"Başqa əlacım yoxdu, sığınacaq istəyəcəm" - Çətin günlər keçirən futbol veteranımız

"Neftçi"nin sabiq futbolçusu, SSRİ idman ustası Arzu Mirzəyev çətin günlər keçirir. Sport7.az gəncəli futbol veteranının harda olduğunu, nə işlə məşğul olduğunu öyrənmək üçün özü ilə əlaqə saxladıq. 

Düşdüyü duruma üsyan edən SSRİ idman ustası yaşadığı çətin günlərdən saytımıza bəhs etdi. 

"Gəncədəyəm, qızım. Paralimpiya çempionu Ramil Qasımovun məktəbində futbol müəllimi işləyirəm. AFFA tərəfindən nəinki kömək görmək, heç keçmiş futbolçuları yada salmırlar. Mən danışanda, deyirlər sən futbolu sevmirsən. Necə yani futbolu sevmirəm? Biz futbolda canımızda qoymuşuq. Dizlərim şikəst, belim şikəstdi. Biz keçmiş futbolçuları yaxın buraxmırlar. Oyunlara heç olmasa AFFA nümayəndəsi, inspektor kimi də göndərmirlər. Çünki biz onlara xeyir etmirik. Maklerlər gəlib futbolda nümayəndə işləyirlər. Onlara  futbolu bilməyən, "tupoy" insanlar xeyir edir. Azərbaycanın Pro kateqoriyalı, millidə, Hindistanda işləmiş gəncəli məşqçisi Amerikada "taksovat"lıq edir. Dəfələrlə Azərbaycan çempionu olmuş, ölkə kubokunu qazanmış Mehman Allahverdiyev qalib küçədə, iş vermirlər. Novruz Əzimov qalıb işsiz. Kimin Elxan Məmmədovla münasibəti yaxşıdı, onlara iş verilir". 

Futbol Veteranları İttifaqının (FVİ) sədri Oqtay Abdullayev siyahısıyla AFFA veteranlara yardım edir.  Arzu Mirzəyevdən onunla maraqlandıqlarını, və ya özünün müraciət edib etmədiyini də soruşduq:  "Bu yaxınlarda Oqtayla söhbət etdim. Sizə açıqığını deyəcəm... Dedim "Ay Oqtay müəllim, mən 153 manat maaş alıram. Bu pulla mən necə dolanım?! Danışanda da deyirlər ki, mətbuata danışmayın, yaxşı olacaq". Qızım, mənim 58 yaşım var, 153 manatla mən necə dolanım? Yaxşı ki, "Neftçi" də 85 manat pensiya verir. 

AFFA da bizi yaxın buraxmır. Bütün keçmiş futbolçular qalıb işsiz. 2-3 nəfər var ki, sözümə görə üzr istəyirəm, onları bığdan götürüb saqqala qoyurlar, saqqaldan götürüb bığa yapışdırırlar. Sözün düzünü də deyəndə pis adam olursan. Ki, sən qəzetlərə danışırsan, sənə iş vermirik. Demək, bunlar sözün düzünü deyənə iş vermirlər. Bunlar nə desə biz gərək onu edək, tərifləyəyək, ondan sonra baxsınlar". 

Sabiq futbolçu AFFA-nın veteranlara verdiyi pensiya məsələsinə də toxunub: "Güya, 63 yaşdan sonra pensiya verirlər. UEFA hər il veteranlar üçün pul ayırır. O, pensiyanı da 67-70 yaşda verirlər. Heç olmasa onu vaxtında versinlər. Danışanda veteranların qayğısına qalırıq deyirlər. Hansı veteranın qayğısına qalıblar? Ancaq öləndə gətirib 2000 manat verirlər ki, ölüsünü götürün. O da özlərini reklam etmək üçün. Bu sözləri də deyəndə onların xoşuna gəlmir. 
 


Zəif nəticələr üçün etiraz edəndə deyirlər ki, AFFA çıxıb futbol oynayacaq? O xarici məşqçiləri bəyəm AFFA gətirməyib? 6 il Foqtsu işlətdilər, sonra Prosineçkini gətirdilər. unları gətirən sizsiz də. Milyonlar tökdüz xarici millətlərə. Gəlirlər yalandan heç nə etmirlər gedirlər. Lippert 12-13 ildi Azərbaycanda işləyir. Uşaq futboluna nə edib? Yalandan ayda 25-30 min dollar pul alır, şəxsi şoferi, evi-eşiyi, hər cür şərait yaradıblar onun üçün. Ay qardaş, o 25 mini  25 azərbaycanlıya verib deyib ki, bu sizin inventarınız, hərəniz ildə 2 uşaq yetişdirib verin. Gör onu edərlər. Yox, azərbaycanlıya pul verməzlər axı. 

İllərdi ağrıdı başımız, 
Çox ağardı saçımız...
Ey böyük Allahımız
Bir sənə gümanımız. 

Qızım, biz veteranların günü bax budu. Gəncədə tək mən deyiləm, 12-13 nəfər veteran bu gündədir. 

Keçənlərdə oxudum ki, Azərbaycanın ən gənc milyarderi Elxan Məmmədovdu. Struktur görmürmü, hara baxırlar anlamıram. Əvvəl baş katib idi, təzə vəzifə düzəltdi icraçı vitse prezident oldu. Kimlər ki, bu qərara əl qaldırdı onları yığdı başına. Bircə Fərid Mənsurovdan başqa qalan hamısı əl çalıb əl qaldıranlardı". 

Yaşadığı çətinliklərdən təngə gələn veteran futbolçu ölkədən getməyi belə düşünür: "Bu yaxınlarda mən təşkilata müraciət etdim və dedim ki, mən dolana bilmirəm. Belə olacaqsa, gedib yəhudi konsulluğundan sığınacaq istəyəcəm. 15 dövlət üzrə SSRİ idman ustası mənə Azərbaycanda iş yoxdu. Gedib konsulluğundan önündə dayanıb deyəcəm ki, qardaş mənə iş yoxdu, İsraildə mənə bir iş verin gedim işləyim. Bunu Maşallah Əhmədova da demişəm, Oqtay müəllimə də demişəm. Mənim ayrı əlacım yoxdu". 

Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR