poltava şəhərinə getmişdik. Həmin səfərdən geri qayıdarkən xeyli çətinliklə üzləşdik, hava limanının uçuş zolağının donmasına görə geridönüşümüz təxirə salındı. Bu dəfə də yolumuz xeyli uzaq oldu. Zarafat deyil, İspaniyaya gedərkən düz 7 saat havada qaldıq. Düzdü, Rəşad Sadıqov bu zaman kəsiyinin həm özü, həm də bizim üçün səmərəli keçməsi üçün əlindən gələni etdi. Kapitanın xatirələrini dinlədik, ona suallarımızı verdik. Beləcə uzun yolu Rəşadla birlikdə qısa etməyə çalışdıq. Amma 7 saat da az bir zaman deyil. Nə edirsənsə, et. Xeyli darıxdırıcı və yorucu yolçuluq zamanı fikirləşdim ki, elə yaxşıdı bu cür səfərlərə il ərzində bir dəfə çıxırıq. Yoxsa bundan artığına səbrim çatmaz.

Həm telefonumdakı naviqatordan, həm də təyyarənin monitorundan xəritəyə göz atıram. İspaniya ilk baxışdan bizdən elə də uzaq görünməsə də, dünyanın o başı təsirini bağışlayırdı. Təyyarə İtaliyanın üzərindən keçəndə burnum və boğazım göynəməyə başladı. Hiss edirdim ki, qrip oluram. Elə bu yerdə "Qarabağ”la Romaya, "Qəbələ”ylə Dortmunda səfərlərim yadıma düşdü. Qəribədi ki, bu səfərlərdə də xəstələnmişdim. Bir daha qətiləşdirirəm ki, Azərbaycanın havasından başqa havalar mənim üçün düşərli deyil, Bakıdan ayağımı kənara qoyan kimi qrip oluram. Ağlıma bəd nəzərlə bağlı deyimlər gəlir. Əlamətlərə, möhvumata inanan olmasam da, kiminsə pis gözü arxamızca qalıb deyə düşünürəm. Pis düşüncələrdən məni təyyarədə və oteldə yoldaşlıq etdiyimiz həmkarım Elmir Əliyev qurtarır. Hiss olunur ki, yola hazırlıqlı çıxan adamdı. Dərhal çatasından dərman tapır, suyla qarışdırıb içirəm. Bir qədər yaxşılaşdım, isti suyun hərarəti və dərmanın təsiri özünü göstərir. Bu məqamda qeyd edim ki, oteldə də "İTV”dən tanıdığınız Tural Dadaşov otağımın qapısını döydü. Onun da əlində qrip əleyhinə dərman vardı. "Bunu da iç, düzələcəksən” deyir. Yol yoldaşlarımın bu cür qayğıkeşliyi mənə güc verir, qripə məğlub olmamaq üçün onlara da, özümə də söz verirəm...
 


...Artıq Barselonanın üzərindən uçuruq. Dəniz sahilində sırayla düzülmüş işıqların parıltısı göz oxşayır. Magistral yollarla hərəkət edən avtomobilləri də aydın görmək mümkündü. Ürəyimdə arzu baş qaldırır, bir gün Barselonaya səfər etmək arzusu.

Sevilya parıldayan işıqlarına görə Barselonadan geri qalır, buranın heç dənizi də yoxdu. Amma yetərincə səliqəli və baxımlı şəhərdi. Hava limanı kiçikdi, bizimki kimi dəbdəbəli deyil. Bizi ən çox sevindirən o oldu ki, aeroportda pulsuz internet vardı. Dərhal qoşuluruq, evdəkilərə "çatmışıq” mesajını yollayırıq.

"Ramon Sançes Pisxuan”ın qonşuluğunda

Stadionla otelin bu qədər yaxın olacağını təsəvvür etməzdim. 4 ulduzlu "Hotel Novotel”dən "Ramon Sançes Pisxuan”a getmək evdən düşüb marketə çörək almağa yollanmaq qədər asan idi. Fikirləşirdim ki, oyun vaxtı otelimizin qarşısı adamla, maşınla dolub-daşacaq, yolu keçməyə belə çətinlik çəkəcəyik. Amma hər şeyin öz axarıyla getməsinə xeyli təəccübləndim. Oyun keçirilən axşamın əvvəlkilərdən fərqi o idi ki, otelimizin qarşısında ağ atlı iki polis dolaşırdı, bir də ki, səyyar satıcılar "Sevilya”nın atributlarının satışına başlamışdılar. Vəssalam. Başqa heç bir fövqaladə hal hiss olunmurdu, gediş-gəliş öz axarında, sakitçilik də yerində. Ümumiyyətlə, Sevilya şəhəri, onun tarixi haqda uzun-uzadı danışmaq, yazmaq olar. Amma bununla sizi yormaq istəmirəm. Həm məndən əvvəl təəssürat yazan həmkarlarımın yazılarından məlumatlısız, həm də internetdəki qaynaqlarla tarix kitablarından. Bəlkə aranızda bizdən əvvəl əndəlüslülərin vətəninə baş çəkənlər də var. Necə ki, həmyerlimiz Sənan Salmanovun sözlərinə görə Sevilyada xeyli həmyerlimiz yaşayır. Onlar ispan dilini yaxşı mənimsəyib, öz sakit həyatlarını qurublar. Elə Sənanın özü də qısa müddətdə Sevilyaya isinişə bilib. Bəzi məsələlərdə isə təkcə mənə yox, bir çox həmkarımıza yardımçı oldu.
 


Avropanın əksər şəhərlərində olduğu kimi, Sevilyada da velosipedlər, mopedlər, bu qəbildən olan digər nəqliyyat növləri üstünlük təşkil edir. Adamlar bizim qədər "CİP” sevdalısı deyillər. Dəbdəli maşınlar ümumiyyətlə gözə dəymir. Yol kənarlarında xüsusi ayrılmış yaşıl velosiped zolaqlarında pedalları fırladanlar arasında xeyli sayda qadınlar da var. Hətta anaların öz körpələrini xüsusi yerləşdirdiyi yedəyə malik velosipedlər də gözə dəyir. Hər kəs özü üçün rahat olanı seçib, mənzil başına çatır. Daha "Ay, qonşular mənə nə deyərlər, oğlanlar söz atar” psixologiyası yoxdu. Bir cəhət diqqətimi çəkdi ki, ən xırda küçələrlə kəsişmələrdə belə işıqforlar quraşdırılıb. Bu da piyadaların, velosipedçilərin təhlükəsizliyi üçün edilib. Keçid üçün yaşıl işıq yananda xüsusi siqnal da eşidilir ki, bu gözdən əlil olanların işini asanlaşdırır. Hərdən mənə elə gəlirdi ki, Sevilya əsl işıqforlar şəhəridi. İspanlar komplekssiz insan təsiri bağışlayırdı. İngiliscə danışmağa meylli deyillər. Amma çalışırlar ki, ispan dilini bilməyəni də başa salsınlar. Nahar yediyim kiçik kafelərin birində menyu olmadığı üçün bufetin arxasındakı dayı mənə qiymətləri kağıza yazaraq izah edirdi. Sözün düzü, əvvəlcə günorta yeməyini pitsa ilə keçirməyi düşünürdüm. Bu məqsədlə özümü məşhur məkanların birinə də çatdırmışdım, uzun müddət ətrafa göz atandan sonra içərinin dolu olduğunu anlayıb oranı tərk etdim. Elə dərhal da gözümə həmin kafe dəydi. Heç peşman da olmadım.

"Sevilya” harda, biz harda...

"Ramon Sançes Pisxuan”da təmir işlərinin getdiyi ilk baxışdan hiss olunurdu. Bu haqda yazılan elandan da belə başa düşülürdü ki, təmir 2020-ci ilin mayında bitəcək. Təmirə baxmayaraq, "Qarabağ”la oyun vaxtı azarkeşlərin rahatlığını pozacaq heç bir maneə yox idi. Stadionun tribunalarından birinin altında yerləşən "fan-shop” da öz işində idi. Qiymətlərin əl yandırmadığı bu mağazada "Sevilya”ya aid oyuncaqdan tutmuş fərqli dizaynlı formalaradək hər şey tapmaq olardı. Cəmi 12,5 avro ödəməklə üzərində "Sevilya” – "Qarabağ” yazılan şərf da almaq mümkün idi. Gündüz saatlarda baş çəkdiyim "fan-shop”da əsasən azyaşlılar və xanımlar vardı. Axşam isə oyuna gələn fanatlar "obyekti” doldurmuşdular. Yeri gəlmişkən, "Sevilya”nın lisenziyalı məhsullarını yaxınlıqdakı ticarət mərkəzindən də eyni qiymətə almaq mümkün idi. Bizdə də "Qarabağ”ın məhsulları satılan rəsmi mağaza var, amma di gəl ki, səfərdən qayıdan komandaya yaxınlaşan Bakıdakı hava limanın əməkdaşı israrla forma istəyir. Elə bizimlə "Sevilya” arasında olan fərqlərdən də biri budu.
 


"Sevilya” oyunu işıqlandımağa gələn mətbuat nümayəndələri üçün özünü xərcə salmamışdı. Bakıdakı oyunlar zamanı isti çay, şirniyyatlar, yüngülvari yemək həm yerli, həm xarici jurnalistlərə təqdim olunur. "Sevilya” isə meydan sahibi kimi yalnız məhdud sayda soyuq hamburger və adi su təklif edirdi ki, onlar da tezliklə tükəndi. Bu yerdə qeyd edim ki, indiyə qədər olduğum səfərlərlər zamanı "Sent Etyen”in və "Borussiya”nın qonaqpərvərliyinin şahidi olmuşam. Yəni ki, mətbuat nümayəndələrinin işini təkcə bizdə asanlaşdırmırlar. Baxır kim bu məsələyə necə diqqət və maliyyə ayırır.
 


"Sevilya” ilə "Qarabağ” arasındakı səviyyə fərqini hələ Bakıdakı oyunda görmüşdük. Bu məsələdə günahı təkcə "Qarabağ”ın üzərinə atmaq olmaz. Adicə bir məqamı xatırlayaq. Hamımız bilirik ki, Avropanın "top-klub”ları yayda heç də formada olmur, hazırlığa yeni başlayırlar. "Sevilya” ötən yay demək olar ki, heç məşq etmədən "Uypeşt”in daşını daş üstə qoymadı. Doğma meydanda macarların qapısına 4 cavabsız top vuran "Sevilya” səfərdə də 3:1 hesabıyla qalib gəldi. Elə həmin "Uypeşt” bizim çempionluğa iddialı saydığımız, avrokuboklara yaxşı hazırlaşan və heyətini gücləndirən "Neftçi”ni Budapeştdə darmadağın etmişdi – 4:0! Deməli, günah hansısa futbolçuda, yaxud da məşqçidə yox, ümumilikdə futbolumuzun səviyyəsindədi. Azərbaycanda "Neftçi”dən başqa ciddi rəqibi olamayan "Qarabağ”dan "Sevilya”nı məğlub etməyi tələb etmək ədalətsizlikdi. İl ərzində 1-2 belə səviyyəli oyun olur ki, ona görə də heyət qurmaq, yüksək səviyyəli futbolçuları Bakıya gətirmək çətindi. Bu mövzuya dəfələrlə toxunmuşuq. Bəli, biz mərhələ şansını APOEL-lə oyunlarda itirdik. Necə, hansı şəraitdə - bunu da hamımız gördük.
 


"Sevilya”nın oyundan öncə keçirdiyi işıq şousunu hazırlamaq üçün bizdə PFL kubokun finalından iki ay öncədən hərəkətə keçir. Mən hələ klubları bir kənara qoyuram. Böyümək, inkişaf etmək, çalışmaq lazımdı. 18 yaşlı Brayan Hilin "Qarabağ”a qol vurmasına görə hiddətlənmək, kimisə ələ salmaq yox, "bizdə o əjdahadan niyə yoxdu” sualına cavab tapmaq daha faydalı məşğuliyyətdi. Mənim indiyə qədər səfərlərdə olduğum "Sent Etyen”, PAOK, "Vorskla” ilə oyunlarda "Qarabağ” rəqiblərinə uduzmamışdı, birində heç-heçə edib, ikisində qalib gəlmişdi. Çempionlar Liqasının qrupunda "Roma”ya 0:1 hesabıyla uduzmağımızdan da məyus olmamışdıq. Bu mənada Sevilya səfəri mənim üçün ilk uğursuzluqla yadda qaldı. Gözəl şəhərdən bu cür təəssüratlarla ayrılmaq da çətin idi. Elə ayrılarkan göynəyən boğazımın ağrısını unudub, Sevilyaya meydan oxudum.
 
Səninlə xoş təəssüratlarla ayrıla bilmədik, amma bir gün mütləq görüşəcəyik, salamat qal, işıqforlar şəhəri!

Amal Abuşov, Bakı-Sevilya-Bakı.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR